ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Hörmüz boğazında gəmiçilik üçün fərdi icazə rejimini effektiv şəkildə tətbiq edib və rəsmi təsdiq və bəzi hallarda pul ödənişləri müqabilində ərazi sularından "təhlükəsiz dəhliz" təklif edib.
Bizimyol.info xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, sistem İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən idarə olunur.
"Lloyd's List"ə görə, Hindistan, Pakistan, İraq, Malayziya və Çin hökumətləri tranziti əlaqələndirmək üçün artıq Tehranla birbaşa danışıqlar aparırlar. İİKK Hərbi Dəniz Qüvvələrinin vizual nəzarəti altında İranın Larak adası yaxınlığından keçən yeni marşrutdan indiyə qədər ən azı doqquz gəmi istifadə edib.
Yaxın vaxtlarda prosedurun rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir. Buna əsasən, gəmi sahibləri vasitəçilər üzərindən yükün son təyinat məntəqələri barədə məlumatları əvvəlcədən açıqlamalı olacaqlar.
Məlumata görə, artıq bir tanker operatoru tərəfindən İran strukturlarına 2 milyon dollar məbləğində ödəniş edilməsi faktı qeydə alınıb. Bu məbləğ gəminin İranın nəzarətində olan sulardan maneəsiz keçməsinə zəmanət kimi təqdim olunub.
Tehran “naviqasiya təhlükəsizliyini müzakirə etməyə hazır olan ölkələr üçün açıq” olduğunu bildirsə də, ekspertlər risklərin qalmaqda davam etdiyini vurğulayırlar. Belə ki, SEPAH daxilində bir qrupdan alınan razılıq digər bölmələr tərəfindən gəminin saxlanılmayacağına tam zəmanət vermir.
Eyni zamanda, ABŞ hələlik qlobal bazara enerji daşıyan gəmilərə qarşı ehtiyatlı mövqe sərgiləyir. Lakin analitiklər hesab edirlər ki, Vaşinqtonun İranın bu strateji boğaz üzərində təkbaşına nəzarət qurmaq cəhdlərinə uzun müddət dözümlü yanaşması ehtimalı azdır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.