AZ

“Qarabağ”ın keçmiş hücumçusu: “Ən tənbəl, ən dalaşqan və ən simic futbolçu” - MÜSAHİBƏ

“Ramal Hüseynovun heç vaxt cibində pulu qalmırdı. Bu gün maaşı alırdı, səhərə pulu qalmadığı vaxtlar olurdu”.

Bunu “Qarabağ”ın keçmiş hücumçusu Samir Musayev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Karyeranız ərzində birgə oynadığınız futbolçulardan ən istedadlısı kim olub?

– Mənə görə, Ruslan Musayev və Renat Abdaşov Azərbaycanda yerli futbolçular arasında ən potensiallı oyunçular olublar. Əfsuslar olsun ki, zədə Renatın, başqa amillər isə Ruslanın karyerasının qarşısını aldı.

– Birgə oynadığınız futbolçulardan ən çalışqanı kim olub?

– Aslan Kərimov. Mən indiyə kimi ən çalışqan və intizamlı futbolçu kimi Aslanı görmüşəm. Bu adam məşq etməkdən yorulmurdu. Bütün işlərini də maksimal səviyyədə görürdü. Hələ də elə çalışqan futbolçu görməmişəm.

– Birgə oynadığınız ən tənbəl futbolçu…

– Elçin Rəhmanov. Onunla ən çox gənc vaxtlarımda yığma komandalarda bir yerdə oynadım. Qaçmaqla heç arası yox idi (gülür). Amma çox texnikalı idi.

– Keçmiş komanda yoldaşlarınız arasında ən ciddisi, zəhmlisi kim olub?

– Yenə Aslan Kərimovun adını çəkəcəm. Aslan çalışqan olmasından əlavə məşqlərdə çox ciddi idi. Gənc futbolçular ondan çəkinirdilər və məşqə ciddi yanaşmağa məcbur olurdular.

– Birgə oynadığınız ən zarafatcıl futbolçu…

– Mübariz Orucovla bir yerdə oynamaq çox maraqlı idi. O, yanımızda olanda heç vaxt darıxmırdıq. Atmacalı sözləri, zarafatları ilə həmişə bizi güldürürdü.

– Bir yerdə oynadığınız futbolçulardan ən dalaşqanı kim idi?

– Ramal Hüseynov. Onun xarakteri elə idi. Bəlkə də, oynadığı komandalarda ən çox qırmızı vərəqə alan futbolçu olub. Elə olurdu ki, “qırmızı” alırdı, iki oyun buraxırdı və qayıdanda bir də “qırmızı” alırdı. Rəqib oyunçu ilə, hakimlə dalaşırdı.

– Sabiq komanda yoldaşlarınız arasında ən çox pul xərcləyən, yəni bədxərc kim olub?

– Ramal Hüseynovun heç vaxt cibində pulu qalmırdı. Bu gün maaşı alırdı, səhərə pulu qalmadığı vaxtlar olurdu. Pulu hara gəldi xərcləyirdi. Bir də Namiq Həsənov çox bədxərc idi.

– Bəs birgə oynadığınız ən simic futbolçu…

– Sergey Sokolov. Bir yerdə oynadığımız müddətdə onun pul xərclədiyini görmədim. Bəlkə də hamısını evinə göndərirdi, ona görə pulu qalmırdı. Digər legionerlər nəyəsə pul xərcləyirdi, Sokolov isə yox.

– Birgə oynadığın futbolçulardan ən savadlısı kim olub?

– Cahangir Həsənzadə futbolçu vaxtından çox savadlıdır. O vaxt mobil telefon, planşet-filan yox idi. Amma Cahangir yenə də oxumaqla məşğul idi.

– Sabiq komanda yoldaşların arasında ən çox kim yalan danışırdı?

– Namiq Həsənov. Onunla çox yaxınıq. Futbol oynadığımız vaxtlarda Namiqin iki sözündən biri yalan idi (gülür). Əlbəttə, sonra onu zarafata çevirirdi. Ancaq yenə də dediklərinə inanmaq çətin idi.

İdman.Biz
Seçilən
35
1
idman.biz

2Mənbələr