AZ

“Atam dünyasını dəyişəndə tək qaldım, nazirlikdən dedilər ki, Fəxri Xiyabanda dəfn edə bilmərik...” - FOTO+ÖZƏL

“Fevral və mart ayları mənim üçün çox ağırdır. Çünki atam 1914-cü ilin mart ayında doğulub, 1983-cü ilin fevralında isə dünyasını dəyişib. Atam vəsiyyətinə uyğun başdaşı və şəkil olmayan məzarda dəfn olundu. Çünki o hansısa xarici ölkədə gedib görmüşdü ki, onların məşhur sənətkarlarının baş daşı sadədir, şəkili də yoxdur. Ona görə də biz onun vəsiyyətini yerinə yetirdik. Bu bir yandan atamın öz vəsiyyəti idi, digər tərəfdən isə mənə nazirlikdən köməklik etmədilər. Mən müraciət etdim və müraciətimə uyğun dedilər ki, “biz onun Fəxri Xiyabanda dəfn olunmasına köməklik edə bilmərik”. Mən də dedim ki, kömək edə bilmirsiz etməyin də. Gənc Tamaşaçılar teatrından da heç kim, əsasən də teatrın rəhbərliyi aidiyyatı qurumlara demədi. Kiminsə adamı var idi, kimisə tapşırırdılar amma bizim belə adamımız yox idi. Mən tək idim. Atamı həm dövlət başçısı, həm də xalqımız, ələxsus da o vaxtın uşaqları sevirdi”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, uşaqların sevimli “Xoruz baba”-sı Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.
O daha sonra əlavə edib:
 
“Ümummilli lider Heydər Əliyev atama böyük diqqət və qayğı göstərirdi. Siz bilirsiniz ki, Heydər Əliyev hər zaman konsertdən, tamaşadan sonra kulis arxasına keçib, sənətkarları tək-tək təbrik edərdi. Bir dəfə də sarayda konsert proqramı olub və biliblər ki, o gələcək. Sənətkarlar atama deyiblər ki, bizim xoş sözlərimizi Heydər Əliyevə sən çatdır və bizim adımızdan sən çıxış et. Atam “cənab prezident” deyib sözə başlayıb, sənətkarların təşəkkürünü ona çatdırmaq istəyib... Ulu Öndər onun sözünü kəsib və deyib ki, “Mən ölkənin prezidentiyəm, uşaqların prezidenti isə sənsən”. Atam Ulu Öndərin bu sözlərindən sonra uzun müddət sevincdən özünə gələ bilmirdi”.
 
Tamilla xanım atası ilə bağlı arzularından da danışıb:
“Əlbəttə ki, belə sənətkarları yaddan çıxarmaq olmaz. Nazirlik çalışmalıdır ki, filmlərlə, tamaşalarla, yubileylərlə görkəmli sənətkarları yad etsin. Çünki yetişən gənc nəsil çox unutqandırlar. Onlar sənətkarları tanımırlar. İnternet əsridir, bəlkə elə sosial şəbəkələrdə bu cür tanıtım videoları yayımlamaq lazımdır. Bir onu bilirəm ki, təbliğat lazımdır. Atamı əsasən orta və yaşlı insanlar tanıyır”, - deyə sənətkarın qızı bildirib.
Seçilən
73
moderator.az

1Mənbələr