Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son illərdə Novruzun ən qürurverici məqamlarından biri bayramın işğaldan azad olunmuş torpaqlarda da qeyd olunmasıdır. İllər boyu həsrətlə xatırlanan yurd yerlərində bu gün tonqallar qalanır, bayram şənlikləri keçirilir.
Təbiətin oyanışını, baharın gəlişini və yeni ilin başlanğıcını simvolizə edən Novruz əsrlərdir xalqımızın həyatında xüsusi yer tutur. Novruz təkcə təqvimdə bir gün deyil, insanın daxilən yenilənməsi, ümidlərinin təzələnməsi, gələcəyə daha inamla baxması deməkdir.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bu bayram torpağın nəfəsi, suyun axarı, odun istiliyi və küləyin pıçıltısı ilə gəlir. Hər il eyni duyğularla qarşılanan Novruz yaddaşlarda uşaqlıqdan bu günə uzanan ən isti xatirələri oyadır.
Novruzun nəfəsi öncədən hiss olunmağa başlayır
Novruzun nəfəsi hələ günlər, hətta həftələr öncədən hiss olunmağa başlayır. Mart ayına təsadüfən "Novruz ayı" demirlər. Bu günlərdə hər evdə, hər küçədə bir canlanma olur. Pəncərələr açılır, evlərdə böyük təmizlik başlanır, həyətlər səliqəyə salınır. İnsanlar yalnız evlərini deyil, ürəklərini də təmizləməyə çalışırlar. Köhnə ilin ağırlığı, yığılan yorğunluq, incikliklər sanki bu təmizliklə birlikdə geridə qalır. Hər kəs yeni ilə daha saf, daha təmiz niyyətlə qədəm qoymaq istəyir. Sanki həyatın özü də, insanlar da, bütün dünya da yenilənir, rənglənir, daha işıqlı və ümidli olur.

Novruza aparan yol isə dörd müqəddəs çərşənbədən keçir - Su, Od, Yel və Torpaq çərşənbələri. Torpaq çərşənbəsinə el arasında İlaxır çərşənbə də deyirlər. Bu çərşənbələr insanla təbiətin harmoniyasını əks etdirir. Su çərşənbəsində saflaşma, Od çərşənbəsində yenilənmə, Yel çərşənbəsində dəyişiklik, Torpaq çərşənbəsində isə həyatın oyanışı hiss olunur. Tonqallar qalanır, insanlar alovun üzərindən tullanaraq bütün ağırlıqlarını geridə qoyduqlarına inanırlar. Bu mərasimlər əsrlərin yaddaşından süzülüb gələn dəyərlərin bu gün də yaşadığını göstərir.
Nənələrimiz deyərdi: "Gərək evdən iy çıxsın!"
Bayram öncəsi evlərdə tamam fərqli bir həyat başlayır. Qapılar açıq olur, qonşular bir-birinə gedib-gəlir, mətbəxdən gələn şirin qoxular evi bürüyür. Şəkərbura, paxlava, qoğal hazırlanması ailəvi bir ənənəyə çevrilir. Bir masa ətrafında toplaşan insanlar birlikdə çalışır, gülür, xatirələr danışırlar. Bu hazırlıq prosesinin özü artıq bayramın bir hissəsinə çevrilir. Düzdür, indi bütün şirniyyat dükanlarında paxlava da almaq olar, şəkərbura da, qoğal da. Amma azərbaycanlıların qədimlərdən özünəməxsus adəti var. Nənələrimiz deyərdi: "Gərək evdən iy çıxsın!" Yəni bayramın əhval-ruhiyyəsi, səmimi sevinc və birlik hər evdən yayılan şirniyyat qoxusu ilə bütün məhəlləyə çatmalıdır. Şəkərbura, paxlava, qoğal hər biri yalnız süfrəni bəzəmir, həm də Novruzun ruhunu evə, ürəklərə doldurur. Mütləq hər evdə bu şirniyyatlardan bişməli, hər kəs öz əməyini, zəhmətini, ürəyinin hərarətini ona qoymalı, sevgi, sevinc qatmalıdır. Evin balaca qızları hələ kiçik yaşlarından şəkərburaya naxış vurmağı öyrənməli, əlini bu şirin zəhmətə alışdırmalıdır.
Həyatın yenilənməsinin rəmzi
Bayram günü isə hər evdə xüsusi bir ab-hava yaranır. Süfrələr açılır, şamlar yanır, səməni süfrənin mərkəzində boylanır. Onun yaşıllığı həyatın yenilənməsinin rəmzidir. Ətrafına düzülən şirniyyatlar, boyanmış yumurtalar, qoz-fındıq bolluq və bərəkət arzusunu ifadə edir. Amma Novruz süfrəsinin ən böyük dəyəri insanların bir araya gəlməsidir. Bu birlik hissi bayramın əsas ruhunu təşkil edir.
Zəfərin rəmzinə çevrilən tonqallar
Son illərdə Novruzun ən qürurverici məqamlarından biri isə bayramın işğaldan azad olunmuş torpaqlarda da qeyd olunmasıdır. İllər boyu həsrətlə xatırlanan yurd yerlərində bu gün tonqallar qalanır, bayram şənlikləri keçirilir. Qarabağın dağlarında, Şuşa, Xankəndi, Füzuli, Zəngilan kimi illərlə həsrət qaldığımız torpaqlarda yanan Novruz tonqalları təkcə bayramın deyil, həm də qayıdışın, zəfərin və dirçəlişin rəmzinə çevrilib.

Bu torpaqlarda qalanan hər tonqal, səslənən hər bayram nəğməsi xalqın yaddaşında xüsusi yer tutur. Uzun illərdən sonra doğma yurdlarda Novruzu qarşılamaq, o torpaqlarda səməni yetişdirmək, bayram süfrəsi açmaq ayrı bir mənəvi dəyər daşıyır. Bu, sadəcə bayram deyil - bu, tarixlə bu günün qovuşması, keçmişin ağrıları ilə gələcəyin ümidlərinin bir nöqtədə birləşməsidir.
Novruzun ən gözəl tərəflərindən biri də insanların bir-birinə daha da yaxınlaşmasıdır. Bu günlərdə küsülülər barışır, incikliklər unudulur. İnsanlar bir-birini ziyarət edir, xoş sözlər deyir, ürəklər açılır. Bu ənənə cəmiyyətin daxilindəki bağları möhkəmləndirir, insanları bir-birinə daha da bağlayır.
Uşaqlar üçün isə Novruz ayrı bir dünyadır. Papaq atmaq, tonqal ətrafında oynamaq, yumurta döyüşdürmək onların sevinc dolu anlarına çevrilir. Bu xatirələr onların yaddaşında ömür boyu qalır və gələcəkdə bu ənənələri davam etdirmələrinə səbəb olur.

Novruz insanın daxilindəki ən saf duyğulara toxunur
Bu gün Novruz artıq yalnız Azərbaycanın deyil, bütöv türk dünyasının ortaq mənəvi sərvəti kimi yaşayır. Əsrlər keçsə də, zaman dəyişsə də, bu bayram öz ruhunu qoruyub saxlayır. Çünki Novruz insanın daxilindəki ən saf duyğulara toxunur - ümidə, yenilənməyə, həyata bağlılığa.

Baharla birlikdə oyanan torpaq kimi, Novruz da insan ruhunu oyadır. Xatırladır ki, hər qaranlıqdan sonra işıq gəlir, hər qışın ardınca bahar gəlir. Bu gün azad torpaqlarda qalanan tonqallar isə bu həqiqəti daha da güclü şəkildə təsdiqləyir - hər bitən bir başlanğıcdır. Ümid hər zaman istidir, hər zaman işıqdır, hər zaman doğmalıqdır. Eynən Novruz bayramının əsrlər boyu göylərə ucalan tonqalı kimi...a
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.