AZ

Gözlərin sağlamlığı üçün vacib olan dərman

Son illərdə alimlər artıq mövcud dərmanların yalnız əsas təyinatı ilə deyil, digər xəstəliklərə mümkün təsirləri ilə də maraqlanırlar. 

Bu istiqamətdə aparılan yeni araşdırmalardan biri diabetin müalicəsində geniş istifadə olunan metforminin göz sağlamlığına təsirini ön plana çıxarıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də Çikaqo Universiteti tərəfindən aparılan tədqiqatın nəticələri Ophthalmology Retina jurnalında dərc olunub.

Araşdırmada əsas diqqət yaşlı insanlar arasında ciddi görmə itkisinə səbəb olan neovaskulyar yaşa bağlı makulyar deqenerasiya üzərində cəmlənib.Bu xəstəlik torlu qişanın mərkəzi hissəsi olan makulanın zədələnməsi ilə ortaya çıxır və zamanla insanın görmə qabiliyyətini zəiflədir.

Xüsusilə neovaskulyar forma yeni və zəif qan damarlarının yaranması ilə müşayiət olunur ki, bu da görmənin sürətlə pisləşməsinə səbəb olur.

Tədqiqat çərçivəsində 2008–2017-ci illəri əhatə edən geniş məlumat bazası analiz edilib.On minlərlə insanın tibbi göstəriciləri müqayisə olunub və nəticədə metformin istifadə edənlərdə xəstəliyin yaranma riskinin daha aşağı olduğu müəyyən edilib. Xüsusilə dərmanı müəyyən ümumi dozada qəbul edən şəxslərdə bu fərq daha aydın hiss olunub.

Bundan əlavə, tip 2 diabet xəstələri arasında aparılan ayrıca təhlil də oxşar nəticələr verib. Metformin qəbul edən diabet xəstələrində də riskin azaldığı müşahidə olunub. Bu təsir xüsusilə diabetik retinopatiya inkişaf etməmiş şəxslərdə daha qabarıq şəkildə qeydə alınıb.

Metformin uzun illərdir qanda şəkərin səviyyəsini tənzimləmək üçün istifadə olunur. O, orqanizmdə insulinə həssaslığı artırır və qaraciyərdə qlükoza istehsalını azaldır. Son araşdırmalar isə onun iltihabəleyhinə və qoruyucu təsirlərinin də ola biləcəyini göstərir ki, bu da göz toxumalarının zədələnməsinin qarşısını müəyyən qədər ala bilər.

Alimlər əldə olunan nəticələrin hələlik ilkin xarakter daşıdığını bildirirlər. Tədqiqat müşahidə əsaslı olduğundan metforminin birbaşa qoruyucu təsir göstərdiyini tam demək mümkün deyil.Bunun üçün daha geniş və klinik sınaqlara əsaslanan araşdırmalara ehtiyac var.

Buna baxmayaraq, nəticələr bu dərmanın gələcəkdə göz xəstəliklərinin profilaktikasında da istifadə perspektivini gündəmə gətirir.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr