Son həftələrdə sosial şəbəkələrdə yayılan çağırışlar Estoniyada narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, Estoniyada sosial şəbəkələrdə Narva şəhərinin və İda-Virumaa bölgəsinin ölkədən ayrılması ilə bağlı çağırışlar yayılmağa başlayıb.
Məlumata görə, bu məqsədlə yaradılmış hesablar əvvəlcə memlər, şəkillər və zarafat xarakterli paylaşımlar yayımlasa da, sonradan burada Narvanın ayrıca siyasi qurum kimi təqdim edilməsi və “Narva xalq respublikası” ideyasının təşviq edildiyi müəyyən olunub.
Dezinformasiya ilə mübarizə aparan Estoniyanın “Propastop” platforması bu fəaliyyətləri araşdıraraq onların məqsədli şəkildə aparıldığını bildirib.
Estoniyanın Daxili Təhlükəsizlik Xidmətinin nümayəndəsi Marta Tuul hesab edir ki, bu, cəmiyyətdə parçalanma yaratmağa yönəlmiş informasiya əməliyyatıdır. O, belə təşəbbüslərdə iştirakın cinayət məsuliyyəti yarada biləcəyini də vurğulayıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxna isə ictimaiyyəti sakitliyə çağıraraq bildirib:
“Narva Estoniyanın şəhəridir və belə də qalacaq. Bu cür üsulları biz artıq görmüşük – bu, çaşqınlıq yaratmağa yönəlmiş ucuz təxribatdır”.
Rəsmi Tallin baş verənləri Rusiyanın informasiya təsiri çərçivəsində qiymətləndirir.
Musavat.com