AZ

Paşinyandan şok qərar: Qarabağ müharibəsi veteranlarını…

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına verilmiş bütün dövlət təltiflərinin və medalların geri alınması barədə qərar hazırlayır. Türkiyənin “dikgazete.com” saytının yaydığı məlumata görə, bu addım ölkənin hərbi-siyasi kursunda köklü dəyişikliyin göstəricisidir.

KONKRET.az xəbər verir ki, qərar Azərbaycan torpaqlarının işğalı dövründə döyüş əməliyyatlarına görə fərqlənmiş veteranlardan orden və medalların tamamilə müsadirə edilməsini nəzərdə tutur. Bununla yanaşı, həmin kateqoriyadan olan vətəndaşlar üçün nəzərdə tutulan sosial güzəşt və ödənişlərin mərhələli şəkildə ixtisarı planlaşdırılır. Məlumata görə, 2027-ci ilin yanvarına qədər erməni veteranlar üçün bütün xüsusi imtiyazlar tamamilə ləğv edilməlidir.

Baş verənlər Paşinyanın son illərdə yürütdüyü siyasi xəttin məntiqi davamıdır. Ermənistanın Müstəqillik Bəyannaməsinin 35 illiyinə həsr olunmuş müraciətində Baş nazir Qarabağa olan iddiaları “sovet modeli vətənpərvərliyi”nin məhsulu adlandırıb və bildirib ki, Ermənistan real müstəqilliyə yalnız indi – Azərbaycanla münasibətlərin normallaşmasından sonra nail olub.

Paşinyan parlamentdəki çıxışında “Qarabağ hərəkatı”nı Ermənistan dövlətçiliyinin gələcəyi və Azərbaycanla sülh yolunda əsas maneə kimi qiymətləndirərək, bu prosesə son qoymağın vacibliyini vurğulayıb. Onun fikrincə, bu hərəkatın davam etdirilməsi Ermənistanın bir dövlət kimi mövcudluğuna birbaşa təhlükə yaradır.

Qeyd edək ki, Paşinyanın bu yeni siyasəti hərbçilər və veteranlar arasında ciddi narazılıqla qarşılanır. Erməni mediası yazır ki, mükafatların geri alınması və güzəştlərin ləğvi cəmiyyətdə parçalanmanı daha da dərinləşdirə bilər. Artıq veteranlar Paşinyanın bu bəyanatlarının onların apardığı mübarizənin mənasını heçə endirdiyini açıq şəkildə bəyan edirlər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
39
konkret.az

1Mənbələr