İranın xarici işlər naziri Əbbas Əraqçi ABŞ nümayəndəsi Stiv Uitkoff ilə telefon danışığı zamanı razılaşma əldə etməyə hazır olduqlarını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.
Məlumata görə, Əraqçi İranın yeni ali rəhbəri Müctəba Xameneinin “məsələnin tezliklə həllinə” dair təsdiqini aldığını bildirib, yeganə şərt Tehranın tələblərinin yerinə yetirilməsidir.
Bildirilir ki, ABŞ-nin digər nümayəndələri, o cümlədən Cared Kuşner telefon danışıqda iştirak edib və bu, danışıqların hələ də davam etdiyini göstərir.
Buna baxmayaraq, tərəflər arasında fikir ayrılıqlarının hələ də əhəmiyyətli olduğu vurğulanır və qeyd edilir ki, İsrail danışıqlarda iştirak etməyib və bu məlumatı digər mənbələrdən öyrənib.
Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında bildirib ki,
Yaxın Şərqdə vəziyyətin gedərək gərginləşməsi fonunda danışıqların aparılması həyati əhəmiyyət daşıyır:
“Tramp İranla danışdığını və İranın bir sıra şərtlərlə razılaşdığını, o cümlədən heç vaxt nüvə silahına malik olmayacağını bəyan etdi. Bu haqda məlumatı onun İranın enerji infrastrukturuna dağıdıcı zərbə vurmaq üçün ayırdığı 48 saat müddətinin tamamında bəyan etməsi diqqət çəkir. Başqa sözlə, ABŞ ya bu hücumu etməli idi, ya da sözdə də olsa “danışıqlar baş tutur” mesajı verilməli idi. Halbuki İran rəsmiləri belə bir danışığın baş tutmadığını bildirir, xəbəri təkzib edir. Tramp danışıqlar üçün “vaxt uzadaraq” əlavə 5 gün də verib. Çünki İran müvafiq zərbələrə məruz qalarsa, Körfəz ölkələrinin enerji infrastrukturuna, o cümlədən su infrastrukturuna dağıdıcı cavab zərbələri endirmək təhdidini səsləndirib. Odur ki, ərəb ölkələri danışıqların aparılmasında maraqlıdırlar. Pakistanda iki formatda - Araqçi-Uitkof, yaxud Qalibaf-Uitkof və Kuşner arasında danışıqların tezliklə baş tutacağı deyilir. Lakin digər tərəfdən ərəb dövlətlərinin, xüsusilə Səudiyyə, BƏƏ, Küveyt və Qətərin ABŞ-ın İrana qarşı hərbi hücumlarına qoşulması ehtimalları da var. ABŞ bölgəyə əlavə qüvvələr daşıyır. Pentagon Konqresdən İran müharibəsi üçün əlavə 200 milyard dolların təsdiqlənməsini tələb edib”.
Ş.Cəlilzadə diqqətə çatdırıb ki, ərəb ölkələri BMT-də Hörmüz boğazı ətrafındakı vəziyyətə müdaxilə üçün qətnamə təşəbbüsü ilə çıxış etməkdədirlər: “Bu təşəbbüsə qarşı Rusiya və Çinin qarşı çıxması halında belə, İrana qarşı koalision güclər yaradıla bilər. Necə ki, İrana qarşı beynəlxalq sanksiyalar adı çəkilən iki ölkənin vetosuna baxmayaraq ötən ilin sentyabrında qəbul olunmuşdu. Beləliklə, əgər danışıqlar uğurla bitərsə bu, İrana qarşı iqtisadi sanksiyaların götürülməsi və dağıntıların bərpasına yardım - kompensasiya kimi şərtlərinin qəbul olunması demək olacaq və bu fonda biz İranın regional proksi güclərlə təsir imkanlarının əvəzində iqtisadi imkanlar qazandığını görə bilərik. Əgər danışıqlar uğursuz olarsa, böyük ehtimal budur ki, tərəflər bir-birinin şərtlərini qəbul etməyəcəklər, o zaman müharibənin daha da genişlənməsi qaçınılmazdır”.
Nigar Həsənli
Musavat.com