AZ

Dövlət qulluğunda yeni maaş qaydası nə vəd edir? - Əli Məsimli: “Vahid prinsip və nəticəyönümlü əməkhaqqı sistemi motivasiyanı artırır və korrupsiya risklərini azaldır”

Azərbaycanda dövlət qulluğu sistemində əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər yeni maaş modelinə keçidi nəzərdə tutur. Yeni yanaşmanın əsas məqsədi dövlət idarəçiliyində səmərəliliyin artırılması, əməkhaqqı sisteminin sadələşdirilməsi və şəffaflığın gücləndirilməsidir.

Redaktor.az Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ilə müsahibədə sözügedən dəyişikliklərin mahiyyətini, gözlənilən nəticələri və əməkhaqqı islahatlarının digər sahələrə mümkün təsirini müzakirə edib.

- Əli müəllim, "Dövlət qulluğu haqqında” qanunda edilən yeni dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sisteminin əsaslı surətdə dəyişdirilməsini nəzərdə tutur. Həmin dəyişikliklərin mahiyyəti nədən ibarətdir?

- Dövlət qulluqçusunun əmək haqqının indiyə qədər tətbiq olunan sistemində vəzifə maaşı onun ümumi gəlirinin yarıdan azını təşkil edir, qalan hissə isə staja görə, hakimiyyət səlahiyyətinə görə əlavələr,kollektiv və fərdi mükafatlar və digər ödənişlərdən ibarətdir. Bu,çox mürəkkəb və qeyri-şəffaf bir sistemdir. Bu kontekstdə "Dövlət qulluğu haqqında” qanunda edilən yeni dəyişikliklərin məğzi bundan ibarətdir ki, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə hazırda dövlət qulluğunda tətbiq edilən mükafat sistemi, dövlət qulluqçusuna staja, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti və sair ləğv edilib, bunların hamısı vəzifə maaşına daxil edilməklə yeni vahid prinsipə əsaslanan və nəticəyönümlü əməkhaqqı qaydası müəyyən olunur.

- Bu modeldən istifadənin üstünlüklər nədən ibarətdir? 

- Əvvəla, beynəlxalq təcrübədən çıxış edərək demək olar ki,dövlət qulluğu sistemində yeni əmək haqqı modeli çox sadə,təkmil və efektlidir. Dövlət qulluğu sistemində yeni əmək haqqı modelinə keçilməklə dövlət qulluqçusu maaşındakı əlavələrin timsalında heç nə itirmir, əvvəllər müxtəlif növ əlavələr şəklində aldığı vəsaitlər indi onun əmək haqqının baza hissəsinin üstünə gələcək və mərhələli şəkildə artan sabit əməkhaqqı sistemi üzrə maaş alacaq. Bu üsul əmək bazarında çevik və dayanıqlı mexanizmin formalaşmasına xidmət edir. Bu, həm də dövlət və özəl sektor üzrə əmək haqqındakı fərqlərin dərinləşməsinin qarşısını almaqla işçilərin sosial vəziyyətinə müsbət təsir göstərə və istedadlı, perspektivli kadrların dövlət sektorunda işləməsini təşviqləndirə bilər. Deməli dövlət qulluğu sistemində yeni əmək haqqı modeli bu sahədə rəqabət qabiliyyətli əmək haqqı sisteminin formalaşmasına, eyni zamanda həm də əmək bazarında dövlət qulluğunun rəqabət qabilliyyətinin artmasına yol açır. Bu modelin əsas üstünlüklərindən biri də bayaq qeyd etdiyimiz kimi, düzgün tətbiq edildikdə dövlət idarəçiliyinin səmərəliliyini artırılmasına müsbət təsir göstərir.Bundan əlavə yeni sistem şəffalığı təmin edir. Bu mənada onun sözügedən bu xüsusiyyəti büdcə və əməkhaqqı sistemində şəffaflığın artırılmasına xidmət edəcək. Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki,rasional varaiantda tətbiq olunduqda, bu qayda dövlət qulluğunda motivasiyanı artırır və korrupsiya risklərini azaldır.

- Bu modeldən istifadənin üstünlükləri beynəlxalq təcrübədə öz təsdiqini nə dərəcədə tapıb?

- Bu modelin,yəni vahid prinsip və nəticəyönümlü əməkhaqqı qaydasının müəyyən olunmasının müxtəlif variantları beynəlxaq təcrübədə tətbiq edilir. Beynəlxalq təcrübədə dövlət qulluğu sistemində tətbiq edilən bu modelin ən yüksək nəticə verən variantı 1959-1990-cı illərdə Sinqapurun məşhur Baş naziri olmuş Li Kuan Yu tərəfindən irəli sürülüb və uğurla tətbiq olunub. Bu yanaşma, layiqli həyat səviyyəsini və nəticələr üçün yüksək məsuliyyəti təmin etməklə korrupsiyanın qarşısını almağı hədəfləyir. Sinqapur modelində dövlət qulluğunda əmək haqqı sistemi özəl sektorla rəqabət, yüksək meritokratiya və korrupsiyaya qarşı mübarizə tədbirləri prinsiplərinə əsaslanır. Sinqapurda dövlət sektorunun əmək haqqı ən yaxşı istedadları cəlb etmək üçün özəl şirkətlərdəki top menecerlərin əmək haqqı ilə müqayisə edilə bilər. Peşəkar inkişaf və əmək haqqı artımları xidmət müddətindən daha çox nailiyyətlərə əsaslanır. Sinqapurda əməkhaqqının şəffaf və rəqabətli strukturda qurulması korrupsiyanı minimuma endirib. Postsovet məkanına aid olan Estoniya, Gürcüstan və digər ölkələrdə də dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə hədəflənən oxşar modeldən istifadə olunur. Bizdə də bu üsul layiqli həyat səviyyəsi və işin, fəaliyyətin nəticələri üçün yüksək məsuliyyətin effektiv kombinasiyası şəklində tətbiq edilsə,səmərəli olar və beynəlxal təcrübədəki kimi motivasiyanı, dövlət aparatının funksional çevikliyinin artırar və korrupsiya risklərini azaldar.

- Təklif olunan dəyişikliklər sayı 27 min nəfər ətraflnda olan dövlət qulluqçusu statusu olanlara aiddir. Bəs dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları necə dəyişəcək? Büdcə təşkilatlarında çalışan,amma dövlət qulluqçusu statusu olmayan işçilərin əmək haqqlarının artırılması gözlənilirmi?

- Yəqin ki, əmək haqqı sahəsindəki islahatlar "Dövlət qulluğu haqqında” qanunda edilən bu dəyişikliklərlə məhdudlaşmayacaq və sistemli şəkildə davam etdiriləcək. Bunu əmək haqqı sahəsində görülməsi vacib olan işlərin miqyasları zəruri edir. Belə ki, ölkəmizdə orta əmək haqqı 1100 manatın üstündə olsa da, minimum əmək haqqı 400 manat olmaqla, onun 36 fazi səviyyəsindədir. Azərbaycanın qoşulduğu müvafiq beynəlxal konvesiya və digər sənədlərə görə, minimum əmək haqqı orta əmək haqqının 60 faizindən az olmamalıdır. Ona görə də bu ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əmək haqqı ən azı ildə bir dəfə artırılacaq. Yeni mexanizmə uyğun olaraq minimum əmək haqqının artırılması ilə bağlı konkret təkliflər hazırlanır və bundan sonra minimum əmək haqqı artırılmalıdır. Minimum əmək haqqı artanda, təkcə hazırda 400 manat maaş alanların deyil, 400 manatla 1150 manat arasındakı diapazonunda 19 dərəcə ilə müəyynləşmiş vahid tarif cədvəli üzrə maaş alanların bütün pillələri üzrə əmək haqqlarında artımlar olacaq. Bura elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan və digər dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 minə qədər işçinin maaşlarının artmasına səbəb olacaq. Əmək haqqı sahəsində bundan əlavə də tədbirlər görülməsi lazım gələcək. Bu sahədə yetərincə istifadə olunmayan ən böyük mənbə ondan ibarətdir ki, Azərbaycanda ÜDM-də əməyin ödəniş xərclərinin payı MDB-nin enerjidaşıyıcılı ölkələri olan Rusiya və Qazaxıstandakından aşağıdır. İslahatlar kontekstində iqtisadiyyatın fəaliyyətinin səmərəliliyini və əmək məhsuldarlığını artırmaq şəraitində ÜDM-də əməyin ödəniş xərclərinin payını artırmaqla, əmək haqqlarının artırılması üçün yaxşı baza yaratmaq olar. Mədənçıxarma sənayesi (neft-qaz), maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də nəqliyyat sahəsində əmək haqqı ölkə üzrə orta əmək haqqından 1,4-3,4 dəfə yüksək, səhiyyə, kənd təsərrüfatı və xidmət və s.sahələrdə əmək haqqı isə ölkə üzrə orta əmək haqqından 17-60 faiz intervalında aşağıdır. Emal sənayesində əmək haqqı neft-qaz sənayesindəkindən 3,7dəfə aşağıdır. Regionlarda orta əmək haqqı ölkə üzrə əmək haqqının orta səviyyəsindən 1,6-1,7 dəfə, Bakıdakından 2 dəfəyə yaxın aşağıdır. Ona görə də həm əmək haqqının sahə strukturunun təkmilləşdirilməsi,həm də regionlarda da əmək haqqının yüksəldilməsi istiqamətində səylərın artırlması çox vacibdir. Elə öz təcrübəmiz,yəni işğaldan azad edilən ərazilərdə görülən işlərin təcrübəsi və ilkin sosial-iqtisadi nəticələrin səviyyəsi göstərir ki,yerlərdə idarəetmə sistemini normallşadıb,yetərincə sərmayə qoyub, ondan səmərəli istifadə edəndə, həm yerli istehsal göstəriciləri həm də gəlirlərin səviyyəsi baxımdan nəticələr də Xankəndinin timsalında Bakı ilə, Şuşanın timsalında isə Azərbaycanın digər şəhər və rayonları ilə rəqabətə girmək və üstünlük qazanmq da mümkündür. Sonda qaldırdığımız məsələlərlə dövlət qulluqçusunun əmək haqqının yeni modelinin daxili məntiqi əlaqəsi konteksində bir məqamı xüsusi qeyd etmək istərdik ki, müəyyən bir mərhələdən sonra dövlət qulluqçusunun əmək haqqının sözügedən modeli ölkənin iqtisadi nəticələri ilə əlaqələndirilir və “əgər gəlirlərinin davamlı olaraq artmasını istəyirsənsə, çalışdığın qurumun və ölkənin inkişafına töhfəni artır” prinsipi işləməyə başlayır. Bu prinsipin ölkə iqtisadiyyatı,iqtisadiyyatın ayrı-ayrı sahələri və ayrı-ayrı müəssüsə, təşkilat və s.qurum səviyyələrinin daxili məntiqi əlqəsinə nail olamaqla tətbiq edilməsini göz önünə gərirsək, belə bir fikir söyləmək olar ki, dovlət qulluqçularınən əmək haqqı sahəsində tətbiq edilən bu yeni qaydanın həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya multiplikativ effekti insan resurslarının effektiv idarə edilməsinə, digər sahələrdə də əmək haqqı modellərinin təkmilləşdirilməsinin sürətləndirilməsinə, nəticəliliyinin artmasına müsbət təsir edəcəkdir.

Turan İSMAYIL

Seçilən
92
redaktor.az

1Mənbələr