AZ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxunun çatışmazlığı demək olar ki, orqanizmin bütün sistemlərinə təsir göstərir – diqqət və yaddaşdan tutmuş, aclıq hormonlarına, maddələr mübadiləsinə və stresslə mübarizə qabiliyyətinə qədər.

Hətta bir neçə gecə pozulmuş yuxu belə sağlamlığa nəzərəçarpacaq təsir edə bilər.

Bizim.Media xəbər verir ki, gərgin günlərdə və emosional yüklənmə dövrlərində bir çox insanlar daha az yatırlar.

Bəzən bu, stressdən, bəzən gecə oyanmaqdan, bəzən isə sadəcə yuxuya getməyin çətin olmasından qaynaqlanır.
 

Yuxusuzluq yalnız səhər yorğunluğu yaratmır – o, demək olar ki, bütün orqanizmə təsir edir. Hətta bir gecə pis yuxu belə bir neçə gün zəiflik yarada bilər.


Bir neçə gecə ardıcıl davam edərsə, bu təsir daha da güclənir. Tədqiqatlar göstərir ki, bu, iştahaya, qanda şəkər səviyyəsinə, beyin fəaliyyətinə, stress reaksiyasına və hətta qarın nahiyəsində piy yığılmasına təsir edir.

Yuxu üzrə tibbi təşkilatların tövsiyələrinə görə, əksər böyüklər hər gecə ən azı 7 saat yatmalıdır. Amma təkcə yuxunun müddəti deyil, keyfiyyəti də vacibdir. Yuxunun fasiləsiz və tez-tez oyanmalar olmadan keçməsi lazımdır.
 

Yalnız bu halda beyin və bədən bərpa üçün vacib olan dərin yuxu və REM (sürətli göz hərəkəti) mərhələlərindən keçə bilir. Əgər yuxu qısa və ya tez-tez bölünürsə, orqanizm uzunmüddətli fizioloji stress vəziyyətinə düşür və mənfi təsirlər yığılmağa başlayır.


Yuxu çatışmazlığı zamanı orqanizmdə baş verən əsas proseslər:

Diqqət və konsentrasiyanın azalması

Hətta bir gecə yarımçıq yuxudan sonra diqqətin zəifləməsi və reaksiyanın ləngiməsi müşahidə olunur. Xüsusilə uzunmüddətli diqqət qabiliyyəti zərər görür.

Yaddaş və qavrama qabiliyyətinin pisləşməsi

Yuxu zamanı beyin məlumatları emal edir və qısa müddətli yaddaşdan uzunmüddətli yaddaşa keçirir. Yuxusuzluq bu prosesi pozur.

Kalori qəbulunun artması

Az yatan insanlar növbəti gün daha çox kalori qəbul edir, xüsusilə axşam və gecə qəlyanaltıları artır.

Aclıq və toxluq hormonlarının pozulması

Yuxusuzluq aclıq hormonu olan qrelinin səviyyəsini artırır və toxluq hormonu leptinin balansını pozur.

Şirin və karbohidratlara meylin artması

Yorğun beyin sürətli enerji mənbəyi axtardığı üçün şəkərli və yağlı qidalara üstünlük verir.

İnsulinə həssaslığın azalması

Cəmi bir həftə kafi yuxu belə insulinə həssaslığı ciddi şəkildə azalda bilər.

Stressə daha güclü reaksiya

Az yatan insanlar daha tez əsəbiləşir və stresslə daha çətin mübarizə aparır.

Qarın nahiyəsində piy yığılması

Uzunmüddətli yuxusuzluq çəki artımı və xüsusilə qarın piylənməsi ilə əlaqəlidir.

Fiziki aktivliyin azalması və əzələlərin bərpasının zəifləməsi

Yuxu çatışmazlığı əzələ zülalının sintezini azaldır və testosteron kimi anabolik hormonların səviyyəsini aşağı salır.

Nəticə:

Hər zaman yuxu müddətini nəzarətdə saxlamaq mümkün olmasa da, ən azı qidalanmaya diqqət etmək və əlavə stressdən qaçmaq vacibdir. İmkan varsa, qısa gündüz yuxusu da kömək edə bilər – bəzən əlavə 1 saat yuxu belə ümumi vəziyyəti xeyli yaxşılaşdırır.

Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr