İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçi axtarışını davam etdirsə də, hələlik konkret addım atmayıb.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi yay aylarında daimi baş məşqçi təyinatı ilə bağlı tələskən qərar vermək istəmir. Hazırda heç bir namizədlə rəsmi danışıqlara başlanılmadığı bildirilir.
Məlumata görə, mövsümün sonuna qədər vəziyyət diqqətlə izləniləcək və bundan sonra yekun qərar veriləcək. Xüsusilə komandanın nəticələri rəhbərliyin seçimində həlledici rol oynayacaq.
Bildirilir ki, əgər “Mançester Yunayted” mövsümün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazansa, Maykl Kerrik klubda qalacaq. Bu halda klubun başqa variantlara yönəlməsi çətinləşəcək.
Hazırkı mərhələdə isə rəhbərlik bütün ehtimalları dəyərləndirir və qərar vermək üçün mövsümün bitməsini gözləyir.