Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xaləddin İbrahimli
Ömür xətti zamanın mexaniki axını deyil. O, zahirdən batinə doğru yönələn bir açılışdır. İlk mərhələ dünyaya doğru genişlənmədirsə, sonrakı mərhələ mənaya doğru yönəlmə və dərinləşmədir. Bu baxımdan qocalıq tənəzzül deyil, istiqamət dəyişikliyidir.
Gənclik xarici aləmin cazibəsinə doğru hərəkətdir: qurmaq, əldə etmək, özünü gerçəkləşdirmək, təsdiqlənmək. Sonrakı mərhələdə isə bu hərəkət tədricən geri dönür. Dünya artıq qarşıda deyil - daxildə qurulmağa başlayır. Burada baş verən dəyişmə bioloji prosesdən daha çox varlıq səviyyəsində baş verən çevrilmədir. Bu mərhələdə zaman hadisələrlə deyil, onların mənalandırılması ilə ölçülür.
Xarici strukturdan daxili struktura
İlk dövrdə varlıq sosial münasibətlər vasitəsilə formalaşır. Status, rol, mövqe və başqalarının baxışı əsas referens nöqtələridir. Şəxsiyyət sanki xaricə açıq bir sistem kimi fəaliyyət göstərir. Zaman keçdikcə bu sistem tədricən qapanır. Enerji xaricdən daxilə yönəlir. Sosial mərkəzdən idrak mərkəzinə doğru hərəkət başlayır.
Gənclik genişlik - qocalıq dərinlikdir.
Gənclik hadisə - qocalıq təfsirdir.
Gənclik iştirak - qocalıq müşahidədir.
Bu dəyişmə prosesi zəifləmə deyil, varlığın daha yüksək təşkilatlanma səviyyəsinə keçididir.
Carl Jung bu mərhələni psixoloji inkişafın həlledici nöqtəsi hesab edir və onu individuasiya kimi təsvir edirdi. Bu prosesdə sosial maskalar tədricən aradan qalxır və daxili mərkəzə yaxınlaşma baş verir. Artıq dialoq toplumla deyil, özünlə qurulur. Bu dialoq sükut içində baş verir. Sükut burada boşluq deyil - daxili məkanın genişliyidir.
Təklik: çatışmazlıq deyil, formadır
Qocalıqla bağlı ən yayğın yanlış təsəvvür təklik ideyasının faciə kimi təqdim olunmasıdır. Halbuki bu yanaşma yalnız sosial mərhələnin prizmasından doğur. Confucius kamilliyi daxili müstəqillik kimi anlayırdı. Bu müstəqillik başqalarının təsdiqindən tədricən azad olmaqla formalaşır. Bu baxımdan təklik boşluq deyil, tamamlanmış varlığın təbii vəziyyətidir.
Tənhalıq və yaxud yalnızlıq ayrılıqdır, təklik isə özünə yaxın olmaqdır. Bu mərhələdə mövcudluq artıq xarici təsdiqə ehtiyac duymur. Varlıq öz əsasını özü daxilində tapır. Bu isə ontoloji avtonomiya vəziyyətidir. Qocalıq - gecikmiş azadlıqdır!
Daxili zənginlik və mənanın quruluşu
Təklik yalnız daxili dünyası kasıb olan üçün dözülməzdir. Daxili həyat inkişaf etdikcə bu hal yaradıcı vəziyyətə çevrilir. Bu vəziyyəti kitabxana metaforası ilə ifadə etmək olar: gənclik kitabların yazıldığı dövrdür - qocalıq isə onların oxunduğu.
Keçmiş artıq xatirələr toplusu kimi deyil, struktur kimi görünür. Hadisələr arasında əlaqələr, səbəb-nəticə xətləri və gizli məntiq üzə çıxır.
Yunqun yanaşmasına görə, bu mərhələdə əsas motiv mənanın axtarışıdır. Bu axtarış psixoloji sabitliyin şərtinə çevrilir. Həyat artıq epizodlar silsiləsi deyil - bütöv sistem kimi dərk olunur. Bu dərk sakitlik yaradır. Bu sakitlik passivlik deyil - tamamlanmanın psixoloji formasıdır.
Hikmət və bütövləşmə
Confucius hikməti ən yüksək keyfiyyət kimi qiymətləndirirdi. Hikmət məlumatın çoxluğu deyil - yaşananların mənalandırılmasıdır. O, zamanın keçməsi ilə deyil anlaşılması ilə yaranır.
Yunqun təsvirində həyatın son mərhələsi bütövləşmə mərhələsidir. Burada keçmiş təsadüfi hadisələr toplusu kimi deyil, vahid trayektoriya kimi görünür. Sanki varlıq öz yoluna uzaq məsafədən baxır.
Bu perspektiv sakitlik gətirir və belə sakitlik boyun əymə deyil. Bu sakitlik ontoloji barışdır - burada dünya tərk edilmir, daxilə köçürülür.
Qocalığın ontologiyas
Doğuluş sosial başlanğıcdır, tamamlanma isə mənəvi hadisədir. Qocalıq sosial funksiyaların azalması ilə müşayiət olunsa da, bu, dəyərin azalması demək deyil. Əksinə, dəyər getdikcə daha çox daxili keyfiyyətlərlə ölçülür.
Gənclik hərəkətdir - yetkinlik mübarizədir. Qocalıq anlayışdır. Bu baxımdan qocalıq son deyil. Bu, fəlsəfi mərhələdir. Bu mərhələ zəifləmə deyil, tamamlanmadır.
Son söz
Qorxunu qocalıq deyil mənasız keçmiş yaradır. Pis və mənasız yaşanmış həyat qocalıqdan qorxur, qaçır. Mənalı yaşanmış həyat isə bu mərhələdə sakitləşir.
Bəlkə də bu nöqtə ömrün sonu deyil... Bəlkə də zirvə məhz buradadır.
Gənclikdə dünya axtarılır. Sonra isə anlaşılır ki, axtarılan hər şey həmişə daxildə olub.
Qocalıq yaşanmaz, yetişdirilər!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.