Rusiyada yeni mübahisəli qanun layihəsi müzakirəyə çıxarılır.
Musavat.com xəbər verir ki, Rusiya hökuməti ölkə vətəndaşlarının xaricdə təqib olunması halında ordunun istifadəsinə icazə verən qanun layihəsi hazırlayıb.
Sənədə əsasən, Rusiya silahlı qüvvələri prezidentin qərarı ilə xaricdə saxlanılan və ya beynəlxalq məhkəmələr tərəfindən təqib olunan şəxslərin müdafiəsi üçün istifadə oluna bilər.
Qanun layihəsinin Dövlət Dumasında prioritet qaydada müzakirəyə çıxarılacağı bildirilir. Spiker Vyaçeslav Volodin konkret olaraq kimlərin müdafiə ediləcəyini açıqlamasa da, Qərbi sərt tənqid edib və “Qərb ədalət sisteminin nüfuzdan düşdüyünü” iddia edib.
Ekspertlər hesab edir ki, bu təşəbbüs ilk növbədə Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) qərarlarına qarşı yönəlib.
Xatırladaq ki, 2023-cü ilin martında MCM Rusiya prezidenti Vladimir Putinin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order vermişdi. Bundan sonra Putin bir sıra ölkələrə səfərlərini məhdudlaşdırıb. O, 2023-cü ildə Cənubi Afrikada keçirilən BRİKS sammitinə və 2025-ci ildə Braziliyada baş tutan tədbirə qatılmayıb. Bununla belə, 2024-cü ildə MCM üzvü olan Monqolustana səfər etsə də, həmin ölkə onu həbs etməyib.
Qanun layihəsi təkcə Putini deyil, digər yüksək vəzifəli şəxsləri də əhatə edə bilər. MCM daha əvvəl müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və bir sıra digər hərbçilər barədə də həbs orderləri verib.
Politoloq Aleksandr Morozov bu təşəbbüsü “təhdid aləti” kimi qiymətləndirərək bildirib ki, belə qanun Avropa ölkələrinə qarşı təzyiq vasitəsinə çevrilə bilər.
Hüquqşünas Yevgeni Smirnov isə layihəni açıq şəkildə “qorxutma aktı” adlandırıb. Onun sözlərinə görə, bu cür norma beynəlxalq hüquq baxımından legitim sayılmasa da, Rusiyanın belə addım atmaq niyyətini rəsmiləşdirir.
Musavat.com