AZ

İranın Azərbaycana barışmaz münasibəti - FOTO - II HİSSƏ

Azərbaycan siyasi dönəminin ən kritik vaxtında Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011"in qalibi oldu.  

Bakı «Eurovision-2012» müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etdi və 2012-ci il 22-26 mayda  baş tutacaq tədbirə hazırlıqlar başlanıldı.

Beynəlxalq səviyyəli tədbirlərini, mədəni və idman yarışlarının Bakıda keçirilməsi on minlərlə xarici vətəndaşın Azərbaycandakı reallıqları əyani şəkildə görməsinə imkan yaradacağının  ümidindəydik. Televiziya vasitəsilə milyonlarla tamaşaçıda da Azərbaycan barədə real təsəvvür formalaşacaqdı. Bu tədbirin keçirilməsi ilə Azərbaycan özünün dini tolerantlığını, müstəqil və sülhsevər ölkə olduğunu, inkişafının reallıqlarını beynəlxalq aləmə bir daha göstərə biləcəkdi. Ermənistan, İran və Rusiya mediasının Azərbaycan  haqqında tirajladığı yalanlar məhz belə beynəlxalq tədbirlər sayəsində üzə çıxacaqdı.

Baxmayaraq ki, bu hadisədən 2 il əvvəl İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami məlumat vermişdi ki, ölkəsi Azərbaycanda müasir tipli klinika inşa edəcək, amma Bakıda beynəlxalq tədbirin olması xəbərindən sonra İranın Azərbaycana olan münasibəti tamamilə  dəyişdi.  

O ərəfədə səfir Bəhrami də məsləhətləşmələr üçün Tehrana çağırıldı və  uzun müddət geri qayıtmadı. Üstəlik ”Eurovision-2012" mahnı yarışmasının Bakıda keçirilməsinə etiraz olaraq  8 mayda Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyaları təşkil  edildi. Təbrizin imam-cüməsi ayətullah Möhsün Müctəhid Şəbüstəri Təbrizdəki konsulumuzla görüşündə dedi ki, rəsmi Bakı “gey-parad”ın  və yaxud “Evrovision-2012” tədbirinin keçirilməyəcəyini bəyan edəcəyi halda aksiyalar dayandırılacaq...”

Burada bir nüansı da xatırlatmaq yerinə düşər ki, üzdəniraqların beynəlxalq LGBT təşkilatı tərəfindən Bakıda mayın 22-26-da “gey-parad” keçiriləcəyi barədə məlumatların  təxribat xarakterli olduğu məlum idi. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində “Bakı gey-paradı” mövzusunu ilk olaraq ermənilərə aid beynəlxalq AGLA (Armenian Gays and Lesbians Association – Erməni Gey və Lesbiyan Assosiasiyası) təşkilatının rəhbərləri Aleks Sərkisyan və Mixail Yəqliyan rəhbərlik müzakirəyə çıxarıb. “Bakıda gey-parad” təxribatı aksiyası 1998-ci ildə yaranan və erməni diasporunun aparıcı qüvvəsi olan AGLA və Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirib. Baxmayaraq ki, WikiLeaks-in ABŞ diplomatlarının məlumatına əsasən yazdığı kimi, 2012-ci illərdə Ermənistan ordusunda 1000 nəfərdən artıq “mavi” (üzdəniraq) zabit var idi. Qeyri-rəsmi göstəricilərə görə, Ermənistanda “mavi”lərin sayı o dönəmdə 10 mindən artıq idi, amma... 

İran erməni “mavi”ləri bağrına basdığı, onlara regionda nəfəslik rolu oynadığı halda  saxta bir məlumata görə rəsmi Bakını hədələməsi  məsələnin kökünün  daha dərinlərdə olduğuna sübut idi. İranın bu hərəkətləri Azərbaycanın dindar vətəndaşlarında dövlətə qarşı inamsızlıq yaratmaq məqsədi daşıyırdı və 40 milyonluq cənublu qardaşlarımızla aramızda uçurum yaratmağa hesablanırdı.

Bunun müqabilində rəsmi Bakı Cənubi Azərbaycandakı soydaşlarımızın insan haqlarını, ana dilində təhsil almaq və digər məsələlərini beynəlxalq tribunalarda qaldırdığı halda bu  başqa dövlətin daxili işlərinə qarışmaq hesab edilərsə, bəs İranın  tələbləri nə hesab edilə bilərdi? 

İranın Azərbaycana azərbaycanlıların əli ilə zərbə vurmaq istəyi

Azərbaycana qarşı növbəti mitinq  12 mayda keçirildi. Çünki mayın 11-də Təbrizin cümə namazında çıxış edən M.Şəbüstəri demişdi ki, dünya zülmkarları gündən-günə zəiflədiyi bir halda çox təəccüblüdür ki, bəzi müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası və Əfqanıstan özlərini dünya zülmkarlarının tələsinə salır, islama zidd fəaliyyət göstərir, onlarla təslimçi müqavilələr bağlayaraq islam dünyasının nifrətini qazanırlar.

Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycanın bu kimi islama zidd əməllərini kəskin pisləyəcək”.

Azərbaycanın Təbrizdəki baş konsulu cənab Əli Əlizadə Şəbüstəri ilə görüşür və ondan aksiyanın keçirilməməsi xahişini edir. Təbrizin imam cüməsi isə onun cavabında deyir: “Əgər Azərbaycan dövləti bu gün axşama qədər rəsmi bir bəyanatla gey-paradın keçirilməyəcəyini təsdiq edərsə, biz xalqdan istəyəcəyik ki, aksiya və piket keçirməsinlər”.

Beləliklə, dediyindən dönməyən mollakratiya rejimi 12 mayda Azərbaycan dövlətinə qarşı təşkil edilmiş  10 mindən yuxarı cəmiyyət, o cümlədən universitet müəllim və tələbələri, incəsənət və mədəniyyət xadimləri, fəhlələr və ruhanilər aksiyada nifrət dolu şüarlarla iştirak etdilər.

Bəli bu “Eurovision”dan istifadə edərək İranın Azərbaycana təzyiq etmək fikrinə düşməsidir və İranın artıq  hədə dilinə keçməyə başlamasıydı. Hətta tədbir zamanı təxribat və terrorun ola biləcəyi haqqında adı açıqlanmayan SEPAH generallarının təhdidləri də gündəmi zəbt etmişdi. 

Bundan əlavə isə, aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gedən və  mayın 2-dən azərbaycanlı iki gənc şair Şəhriyar Hacızadə və Fərid Hüseyn Təbrizdə mülki geyimli şəxslər tərəfindən saxlanıldı. Xüsusi dəvətlə İrana gedən şairlər guya “festivalda iştirak etmək üçün icazə kağızı almadığı üçün” İranda 3 aydan çox həbsdə qaldılar.

İranın Azərbaycana nifrətinin səbəblərindən danışan tanınmış siyasətçi mərhum Vəfa Quluzadə çıxışlarında deyir ki, Azərbaycanın İrandan heç bir siyasi təmənnası olmadığı halda İranın təmənnası var: “İran Azərbaycana öz ideologiyasını açıq-aşkar surətdə eksport edir. İran Azərbaycanı dini dövlət qurmağa çağırır və İslam inqilabı ilə hədələyir. Azərbaycan öz müstəqilliyini və öz dövlət quruluşunu qorumalı, xaricdən başqa dövlət quruluşu eksportunun qarşısını almalıdır. İran da bundan əsəbiləşməməlidir. Tehran başa düşməlidir ki, Azərbaycan dünyəvi dövlətdir. Heydər Əliyevin vaxtında konstitusiya qəbul olunanda İran arzu etmişdi ki, orada ”Azərbaycan İslam dövlətidir" yazılsın. Ancaq onda biz bunu qəbul etmədik, İran da çox incidi. Bunun özü İranın bizdən nə istədiyini göstərən dəlildir. İran böyük dövlətdir və onun ideologiyasının Azərbaycana yayılmasının böyük təhlükəsi ola bilər".

Seçilən
55
1
moderator.az

2Mənbələr