Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova çıxış etdiyi klubun nəticələrindən danışıb. “Panionios” voleybol üzrə Yunanıstan Superkubokunu və ölkə kubokunu qazandıqdan sonra bütün diqqətini çempionatın medallarına yönəldib.
İdman.Biz xəbər verir ki, azərbaycanlı hücumçunun aparıcı rol oynadığı komanda müntəzəm mövsümü üçüncü pillədə başa vurub. Birinci yeri “Panatinaikos”, ikinci yeri isə “Olimpiakos” tutub. Pley-offun ilk mərhələsində “Panionios” çempionatın altıncı komandası AEK ilə qarşılaşacaq. Bu isə komandanın uğurlu start üçün yaxşı şanslarının olduğunu göstərir.
Polina Rəhimova İdman.Biz-ə açıqlamasında bildirib ki, bu mövsüm “Panionios” bütün cəbhələrdə uğurlu çıxış edir:
“Rəhbərlik qarşımıza dörd mümkün titul qazanmaq vəzifəsi qoymuşdu. Onlardan ikisini artıq əldə etmişik, “Çelenc” kubokunda isə yarımfinala qədər irəlilədik və “Panatinaikos”a uduzduq. Həmin oyunlar çətin dövrə təsadüf etdi – komandada məşqçi dəyişikliyi baş verdi. İndi əsas məqsədimiz çempionatın qızıl medalları uğrunda mübarizədir”.
O, komandanın uğurunun əsas səbəblərindən də danışıb:
“Heyətdə çox təcrübəli oyunçular toplanıb, onların bir çoxunun yaşı 30-dan yuxarıdır. Kapitanımızın 38 yaşı var. Karyeramızda çox şey görmüşük və bu, oyun zamanı çətin anlarda diqqəti qorumağa kömək edir. Düşünürəm ki, uğurumuzun əsas səbəbi də budur. Üstəlik, Yunanıstan liqasının səviyyəsi xeyli artıb, burada çox sayda tanınmış oyunçular çıxış edir”.
Rəhimova son illərdə karyerasının uğurlu keçdiyini də vurğulayıb:
“Mən “Osasko”nun heyətində Braziliya çempionu oldum, ölkə kubokunu qazandım, indi isə Yunanıstanda uğurlarımı davam etdirirəm. Nə qədər yüksək səviyyədə oynayacağımı bilmirəm – karyeram artıq sona yaxınlaşır. Buna görə də yüksək səviyyəni qoruyub komandalarıma fayda vermək mənim üçün xüsusilə xoşdur”.
Voleybolçu Avropa çempionatını da diqqətdə saxladığını qeyd edib:
“Millinin xəbərlərini izləyirəm, Superliqanın nəticələrindən də xəbərdaram. Ev sahibliyi edəcəyimiz Avropa çempionatında hansı heyətlə çıxış edəcəyimiz maraqlıdır”.
Zəki Feyzullayev
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.