AZ

Tramp İranla kifayətlənmir Kuba planı gündəmdə

Olke.az saytına istinadən ain.az xəbər verir.

ABŞ və Kuba arasında danışıqlar fonunda Trampın sərt bəyanatları vəziyyəti daha da gərginləşdirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə CNN saytında təhlil yazısı (müəllif Patrik Oppman) dərc olunub.

Məqalədə bildirilir ki, ABŞ prezidenti Donald Tramp Kubanın ağır iqtisadi vəziyyətə düşdüyünü əsas gətirərək bu ölkənin razılaşmaya məcbur olacağını düşünür:

“Onların enerjisi yoxdur, pulları yoxdur, ciddi problemləri var”.

CNN qeyd edir ki, Kuba hazırda 1962-ci il raket böhranından bəri ən ciddi təzyiq altındadır. ABŞ-nin tətbiq etdiyi blokada, xüsusilə Venesuela üzərindən neft tədarükünün kəsilməsi ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb.

ABŞ dövlət katibi Marko Rubio Havana ilə danışıqlara rəhbərlik edir. Məlumata əsasən, Rubio bu qarşıdurmaya illərdir hazırlaşır və Kuba hakimiyyətinin dəyişdirilməsini açıq şəkildə dəstəkləyir.

Kuba prezidenti Migel Dias-Kanel əvvəlcə ABŞ-yə heç bir güzəştə getməyəcəyini bəyan etsə də, vəziyyətin ağırlaşması fonunda hökumət danışıqların aparıldığını təsdiqləyib.

Bu çərçivədə Kuba:

- 51 məhbusu azad edib

- xaricdə yaşayan kubalılara investisiya imkanları verən məhdud islahatlar elan edib

Lakin Trampın növbəti açıqlaması vəziyyəti yenidən dəyişib. O, Ağ Evdə Rubio ilə birlikdə çıxışında deyib:

“Mən Kubanı ələ keçirmək şərəfinə nail olacağam. İstəsəm, onu azad edərəm, istəsəm götürərəm – nə istəsəm, edə bilərəm”.

Bu sözlər Havanada sərt reaksiya doğurub. Dias-Kanel sosial şəbəkədə hər hansı xarici müdaxilənin “sarsılmaz müqavimətlə qarşılaşacağını” yazıb.

Kuba rəsmiləri ABŞ-nin ölkə rəhbərliyinin dəyişdirilməsi ilə bağlı tələblərini qəti şəkildə rədd ediblər.

“Kubada kim hakimiyyətdə olacaq, bu məsələ ABŞ ilə müzakirə predmeti deyil”,-deyə ABŞ üzrə baş diplomat Karlos Fernandes de Kossio Dominges bildirib.

Məqalədə diqqət çəkən məqamlardan biri də məşhur musiqiçi Silvio Rodrigesin çıxışıdır. O, ölkənin müdafiəsi üçün silah istədiyini bildirib.

“Mənə AKM verin, hücum olsa, döyüşəcəyəm”, – deyə Rodriges bəyan edib.

CNN qeyd edir ki, Trampın sərt ritorikası əks effekt verərək Kuba daxilində hakimiyyət ətrafında birləşməni gücləndirib.

Eyni zamanda ABŞ-də bəzi ekspertlər – o cümlədən Uilliam Leoqrande bildirir ki, sanksiyalar iqtisadiyyata ciddi zərbə vursa da, Kuba problemlərinin bir hissəsi daxili idarəetmə ilə bağlıdır.

Hazırda tərəflər dialoqu davam etdirməyə hazır olduqlarını desələr də, vəziyyət qeyri-müəyyən qalır. CNN-in qiymətləndirməsinə görə, nə tez razılaşma, nə də açıq münaqişə ssenarisi hələlik tam real görünmür.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
2
olke.az

3Mənbələr