AZ

Brüssel Avropanın ən çirkli paytaxtlarından biri kimi tənqid olunur

Brüssel, 24 mart, AZƏRTAC

Belçikanın paytaxtı Brüssel artan tənqidlər fonunda Avropanın ən çirkli şəhərlərindən biri kimi gündəmdə qalır. Yerli sakinlər və ekspertlər şəhərdə tullantıların idarə olunması və küçə təmizliyinin ciddi problemlər yaratdığını bildirirlər. Bu barədə “Brussels Times” portalı yazır.

AZƏRTAC xəbər verir ki, məlumata görə, şəhərdə zibil torbalarının küçələrdə uzun müddət qalması adi hal alıb. Bu vəziyyət həm estetik görüntüyə, həm də sanitariya şəraitinə mənfi təsir göstərir. Təmizlik işlərinə cavabdeh qurumların fəaliyyətinə baxmayaraq, problemlər hələ də tam aradan qaldırılmayıb.

Ekspertlər vəziyyəti idarəetmənin parçalanmış strukturu ilə əlaqələndirirlər. Brüsseldə müxtəlif bələdiyyələrin və regional qurumların paralel fəaliyyət göstərməsi koordinasiya problemlərinə səbəb olur. Bu isə təmizlik siyasətinin effektivliyini azaldır. Bununla yanaşı, əhali sıxlığı, turizm axını və sosial problemlər də vəziyyəti ağırlaşdıran əsas amillər kimi göstərilir. Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün kompleks yanaşma və daha effektiv idarəetmə mexanizmləri tələb olunur. 

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Brüssel

Seçilən
34
3
azertag.az

4Mənbələr