AZ

Çindən Azərbaycana böyükhəcmli “yaşıl sərmayə”lər

“PowerChina Resources Ltd” yeni investisiya layihələrini nəzərdən keçirir

İqtisadiyyat naziri Mikayıl Cabbarov “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşüb. Görüşdə ölkəmizdə innovasiya quruculuğu istiqamətində aparılan siyasətin mühüm əhəmiyyəti, o cümlədən investorlar üçün yaradılmış əlverişli biznes mühitinin xarici sərmayəçilərin fəaliyyətində təşviqedici rolu diqqətə çatdırılıb. İqtisadiyyat naziri vurğulayıb ki, sağlam sərmayə iqlimi şərti Çinin innovasiyayönümlü investisiyalarının ölkəmizdə birgə icrası üçün geniş imkanlar yaradır.

Energetika naziri Pərviz Şahbazov da “PowerChina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb. Görüşdə 160 MVt gücündə ?ünəş elektrik stansiyası, 2 QVt gücündə dənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin hər iki ölkənin birgə təmsilçiliyi ilə icra edilən digər günəş enerjisi layihələrinin ölkəmizin bərpaolunan enerji potensialının artmasına verdiyi töhfələr və “yaşıl enerji”nin şəbəkəyə inteqrasiyasının imkanlar nəzərdən keçirilib.

Qobustan Günəş Elektrik Stansiyası həm də ekoloji niyyətdir

Çin “yaşıl enerji” və “ağıllı texnologiyaların” transformasiyası sahəsində həyata keçirilən layihələrdə Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevrilməkdədir. Ötən il iki dövlət arasında Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iqtisadi sahədə geniş investisiya partnyorluğuna möhkəm hüquqi baza yaradıb. İki ölkənin energetika strukturlarının imza atdığı İnvestisiya Müqaviləsinə əsasən, Bakı ətrafında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası layihəsində yer alacaq Çin şirkətləri bu ərazidə “yaşıl texnologiyaları”n qurulması və enerji tədarükünü təmin edəcək. Layihənin növbəti mərhələsində şirkətlə elektrik enerjisinin alqı-satqı, ötürücü şəbəkəyə qoşulma və torpaq icarə müqavilələri imzalanacaq. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək.

“SOCAR Green” və “PowerChina”nın Hacıqabul layihəsi

Birgə fəaliyyət çərçivəsində ən mühüm layihələrindən biri Hacıqabul rayonunda Günəş elektrik stansiyasının inşasıdır. 160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra müqaviləsinə əsasən, stansiyanın 2028-ci ildə Azərbaycanın əlverişli coğrafi mövqeyi, iqtisadi və logistika imkanları, “yaşıl enerji” siyasətinin yürüdülməsində qətiyyətli iradəsi beynəlxalq miqyaslı “PowerChina Resources Ltd” şirkəti ilə də əməkdaşlığın yeni mərhələyə daxil olmasında mühüm rol oynayıb. Bu şirkət Çində ən böyük enerji istehsalçılarından biridir. 25 yaşlı şirkət Honkonq şəhərində yaradılıb və mənzil qərargahı da bu şəhərdə yerləşir. Aktivləri 37 kömür, 3 qaz-istilik, 119 külək, 25 günəş və   2 su-elektrik  stansiyası təşkil edən qlobal texnologiya nəhəngi ümumi gücü 43,4 qiqavat olan enerji tədarükü gücünə malikdir. Xarici ölkələrdə bərpaolunan enerji sahəsində sərmayə qoyuluşu ilə fərqlənən “PowerChina” Resources” Azərbaycanı da ən əlverişli ölkələrdən biri hesdab edir. Şirkətin icraçı vitse-prezidenti Hi Şiyounun bildirdiyi kimi Azərbaycan təkcə siyasi baxımdan deyil, həm də bazar potensialı və iqtisadi biznes mühiti baxımından əlverişli ölkədir və yeni investisiya layihələrinə yaranan maraq da bu mühüm amillə bağlıdır.

Yeri gəlmişkən, ötən il Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri zamanı Tiencin şəhərində “PowerChina Group”un icraçı vitse-prezidenti ilə görüşü yeni investisiya qapısının açılmasında faydalı olub, çinli investorlar “yaşıl enerji”, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektro-energetika və “yaşıl  hidrogen” layihələrində iştirak etmək üçün niyyətlərini bildiriblər.

“PowerChina Group”un “SOCAR Green” ilə birgə fəaliyyət çərçivəsində ən mühüm layihələrindən biri Hacıqabul rayonunda günəş elektrik stansiyasının inşasıdır.  160 MVt gücündə günəş-elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair imzalanmış İcra müqaviləsinə əsasən, stansiyanın 2028-ci ildə istismara verilməsi planlaşdırılır. İllik təxminən 332 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılan stansiya hər il 73 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsinə, atmosferə atılan karbon emissiyalarının 160 min ton azaldılmasına imkan verəcək.

Xəzərdə 2 QVt gücündə külək elektrik stansiyası inşa olunacaq

Çinin digər texnologiya şirkətlərinin də ölkəmizdə rəqəmsal və “yaşıl layihələr”də iştirakı nəzərdə tutulur. Ötən il bununla bağlı bir neçə yeni saziş imzalanıb. Məsələn, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzər dənizində külək enerjisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsinə başlanılıb. Müqaviləyə əsasən, minimum 2 QVt gücündə dənizdə külək elektrik stansiyasının tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.

Çinin “ağıllı texnologiyalar” üzrə tanınmış korporosiyalarından biri olan “China Energy International Group Co.,Ltd.” hazırda dünyanın bir çox ölkəsində bərpaolunan enerji güclərinin inteqrasiyası, külək enerjisi layihələrinin icrası, enerji avadanlıqlarının istehsalının təşkilində aparıcı yer tutur. Qeyd edək ki, “China Energy” Dövlət Neft Şirkəti ilə bir neçə ildir ki, sıx əməkdaşlıq edir. Ötən il Bakıda səfərdə olan şirkətin nümayəndə heyəti quruda və dənizdə külək enerjisi ilə bağlı potensialları qiymətləndirərək istehsal komplekslərinə qoşulmağa qərar verib, 2024-cü ilin iyun ayında isə SOCAR-la Əməkdaşlıq Sazişi imzalanıb. Sənədə əsasən, “yaşıl hidrogen” daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində birgə işlər həyata keçiriləcək. Ötən gün imzalanan saziş isə şirkətin Xəzərdə Azərbaycana aid sektorda sərmayə cığırı açması üçün əsaslı hüquqi zəmin yaratmaqla, “yaşıl enerji”nin istehsal zəncirinin qurulmasına və  enerji dəhlizlərinin inkişafına mühüm töhfə verəcək.

Çindən “Xəzər-Qara dəniz-Avropa” kabelinin çəkilişinə dəstək

Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış digər bir saziş isə Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsini əks etdirir. Həmçinin, “SOCAR Green” ilə “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır. Hər iki saziş olduqca əhatəli və yeni enerji sənayeləşməsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə Energetika Nazirliyi arasında imzalanan “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” da mühüm əhəmiyyət kəsb edir. Bu razılaşma “yaşıl enerji” sektorlarında əhatəli qiymətləndirmə işlərinin aparılmasını nəzərdə tutur. Adıçəkilən institut Asiya və Avropanın bir çox regionlarında texnologiya şirkətlərinə məsləhətlər verir. Elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması sahəsində bu şirkətin təcrübəsi böyükdür və bu baxımdan Anlaşma Memorandumu təcrübə mübadiləsinin aparılmasında mühüm əhəmiyyət kəsb edir.

Azad ərazilərdə Çinin “ağıllı texnologiyaları”

Çin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinə də marağı böyükdür. Hazırda Çin şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsi, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında fəal iştirak edir. Zəngilan, Ağdam və digər ərazilərdə inşa edilən infrastrukturlarda Çin texnologiyalarından geniş istifadə olunur. Bu bölgədə “yaşıl güclərin” potensialının yüksək olması nəzərə alınaraq Çin investorlarının yaşıl layihələrdə təmsil olunması gözlənilir. Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun əməkdaşı Kanq Je bildirib ki, bir müddət əvvəl Şuşada və digər ərazilərdə səfərdə olarkən bu bölgədəki bərpaolunan mənbələri, ələlxüsus da çoxsaylı su elektrik stansiyalarının imkanlarını müşahidə edib. Bu, onda böyük maraq oyadıb və Çin sərmayəçilərinin bu sahəyə gəlişi üçün instututun təşviqedici imkanlarından istifadə etmək niyyətindədir.

E.CƏFƏRLİ

Seçilən
134
yeniazerbaycan.com

1Mənbələr