AZ

Folklorşünas Atəş Əhmədli: Keçmişdə qızlar papaq atmazdılar FOTO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Novruz, əslində, bir keçid bayramıdır. Bu, təkcə fəsillərin dəyişməsi, qışdan yaza keçid demək deyil, həm də insanın daxili yenilənməsinin simvoludur. Qışda təbiət sanki ölür, yəni insanın enerjisi zəifləyir. Yazın gəlişi ilə isə həm təbiət, həm də insan yenidən canlanır, dirçəlir. Bu baxımdan, Novruzdakı müxtəlif mərasimlər - tonqal üzərindən atlanmaq, sudan keçmək, oddan keçmək - hamısı bir növ keçid mərhələləridir".

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, dosent Atəş Əhmədli deyib.

Müsahibəni təqdim edirik:

- Atəş müəllim, Novruz bayramının başlanğıc tarixi ilə bağlı müxtəlif fikirlər var. Siz bu barədə nə deyə bilərsiniz?

- Novruzun tarixi çox qədimdir və onun XI əsrdə rəsmi şəkildə qeyd olunmasından xeyli əvvəllərə gedib çıxır. Novruz tarixin müxtəlif dövrlərində müəyyən basqılarla üzləşib. Zərdüştilik, xristianlıq, islam və hətta ateizm dövrlərində bu bayram bəzən mövcud ideologiyaya zidd sayılıb. Amma buna baxmayaraq, xalq onu qoruyaraq bu günə qədər yaşadıb. Məsələn, bir vaxtlar Novruzun islamla ziddiyyət təşkil etdiyi iddia olunurdu. Zaman keçdikcə isə Novruz adət və ənənələrinin islama zidd olmadığı aydın oldu və bunu ərəb dünyası da qəbul etdi. Nəticədə, Novruz bayramı həmin dövrlərdə tamamilə məhv olmaq təhlükəsindən qurtuldu və islamla qarşılıqlı şəkildə mövcudluğunu davam etdirdi.

Necə ki Ramazan və Qurban kimi dini bayramlarda bir-birimizlə yardımlaşır və insanlara xoş arzular diləyirik, eyni dəyərlər Novruz adətlərində də öz əksini tapır.

Novruz təkcə bir xalqın deyil, bir çox xalqların ortaq mədəni irsidir. Aparılan araşdırmalar göstərir ki, Orta Asiya xalqlarında, eləcə də müxtəlif türk xalqları arasında Novruz fərqli adlarla qeyd olunur. Məsələn, qazaxlar bu bayramı "Ulusun yeni günü" adlandırırlar ki, bu da yeni ilin, bolluq və məhsuldarlığın başlanğıcı kimi qəbul edilir. Qədim türk tayfalarında isə bu bayram daha çox ərzaq və bolluq bayramı kimi qeyd olunurdu.

Sibir bölgəsində yaşayan bəzi türk xalqlarında da Novruza bənzər mərasimlər mövcuddur. Altaylar bu bayrama "cılqa ayrımı", qırğızlar "cılbaşı", yəni "il başı" deyirlər. Qardaş Türkiyədə də bu bayram müxtəlif formalarda qeyd edilir. Bütün bunlar Novruzun geniş coğrafiyada yayılmış qədim bir ənənə olduğunu göstərir.

Tarixi baxımdan, mühüm məqamlardan biri böyük Səlcuq hökmdarı I Məlikşahın dövründə baş verən islahatlardır. Çünki məhz həmin vaxt Cəlali təqvimi yaradıldı və il dörd fəslə bölündü. Münəccimlərin hesablamalarına görə, ilin təhvil günü martın 21-nə təsadüf etdiyi üçün Novruz da həmin tarixdə qeyd olunmağa başladı.

- Hansı ehtiyacdan yarandı bu təqvim?

- Zaman fərqlənməsi baxımından. Əvvəllər istifadə olunan ay təqvimi müəyyən qədər ehtiyacları ödəsə də, illər keçdikcə zaman fərqləri yaranırdı. Məsələn, ildə 365 gün hesab edilsə də, artıq qalan saat və dəqiqələr zamanla yığılanda böyük fərqlər yaradırdı. Bu isə kənd təsərrüfatı və digər fəaliyyət sahələrində problemlərə səbəb olurdu. Bu səbəbdən daha dəqiq təqvim sisteminin yaradılması zərurəti yaranmışdı və məhz Məlik şahın təşəbbüsü ilə belə bir təqvim hazırlandı və yeni ilin başlanğıcı Novruz bayramı ilə üst-üstə düşdü.

Əslində, bu barədə daha qədim dövrlərdən müəyyən məlumatlar da mövcud idi. Məsələn, Qədim Romada, hələ Sezarın dövründə aparılan təqvim islahatları zamanı da ilin başlanğıcı yaz fəslinə yaxın tarixlərlə əlaqələndirilirdi. Təxminən e.ə. 325-ci illərdə yeni ilin mart ayının 21-nə təsadüf etməsi ilə bağlı fikirlər də var.

Bildiyimiz kimi, tropik il Yerin 365 gün Günəş ətrafında dövr etməsindən sonra tamamlanır. Deməli, artıq astronomlar Günəşin şimal yarımkürəsinə yaxınlaşmasını müşahidə edirlər. Bu il martın 20-də axşam saatlarında dəqiq vaxt 18:45:53 də bu proses bitəcək. Hətta astronomlar bunu onilliklərlə hesablayırlar ki, gələn il, o biri il dəqiq vaxtı necə olacaq.

Siz dünyanın nizamına baxın. Görün Tanrı dünyanı necə nizamlayıb, insanlığa necə bir kainat bəxş edib ki, hər şeyin dəqiq ölçüsü-biçisi var. Bütün bunların hamısı isə insanlığa hədiyyədir. Biz gərək bu hədiyyənin qədrini bilək. Martın 20-də ilin təhvil olunduğu anda gecə-gündüz bərabərliyi başlayacaq. Bu bərabərlik kosmosda baş verir və biz bunun fərqinə varmırıq.

Niyə biz insan cəmiyyətində sosial harmoniyanı, sosial bərabərliyi görə bilmirik? Demək, xalqımızın düşüncəsinin dünyagörüşünün məhsuludur ki, kosmosdakı o bərabərliyi insan cəmiyyətinə, sosial həyata tətbiq edir. Bundan böyük fəlsəfə? Novruz bayramı elə kosmosdakı bərabərliyin insan həyatına tətbiq olunmuş formasıdır. Novruzu yaz bayramı şəklində keçirən müxtəlif xalqlar var - şimal yarımkürəsində ispanlardan tutmuş yaponlara qədər. Amma başqa xalqların həyatında bu fəlsəfə, bu zənginlik yoxdur. Bu bayramın fəlsəfəsini və dərin mənasını yalnız Azərbaycan xalqı yaşadır. Bu da xalqımızın Novruza verdiyi tarixi önəmdən, dünyagörüşündən və müşahidələrinin zənginliyindən irəli gəlir.

- Bəs "novruz" adının özü haradan yaranıb və nəyi ifadə edir?

- "Novruz" sözünün mənası "yeni gün" deməkdir. Bu anlayış da təsadüfi deyil. Çünki məhz martın 20-dən 21-nə keçəndə gecə-gündüz bərabərliyi baş verir və bu tarix təbiətdə yeni bir mərhələnin - yazın başlanğıcından xəbər verir. Buna coğrafi dildə yaz bərabərliyi nöqtəsi deyirlər. Buna görə də ilin başlanğıcı kimi məhz bu gün qəbul olunub. Bəzən deyirlər ki, "novruz" fars sözüdür və Novruz bayramı fars mədəniyyətinə məxsusdur. Bu, tamamilə yanlış fikirdir. Qeyd etdiyim kimi, "novruz" sözü məhz XI əsrdən etibarən işlədilməyə başlayıb.

Yəqin, bilirsiniz, o dövrün alimləri geniş kosmik biliklərə malik insanlar olublar. O vaxt müasir dövrdəki kimi teleskoplar və rəsədxanalar olmasa da, dövrün alimləri öz alətləri ilə səmaya baxaraq ulduzların və planetlərin hərəkətini müşahidə edir, dəqiq hesablamalar aparır və bu biliklər əsasında ilin dönüş nöqtələrini, o cümlədən yazın başlanğıcını dəqiqləşdirirdilər.

Beləliklə, Novruzun əsasını təşkil edən məqamlar bunlardır: bu gündə il dəyişir, fəsil dəyişir və təbiətdə yenilənmə başlayır. Novruz yeni həyatın, artımın və dirçəlişin rəmzidir. Buna görə də "yeni gün" kimi qəbul olunaraq əsrlər boyu qorunub və günümüzə qədər gəlib çatıb.

- Novruz çərşənbələrinin əsas anlamı nədir?

- Novruz bayramının özəyini qışın yazla əvəz olunması, yəni təbiətin "ölüb-dirilməsi" təşkil edir. Bu proses insanlıq yaranandan bəri hər il təkrarlanır. İnsanlar zamanla bu təkrarlanan dövriliyi anlayaraq il dəyişikliyini bayram səviyyəsinə qaldırıblar. Novruzun atributlarına baxsaq, burada yaradılış miflərindəki yeddi rəqəmi, dörd ünsür - su, od, hava və torpaq, eləcə də zərdüştilikdə mühüm yer tutan od amili ilə səsləşməni açıq görürük.

- Çərşənbələrin dörd ünsürlə əlaqəsi nədən ibarətdir?

- Novruz çərşənbələri su, od, hava və torpaqla bağlıdır. Bu ünsürlər həm dünyanın, həm də insanın yaradılışında mühüm rol oynayır. İnanca görə, əvvəlcə yel (hava) oyanır, sonra suyu, odu və nəhayət torpağı oyadır. Bu, təbiətin yenilənməsi deməkdir. İnsanlar da bu dövrdə ruzi-bərəkət arzusu ilə əkin-biçinə başlayırlar. Bölgələrdə çərşənbələrlə bağlı fərqli ənənələr var. Məsələn, Naxçıvanda İlaxır çərşənbə əvəzinə Od çərşənbəsi xüsusi qeyd olunur. Qərb bölgəsində - Qazax, Ağstafa, Tovuzda isə Torpaq çərşənbəsi sondan əvvələ keçirilir və həmin gün insanlar qəbir üstünə gedərək vəfat etmiş yaxınlarını yad edirlər. Bu səbəbdən bəzən həmin çərşənbəyə "Ölü" və ya "Qara çərşənbə" də deyirlər.

Çərşənbələrlə bağlı görün nə qədər inanclarımız var. Xüsusilə İlaxır çərşənbədə müxtəlif sınamalar və inanclar geniş yayılıb. Məsələn, inanca görə, insan ili necə qarşılayırsa, elə də keçirəcək. Su və odla fala baxmaq, sudan, oddan, yeldən və torpaqdan keçmək kimi rituallarımız var. Quba-Qusar bölgəsində torpaqdan keçmə inancı var - xəstə uşaqlar və övladı olmayan qadınlar qazılmış xüsusi yerdən keçirlər və inanırlar ki, onların arzuları çin olacaq.

- Atəş müəllim, Novruzda İlaxır çərşənbə niyə ən önəmli çərşənbə hesab olunur? Niyə bütün rituallar, mətbəx mədəniyyəti, bayram əhvali-ruhiyyəsi məhz axır çərşənbədə cəmlənir?

- Əzizə xanım, çünki İlaxır çərşənbə ilin son çərşənbəsi olaraq bir növ hesabat xarakteri daşıyır. Qədim inanclara görə, məhz bu dövrdə xeyirlə şərin mübarizəsi gedir. Şər qüvvələrin qovulması üçün isə insanların şən olması, sevinməsi, bayram əhvalında olması vacib sayılırdı.

İnanclara görə, şər qüvvələr evdə sakitlik, kədər, ümidsizlik olan yerləri "sevir". Ona görə də insanlar səhərə qədər oyaq qalar, bayram şənlikləri keçirər, evdə xoş sözlər danışardılar. Bu, həm də insanları bir-birinə qarşı mehriban olmağa, yaxşı davranmağa təşviq edən bir tərbiyə forması idi. Məsələn, qapı pusmaq adətinə baxaq. Burada da məqsəd insanların evlərində xoş sözlər danışmasına nail olmaq idi ki, hamı bir-birinə xoş söz desin, eşidənlər də xoş söz eşitsinlər, sevinsinlər. Bundan başqa, böyük-kiçik münasibətləri, qarşılıqlı hörmət kimi dəyərlər də bu ənənələrin əsas hissəsi olub.

Təəssüf ki, elə adətlərimiz var ki, zamanla unudulub, amma bəlkə də onlar bu gün də cəmiyyət üçün faydalı ola bilərdi. Bu isə gələcək tədqiqatlar üçün maraqlı mövzudur.

- Bir də Çillə gecəsi var Novruzda…

- Bəli. Çillə gecəsi Novruzun bir növ başlanğıcı sayılır. Qış Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla üç hissəyə bölünür. İlaxır çərşənbə ilə Boz ay başa çatır. Çillə gecəsində qarpız kəsilməsi, nişanlı qızlara pay göndərilməsi kimi adətlərimiz də var. Hətta qarpızın rənginə görə ilin necə keçəcəyi barədə inanclar da mövcuddur.

- Sizcə, Novruzun cəmiyyət üçün əhəmiyyəti nədir?

- Novruz yalnız təbiətin deyil, həm də insanların yenilənməsi bayramıdır. Bu bayram insanları birləşdirir, paylaşmağı, mehribanlığı və birlik hissini gücləndirir. Ona görə də Novruz təkcə bir bayram deyil, həm də xalqın yaddaşı və mədəni kimliyidir.

- Atəş müəllim, Novruzla bağlı suallardan biri də "Kosa" və "Keçəl" obrazları ilə bağlıdır. Niyə məhz kosa və keçəl və niyə bu qədər eybəcər?

- Aydındır. Bəzən bu obrazları Yeni ildəki "Şaxta baba" obrazı ilə müqayisə edirlər. Düşünürlər ki, "Şaxta baba" hədiyyə verən müsbət obraz kimi təqdim olunduğu halda, "Kosa" daha fərqli xüsusiyyətlərə malikdir: onun geyimi nimdaşdır, davranışları bəzən istehzalı və gülüş doğurandır. Bilirsiniz, əslində, bu xüsusiyyətlər təsadüfi deyil, hamısı müəyyən məna daşıyır.

Əgər biz klassik "Kosa" və "Keçəl" obrazlarına nəzər salsaq, xüsusilə 1970-ci illərdə çəkilmiş filmlərdə bu obrazların daha təbii və ənənəvi şəkildə təqdim olunduğunu görə bilərik. Məsələn, "Yeddi oğul istərəm" filmindəki obrazlara baxsanız, onların nə qədər sadə, lakin mənalı və obrazlı təqdim edildiyini aydın görə bilərsiniz. Müasir dövrdə isə bu obrazları bəzən süni şəkildə elə dəyişirlər ki (məsələn, həddindən artıq makiyaj edirlər, üzünə ənlik, dodağına boya çəkirlər və s.), onların mahiyyəti bir qədər təhrif edilmiş olur.

Baxın, uşaqlıqdan bizə öyrədilib ki, dünya mədəniyyətinin əsasları Qədim Yunanıstan və Qədim Roma ilə bağlıdır. Xüsusilə teatr sənətində bu mədəniyyətlərin böyük rolu olduğunu heç kim dana bilməz. Bizim də özünəməxsus, zəngin teatr elementləri daşıyan xalq oyunlarımız və obrazlarımız mövcuddur. Hesab edirəm ki, "Kosa" və "Keçəl" obrazları da məhz qədim teatr elementlərinin daşıyıcılarıdır. Bu obrazlar, sadəcə, əyləncə üçün deyil, onların dərin fəlsəfi mənaları var. Onların səhnələşdirilməsi təbiətin "ölüb-dirilməsi" ideyasına əsaslanır: Kosa qışı, onun "ölməsi" isə qışın bitib, yazın gəlməsini simvolizə edir.

Kosanın geyimi və atributları da rəmzidir. Məsələn, onun qarnına bağlanan döşək "ikicanlılıq" (bolluq və məhsuldarlıq) ideyasını ifadə edir. Əlində tutduğu, yaxud qurşağına taxılmış çömçəsi, hərəkətləri və davranışları qışın çətinliklərini - soyuğu, aclığı və yoxsulluğu simvolizə edir. Düzdür, çömçə həm də qarınqululuq simvolu kimi qəbul olunur, amma o da qış dövründə bolluğun olmamasına işarədir.

Teatr terminologiyasında bu cür obrazlar qrotesk obrazlar adlanır - yəni şişirdilmiş, simvolik və çoxqatlı mənaya malik obrazlar. "Kosa" da, "Keçəl" də tipik bir obraz deyil, bir neçə məna qatını özündə birləşdirən kompleks obrazlardır. Ümumiləşdirsək, "Kosa" və "Keçəl", sadəcə, bayram personajları yox, minilliklərə dayanan mədəniyyətimizin, teatr düşüncəmizin və dünyagörüşümüzün canlı ifadəsidir. Ona görə bu qədər zəngin məna daşıyan bir irsdən imtina etmək yox, əksinə, onu qoruyub, daha düzgün formada gələcək nəsillərə çatdırmaq lazımdır.

- Zənnimcə, bu mənaları bilməyənlərin əksəriyyətinə "Kosa" və "Keçəl" obrazları bir qədər yad gəlir…

- Açığı, bu gün gördüyümüz "Kosa" ilə "Keçəl" obrazları bəzən xalqa yad təsir bağışlayır. Yersiz zarafatlar, şit hərəkətlər bu obrazların mahiyyətini kölgədə qoyur. Halbuki, dediyim kimi, onların kökü çox qədim mifoloji və teatral ənənələrə dayanır. Bir də qeyd etmək istəyirəm ki, "Kosa" ilə "Keçəl"i dodaq boyası, ənliklə süni şəkildə bəzəmək düzgün deyil. Onların klassik üslubu var və bu qorunmalıdır.

"Kosa", sadəcə, bir personaj deyil, obrazlılığın tipidir, qroteskdir. Onun hər detalı - bədən hərəkətləri, davranışı, geyimi xüsusi məna daşıyır. Geyindiyi təşkülah, ləbbadə, zınqırovlar, qurşaq, əlindəki çömçə - bunların hər biri simvolikdir. Bu, əslində, bir teatrdır.

- Bəs "Keçəl"?

- "Keçəl" daha çox məzhəkə yaradan obrazdır. O, insanları güldürür, gündəlik qayğılardan uzaqlaşdırır. "Kosa" ilə birlikdə səhnələşdirilən hərəkətləri ki var - mayallaq aşmaq, zarafatlaşmaq və s. - bunlar hamısı bir məqsədə, insanların stresini azaltmağa, onları sevindirməyə, güldürməyə xidmət edir. Bir zamanlar "Kosa" və "Keçəl"in yanında bir "Keçi" obrazı da var idi. Uzun illərdir ki, bu obraz mərasimlərdə görünmür. Bilirsiniz, zaman dəyişdikcə, müəyyən səbəblərdən bir çox simvol və obrazlar da sıradan çıxır. "Keçi" obrazı da onlardan biridir.

- Maraqlıdır, "Keçi" nəyi simvolizə edirdi?

- Qədim mifologiyada keçi yaşıllığın, bolluq və bərəkətin rəmzi kimi qəbul olunurdu. "Keçi" obrazının əsas funksiyası mediatorluq, yəni keçid və əlaqələndirmə ilə bağlıdır. Əvvəllər bayram günlərində meydanlarda böyük şənliklər keçirilirdi. Bu tədbirlərdə zorxanalar, idman yarışları, kəndirbaz oyunları təşkil olunurdu. "Keçi" obrazı da həmin oyunların bir hissəsi kimi çıxış edirdi. Onun hərəkətləri, jestləri, yaratdığı yumor elementləri insanların gərginliyini azaldır, bayram ab-havasını daha da canlandırırdı.

Bəzən "Keçi" obrazı Günəşin simvolu kimi təqdim olunur, amma mən bununla tam razı deyiləm. Bizim xalq mərasimlərində Günəş daha çox başqa obrazlarla ifadə olunur. Məsələn, "Qodu-qodu" mərasimində Günəşə müraciət açıq şəkildə görünür. Keçi isə daha çox qışın müəyyən cizgilərini, onun sərtliyini və eyni zamanda, bu sərtliyin yumşaldılmasını simvolizə edir. Yəni o, həm qışı təmsil edir, həm də yazın gəlişi ilə bu dövrün "ötürülməsində" vasitəçi rolunu oynayır.

Ümumilikdə isə "Keçi" obrazı Novruzun fəlsəfəsində həm mediator, həm də sosial-psixoloji balans yaradan bir element kimi çıxış edir. Bu cür obrazlar vasitəsilə insanlar həm təbiətlə, həm də bir-biri ilə daha sıx əlaqə qurur, bayramın mahiyyətini daha dərindən yaşayırlar.

- Nədən-nəyə keçidi simvolizə edirdi?

- Novruz, əslində, bir keçid bayramıdır. Bu, təkcə fəsillərin dəyişməsi, qışdan yaza keçid demək deyil, həm də insanın daxili yenilənməsinin simvoludur. Qışda təbiət sanki ölür, yəni insanın enerjisi zəifləyir. Yazın gəlişi ilə isə həm təbiət, həm də insan yenidən dirçəlir. Bu baxımdan, müxtəlif mərasimlər - tonqal üzərindən atlanmaq, sudan keçmək, oddan keçmək - hamısı bir növ keçid mərhələləridir.

- Atəş müəllim, Novruzda bir də "Kəndirbaz oyunu" var…

- O da elə həmin bu "keçid" anlayışı ilə bağlıdır. Burada insan sanki havadan keçir. Bu, dörd ünsür - su, od, hava və torpaq üzərindən keçidin tamamlanması kimi qəbul oluna bilər. Kəndirbazın oyunu da, zarafatları, komik çıxışları, bəzən klounvari davranışları da tamaşaçıda yaranan gərginliyi aradan qaldırmağa hesablanıb. Bu, həm də kollektiv psixoloji rahatlama funksiyası daşıyır.

- Bəs papaqatma necə? O da ənənədir, yoxsa sonradan yaranmış bir adət?

- Papaqatma kifayət qədər mübahisəli mövzudur. 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra biz ənənələrimizi bərpa etməyə çalışdıq, amma bu prosesdə alimlər arasında müxtəlif fikir ayrılıqları yarandı. Bilirsiniz, zaman dəyişdikcə ənənələr də müəyyən mənada dəyişikliklərə uğrayır. Məsələn, keçmişdə qızlar papaq atmazdılar. Oğlanlar isə bellərinə qurşaq bağlayar, çiyinlərinə xurcun atardılar. Amma bu gün həmin geyimlər artıq istifadə olunmur. Keçmişdə evlərin bacası olardı və insanlar Novruzda məhz bacadan qurşaq, xurcun sallayırdılar. Bu gün isə evlərdə baca olmadığı üçün belə imkan da yoxdur. Ona görə də bu boşluğu papaqatma ilə doldurmağa çalışırlar. Amma məsələ, sadəcə, praktik həll deyil, mahiyyətdir.

- Bölgələrdə də belədir?

- Hər bölgədə fərqli ola bilir. Məsələn, doğulduğum Göyçay bölgəsində buna "papaqatdı" yox, "yaylıqatdı" deyirdilər. Yaylığı dörd tərəfdən düyünləyərdik, içinə daş qoyub qapılara atardıq.

- Demək, papaqatmanın alternativləri də var…

- Əlbəttə. Xurcun, qurşaq, heybə kimi alternativlər olub. Yəni əsas məqsəd pay almaq idi, vasitə isə dəyişə bilirdi.

- Bəs bu adətin mahiyyəti nədir?

- Novruz ümumilikdə əkinçilik bayramıdır. İnsanlar hansı məhsulun bol olmasını arzulayırdılarsa, onu pay kimi verirdilər. Məsələn, buğda, arpa, darı və digər dənli bitkilər. İnanca görə, hansı məhsul daha çox paylanırdısa, həmin il o məhsul daha bol olurdu. Bu baxımdan mərasimlər həm də bolluq və bərəkət rəmzi daşıyırdı.

- Atəş müəllim, bəs özünüz Novruzun hansı xüsusiyyətlərini daha çox sevirsiniz?

- Novruz bayramında ən çox sevdiyim cəhətlərdən biri onun yaz fəslinə təsadüf etməsidir. Çünki insan təbiətin bir parçasıdır və yazın gəlişi ilə təbiətdə baş verən dəyişikliklər insanın ruhuna da təsir edir. Bu bir yenilənmə, canlanma hissi yaradır.

Digər gözəl xüsusiyyət isə Novruzun bərabərlik və barış bayramı olmasıdır. İnsanların küsülülüyü kənara qoyub barışması çox dəyərli bir ənənədir. Novruzda insanlar məhz bayrama görə barışırlar ki, bu da çox gözəl bir ənənədir.

Uşaqlıq xatirələrinə gəldikdə isə, ən çox sevdiyim adətlərdən biri papaq atmaq idi. Özüm Şirvan bölgəsindənəm. O vaxt uşaqlarla yığışar, qapılara yaylıq və ya torba atardıq. Ev sahibləri də həmin torbanı boş qaytarmaz, hər kəsə pay qoyardılar və sonra biz onları bölüşdürərdik. Maraqlısı odur ki, papağa qoyulan hər şeydən hər kəsin evində olsa da, çöldə, dostlarla birlikdə toplamaq və paylaşmaq daha ləzzətli gəlirdi. Bu, uşaqlar üçün həm əyləncə, həm də bir növ "öz qazancı" kimi qəbul olunurdu.

Zaman keçdikcə həyat tərzi dəyişib, geyimlər, evlərin quruluşu, ümumilikdə etnoqrafik mühit fərqlənib. Buna görə də bəzi adətlər əvvəlki formasını itirib. Amma buna baxmayaraq, Novruzun fəlsəfəsi, mahiyyəti hələ də çox dərin və zəngindir. Onu öyrənmək və tədqiq etmək lazımdır.

- Müsahibəyə görə təşəkkür edirəm. Bayramınız mübarək!

- Buyurun. Mən də hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
104
21
oxu.az

10Mənbələr