AZ

Deputatdan Zaxarovaya SƏRT XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən mövzuyla heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırıb. Məsələ ölkəmizdə sərt reaksiyalara səbəb olub.

Musavat.com bildirir ki, millət vəkili Ceyhun Məmmədov Zaxarovanın bu addımını Azərbaycana qarşı növbəti hədyanlıq adlandırıb:

"Bu cür yanaşma qəti şəkildə qəbuledilməzdir və Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə, eləcə də Azərbaycan xalqına qarşı açıq hörmətsizlik kimi qiymətləndirilməlidir. Mövzu ilə əlaqəsi olmayan formada belə bir adın çəkilməsi nə diplomatik etikaya, nə də beynəlxalq münasibətlərdə qəbul olunmuş davranış normalarına uyğun gəlir.

Diplomatik münasibətlər qarşılıqlı hörmət, məsuliyyət və peşəkarlıq prinsipləri əsasında qurulmalıdır. Rəsmi şəxslərin açıqlamaları dövlətlərarası münasibətlərin inkişafına xidmət etməli olduğu halda, bu kimi qeyri-məqbul ifadələr əksinə, etimadı zədələyir və gərginlik yaradır. Bu addım doğru deyil və qətiliklə qəbul edilə bilməz".

ceyhun.jpg

Millət vəkili qeyd edib ki, Rusiya tərəfi səsləndirilən fikirlərlə bağlı aydın və əsaslandırılmış izahat verməli, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün məsuliyyətli mövqe ortaya qoymalıdır:

"Azərbaycan öz milli dəyərlərinə, tarixi şəxsiyyətlərinə və dövlətçilik irsinə yönəlmiş istənilən hörmətsiz yanaşmaya qarşı hər zaman prinsipial və qəti mövqe nümayiş etdirəcəkdir".

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələyə dərhal reaksiya verib, Rusiya tərəfindən izahat tələb olunub.

Xalidə Gəray
Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr