Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 18,43 min kVt/saat həcmində elektrik enerjisi idxal edilib.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,2 min ABŞ dolları olub.
Sözügedən ölkədən Azərbaycana elektrik enerjisi ixracı 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə həcm ifadəsində 14,49 min kVt/saat və ya 4,7 dəfə, dəyər ifadəsi ilə isə 0,94 min ABŞ dolları, yaxud 4,6 dəfə artıb.
2026-cı ilin yanvar ayında Azərbaycandan ümumilikdə iki ölkəyə - Rusiya və İran İslam respublikasına 640 min ABŞ dolları dəyərində 13,3 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 7,1 milyon ABŞ dolları və ya 12,1 dəfə, həcm baxımından isə 127,6 milyon kVt/saat və yaxud 10,6 dəfə azdır. İllik müqayisədə həcmin bu qədər azalması hesabat ayı ərzində Gürcüstana elektrik enerjisi ixracının qeydə alınmaması ilə bağlıdır. Belə ki, ötən ilin yanvar ayında Azərbaycandan Gürcüstana 7,3 milyon ABŞ dolları dəyərində 128,7 milyon kVt/saat elektrik enerjisi ixrac edilmişdi.
Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan iki ölkədən – Rusiya və Gürcüstandan 309 min ABŞ dolları dəyərində 7,8 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə dəyər baxımından 19 min ABŞ dolları və ya 6,5% çox, həcm ifadəsində isə 2,9 milyon kVt/saat və ya 27,1% azdır.