AZ

Emin Kürdov: "Mövsümün əvvəlində itirilən xallar bu gün bizə baha başa gəlir"

Mövsümün əvvəlində itirlən xallar "Araz-Naxçıvan"a baha başa gəlib.

Bu barədə "Far.Az"a açıqlamasında Naxçıvan komandasının kapitanı Emin Kürdov deyib.

O, mövsümün əvvəlində xal itkiləri ilə üzləşdiklərini deyib:

"Çempionatın startında "Baku Fire" ilə heç-heçə (2:2) edib, "Neftçi"yə məğlub (2:5) olduq. Təəssüf ki, həmin dövrdə itirdiyimiz 5 xal bu gün bizə baha başa gəlir və artıq səhv etmək şansımız qalmayıb".

Təcrübəli qolkiper çempionatın ilk matçlarında heyətdə yer almamasının səbəbi ilə bağlı sualı da cavablandırıb:

"Baş məşqçi potensialıma, təcrübəmə yaxşı bələd idi və keçənilki çempionluqda böyük payım olduğunu bildirərək digər qapıçını yoxlamaq istəmişdi".

Qapıçı əsas rəqiblərindən olan "Neftçi" İK-nın gücləndiyini xüsusi vurğulayıb:

"İkinci dövrədə rəqibi 5:4 hesabı ilə məğlub etdik, lakin sonuncu qarşılaşmada bəxt amili də rol oynadı. Hesabda öndə olsaq da, ani səhvlər və avtoqol vəziyyəti dəyişdi. Sonda riskə gedib beşinci oyunçu ilə hücum edərkən boş qapımızda dördüncü topu gördük. Etiraf etmək lazımdır ki, "Neftçi" İK hazırda çox güclüdür, heyətində 6 braziliyalı legioner var və onları zəif rəqib hesab etmək olmaz".

Sonda çempionluq yarışına toxunan milli üzvü nikbinliyi qoruduqlarını bildirib:

"Keçən il bundan da çətin vəziyyətdə olsaq da, çempionluğu bayram etdik. Hazırda hər şey öz əlimizdədir, kimsənin nəticəsindən asılı deyilik. Meydana çıxıb qələbələri sıralamalıyıq. Məqsədimiz 20-ci dəfə Azərbaycan çempionu tituluna sahib çıxmaqdır".

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının XV turunda baş tutan "Araz-Naxçıvan" – "Neftçi" İK matçında Bakı klubu 4:2 hesabı ilə qələbə qazanıb.

Seçilən
46
2
far.az

3Mənbələr