BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində regional gərginliklər, xüsusilə ABŞ-İsrail və İran arasındakı müharibə fonunda ölkəsinin strateji mövqeyini və daxili təhlükəsizlik məsələlərini şərh edib. Dövlət başçısı Türkiyənin heç bir provokasiyaya yol verməyəcəyini və "Terrorçusuz Türkiyə" hədəfinə doğru qətiyyətlə irəlilədiyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan Novruz bayramı bəhanəsi ilə həyata keçirilən təxribatlara toxunaraq, bu cür cəhdlərin qarşısının sərt şəkildə alınacağını bildirib. "Türkiyəni daxil olduğu bu xeyirli yoldan döndərməyə nə təxribatçıların, nə də onların iplərini əlində tutanların gücü çatmayacaq", - deyə o qeyd edib.
Ərdoğan son dövrlər regionu bürüyən münaqişələrin etnik və dini nifaq toxumu səpmək istəyənlərin planı olduğunu diqqətə çatdırıb. O, xüsusilə İrana qarşı tətbiq edilməyə çalışılan "çirkli planların" qarşısının Türkiyənin "Terrorçusuz region" idealı ilə alınacağını ifadə edib:
"Terrorçusuz Türkiyə prosesi necə yarıməsrlik qanlı oyunu pozursa, terrorçusuz region idealımız da türklər, kürdlər, ərəblər və farslar arasına nifaq salmaq istəyənlərin planlarına sədd çəkir."
Prezident Türkiyənin çoxqütblü dünya düzəninə və yeni münaqişə konyunkturasına tam hazır olduğunu vurğulayıb. O, ölkənin hərbi və texnoloji sahədəki uğurlarına diqqət çəkərək, Türkiyənin özünə kifayət edən bir dövlətə çevrildiyini bildirib. İstanbul Hava Limanının rekord göstəricilərini və yerli hərbi sənaye məhsullarını (tank, helikopter, döyüş gəmiləri) buna misal gətirən Ərdoğan, təhlükəsizlik kəmərinin sərhədlərdən kənara çıxarıldığını vurğulayıb.
İran-İsrail müharibəsinin qlobal iqtisadiyyata, o cümlədən neft qiymətlərinə mənfi təsirini yaxından izlədiklərini deyən Ərdoğan, vətəndaşları bu şoklardan qorumaq üçün müxtəlif iqtisadi mexanizmlərin gündəmdə olduğunu açıqlayıb. O, Netanyahunun rəhbərlik etdiyi "qətliam şəbəkəsinin" dərhal dayandırılması üçün beynəlxalq birliyi cəsarətli addımlar atmağa çağırıb.