AZ

21 yaşlı Arda Gülərdən ŞOK AÇIQLAMALAR – “Saunaya gedirəm, dua edirəm və...”

İspaniyanın “Real Madrid” klubunda çıxış edən türkiyəli ulduz futbolçu Arda Gülər klubun sosial media platformasında yayımlanan “Real Talks” proqramında qonaq olub və azarkeşlərin suallarını cavablandırıb.

Musavat.com-un xəbərinə görə, Arda həm karyera hədəflərindən, həm də gündəlik həyatından danışaraq səmimi açıqlamalar verib.

21 yaşlı futbolçu bildirib ki, komanda yoldaşları ilə münasibətləri çox yaxşıdır:

“Bütün komanda yoldaşlarımla münasibətim çox yaxşıdır. Hamısına böyük hörmətim var və hər gün onlardan yeni şeylər öyrənirəm”.

Arda Gülər qeyd edib ki, “Real Madrid” onu hər sahədə inkişafa vadar edir:

““Real Madrid” məni hər cəhətdən daha yaxşı olmağa təşviq edir. Dünyanın ən yaxşı futbolçularını hər gün izləyərək özümü təkmilləşdirməyə çalışıram”.

Arda uzaq məsafədən vurduğu qol haqqında da danışıb:

“Belə bir qolu vurmaq istəyirdim və daha əvvəl də cəhd etmişdim. Qapıçının öndə olduğunu görəndə zərbə endirdim. Qol vuranda çox xoşbəxt oldum. Bu, oyunun içində ani şəkildə baş verdi, amma əvvəlcədən belə vəziyyətləri təsəvvür edirəm”.

Madrid derbisi barədə isə belə deyib:

““Atletico Madrid”i məğlub etmək üçün əlimizdən gələni edəcəyik. İlk oyunda uduzmuşduq, çempionluq yarışında qalmaq üçün qalib gəlməliyik”.

Arda Gülər matç öncəsi rituallarından da danışıb:

“Oyunlardan əvvəl dua edirəm və özümü psixoloji cəhətdən hazırlayıram. Meydana sağ ayağımla daxil olmağa çalışıram”.

Arda İspaniya barədə isə bunları deyib:

“Düşünürəm ki, İspaniyaya uyğunlaşa bilmişəm. Məncə, İspaniya mədəniyyəti Türkiyəyə çox da uzaq deyil. Hətta deyə bilərəm ki, iki qardaş ölkədir. Ən çox isə “siesta” mədəniyyətini sevirəm. Uşaqlıqdan günorta yatmağı sevdiyim üçün bu mənə çox uyğundur”.

21 yaşlı ulduz xoşladığı yeməklərdən də söz açıb:

“Lahmacun, İskəndər kababı və anamın hazırladığı mantı ən sevdiyim yeməklərdir”.

Arda Gülər gündəlik rejimindən isə belə danışıb:

“Səhər yeməyindən sonra məşqə gedirəm. Məşqdən sonra idman zalında əlavə çalışıram. Fizioterapevtimlə işləyirəm. Evə qayıdanda nahar edirəm və imkan varsa, bir az istirahət edirəm. Axşam yenidən fizioterapevtimlə işləyirəm. Növbəti günə yaxşı hazırlaşa bilmək üçün saunadan istifadə etməyə çalışıram.  Ailəmlə və dostlarımla vaxt keçirirəm”.

Musavat.com

Seçilən
64
2
musavat.com

3Mənbələr