AZ

“Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, dolanışıq yaxşı olsun” » AzadMedia.az


Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı müəssisənin əməkdaşları ilə görüşərək çıxış edib:

- Təbrik edirəm. Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik.

Əlbəttə ki, burada iş şəraiti də çox gözəldir. Xüsusi deyə bilərəm ki, bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Bir daha qeyd etmək istəyirəm ki, Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.

Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.

Bu bayram günlərində belə müəssisənin açılışı əlbəttə ki, böyük rəmzi məna daşıyır. Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır.

Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.

Müəssisənin əməkdaşları: Çox sağ olun.
Seçilən
60
8
azadmedia.az

10Mənbələr