AZ

Bakıda tanınmış fotoqrafın evi yandı



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə KİV-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145kv.m. olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115kv.m sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3kv.m sahədə deformasiya edib.

Bitişik tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

KİV-in yaydığı xəbərə görə, yanan ev Bakıda tanınmış fotoqraf Orxan Aslanovun olub. O, bu barədə o, şəxsi "Instagram" hesabında da paylaşım edib.

Fotoqraf qeyd edib ki, hadisə səhərə yaxın qeydə alınıb.

“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, - Aslanov paylaşımında əlavə edib.

ZÜMRÜD

Seçilən
30
baki-xeber.com

1Mənbələr