AZ

Eskalasiyaya eskalasiya ilə cavab veriləcək!

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Körfəz ölkələrindən xəbərdarlıq: cavab haqqını özümüzdə saxlayırıq

Yaxın Şərqdə 20 gündür davam edən gərginlik səngimək bilmir. Beynəlxalq internet monitorinq xidməti “NetBlocks”a görə, İranda internet bağlantısı 450 saatdan çox və ya 19 gündən çoxdur ki, demək olar ki, tamamilə kəsilib ki, bu da ölkə tarixində ən uzun kəsintidir.

TASS-ın yaydığı xəbərə görə, artıq 20 gündür ki, müharibə səbəbilə Yaxın Şərqdə sərt hava nəqliyyatı məhdudiyyətləri qüvvədədir. Qeyd edək ki, Yaxın Şərq ölkələrinin hava məkanı fevralın 28-dən bağlanıb. “O vaxtdan 20 gün keçib: İran, İraq və Küveyt üzərindən uçuşlar dayandırılıb və Suriya hava məkanı da qismən bağlıdır - uçuşlara yalnız Hələbə, yalnız üç təyin olunmuş dəhliz boyunca icazə verilir”, - deyə region ölkələrindən birinin hava nəqliyyatının idarə edilməsi xidmətindəki mənbə bildirib.

Hava məkanları bağlıdır

Qeyd olunub ki, Bəhreyn üzərindəki hava məkanı da bağlıdır, lakin paytaxtdan bəzi uçuşlara, məsələn Səudiyyə Ərəbistanına ən qısa dəhliz boyunca icazə verilir. BƏƏ isə hava məkanının qismən bağlanması zamanı yerli hava limanlarına altı marşrut müəyyən edib və yerli hakimiyyət orqanları bütün daşıyıcıların regiondakı ümumi vəziyyətlə əlaqəli potensial əməliyyat risklərini qiymətləndirməli olduqları barədə xəbərdarlıq edib. Təxminən iki həftə əvvəl Qətər hava məkanını gündə 11 saat qismən açmağa başlayıb və bu, Qətərə ölkədə qalmış turistlər üçün repatriasiya uçuşları həyata keçirməklə yanaşı bir neçə paytaxt şəhərinə müntəzəm uçuşlar etməyə imkan verib. Qeyd edək ki, hələlik Qətər üzərindən yalnız tibbi  və hökumət təyyarələrinə, eləcə də xüsusi icazə ilə hava axtarış və xilasetmə əməliyyatlarına icazə verilir.

Səudiyyə Ərəbistanı hədələdi...

Eskalasiyanın miqyası isə daha da böyüyə bilər. Səudiyyə Ərəbistanı və digər Körfəz Ərəb dövlətləri İrandan gələn hər hansı bir gərginliyə qarşı sərt reaksiya verəcəklərini bəyan edib. Bu açıqlamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud verib. Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin qeyd edib ki, İran rəhbərliyi Körfəz Ərəb dövlətlərinin onun hücumlarına cavab verə bilmədiyinə inanmaqda səhv edib: “Əgər İran Körfəz Ərəb Dövlətlərinin onun təcavüzünə cavab verə bilməyəcəyini düşünürdüsə, səhv edirdi. Səudiyyə Ərəbistanı və regiondakı digər ölkələr lazımi hərbi imkanlara malikdir və biz lazım gələrsə, hamısından istifadə edəcəyik”.

O, bildirib ki, “İrana qarşı son etimad izləri tamamilə sarsılıb” və Tehran, onun fikrincə, “qonşuları ilə dialoqa inanmır”. Nazirin sözlərinə görə, İran “siyasi məqsədlərinə çatmaq üçün şantaj”dan istifadə edir: “Üzr istəyir, amma bunlar da ölkələrimizi şantaj etmək cəhdindən başqa bir şey deyil. Hər hansı bir eskalasiya yalnız əks-eskalasiya ilə qarşılanacaq”.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanının səbri “sonsuz deyil” və ölkə İrana olan etimad “sarsıldığından” İranın hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır. Fərhan Əl Səud, həmçinin Tehranın bu cür hücumların Amerika hərbi bazalarının mövcudluğu ilə əlaqəli olduğu iddiasının “inandırıcı olmadığını” qeyd edib.

Ər-Riyadda toplantı...

Yeri gəlmişkən, Ər-Riyadda görüşən 12 ərəb və İslam ölkəsinin xarici işlər nazirləri İranın Körfəz Ərəb dövlətlərinə hücumlarını dayandırmağa çağırıblar. Bununla bağlı mövqe yekun açıqlamada öz əksini tapıb. Bildirilib ki, İranın Körfəz ölkələrinə hücumları heç bir şəkildə əsaslandırıla bilməz; onların hədəfləri mülki infrastruktur və yaşayış məntəqələrini əhatə edir. Tehran bu hücumları dərhal dayandırmalıdır.

Ər-Riyad görüşünün iştirakçıları, həmçinin Körfəz Ərəb dövlətlərinin “özünümüdafiə hüququna malik olduğunu” təsdiqləyiblər.

İlk atəşkəs...

Yaxın Şərqdə müvəqqəti də olsa ilk atəşkəs elan edilib. Belə ki, “Kətaib Hizbullah”ı Bağdaddakı ABŞ səfirliyinə qarşı beş günlük atəşkəs elan edib. İrəli sürülən şərtlərə əsasən, İsrail ordusu Beyrutun cənub ətrafı və Bağdaddakı yaşayış məntəqələrini bombalamağı dayandırmalı, Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları yerləşdikləri yerlərdən çıxarılmalı, ABŞ səfirliyi həmin yerlərin yurisdiksiyasına verilməlidir. “Kətaib Hizbullah”nın baş katibi Əbu Hüseyn Əl-Həmidavi xəbərdarlıq edib ki, əgər şərtlər yerinə yetirilməsə, beş gündən sonra cavab tədbirləri “birbaşa və hədəfə alınacaq” şəkildə həyata keçiriləcək.

Bəndər-Ənzəli limanı hədəfə alındı

Xəzər dənizindəki Bəndər-Ənzəli limanıda İranın hərbi dəniz qüvvələrinə zərbə endirib. Zərbə nəticəsində İranın azı 5 hərbi gəmisi sıradan çıxıb. Məlumata əsasən, hücum nəticəsində gəmilər ciddi ziyan görüb və onların döyüş qabiliyyəti itirilib. Zərbələrin, eyni zamanda, bəzi hərbi infrastruktur obyektlərini də əhatə etdiyi qeyd olunur.

Qeyd edək ki, Bəndər-Ənzəli limanı İranın Xəzər hövzəsində əsas ticarət qapılarından biridir və strateji obyektdir. Liman “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ən kritik həlqələrindən biri hesab olunur.

“Cənubi Pars” qaz müəssisəsinə endirilən zərbələrə cavab

Bəhreynin ABŞ-a məxsusluğu bildirilən  mayeləşdirilmiş təbii qaz (LNG) zavodu güclü raket zərbələrinə məruz qalıb. Məlumata görə, Tehran rəhbərliyi bu hücumun İranın “Cənubi Pars” qaz müəssisəsinə endirilən zərbələrə cavab olaraq həyata keçirildiyini bəyan edib.

Bildirilir ki, hədəf alınan obyekt Bəhreyn adalarını Səudiyyə Ərəbistanı ilə birləşdirən strateji körpünün yaxınlığında yerləşir. Güclü partlayışlar nəticəsində həmin körpüyə də ciddi ziyan dəyib.

Qeyd edək ki, bir neçə gün öncə İranın ən böyük qaz yatağı olan “Cənubi Pars”a hücum olunub. Rəsmi Vaşinqton hücumda iştirak etmədiyini bidirsə də, İran kəskin bəyanatla çıxış edib. Tehran regiondakı digər ölkələrin, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Küveyt və Qətərin bütün neft-qaz infrastrukturunu hədəf alacağını elan edib.

Qətər diplomatları çıxardı...

Bu arada “Qatar Energy” şirkəti “X” hesabında 19 martda istehsal infrastrukturuna daha bir raket hücumu edildiyini açıqlayıb: “18 martda Ras Laffan sənaye şəhərinə edilən və əhəmiyyətli ziyana səbəb olan əvvəlki hücuma əlavə olaraq “Qatar Energy” şirkəti 19 martın səhər saatlarında mayeləşdirilmiş təbii qaz istehsalı ilə əlaqəli bəzi obyektlərin raket zərbəsi ilə hədəfə alındığını və nəticədə ciddi yanğın və genişmiqyaslı ziyanın baş verdiyini təsdiqləyir”. Xəsarət alanlar barədə məlumat verilməyib.

Qətər dövləti İranın iki hərbi attaşesini və onların tabeliyində olan əməkdaşları “persona non-grata” (arzuedilməz şəxs) elan edərək, ölkəni tərk etmələri üçün onlara 24 saat vaxt verib. Bu barədə məlumatı əmirliyin Xarici İşlər Nazirliyi yayıb.

Qətər XİN-in mətbuat xidmətinin açıqlamasında bildirilib ki, “İranın hərbi attaşesi və təhlükəsizlik məsələləri üzrə attaşesi, həmçinin onların bütün tabeliyində olan şəxslər “persona non-grata” elan ediliblər və növbəti 24 saat ərzində Qətər ərazisini tərk etməlidirlər”.

“Habshan”a da zərbə endirilib

Əbu-Dabinin ən böyük təbii qaz emalı kompleksi olan “Habshan”a da zərbə endirilib. BƏƏ hakimiyyəti kompleksdə işlərin raket hücumundan sonra müvəqqəti olaraq dayandırıldığını elan edib: “Habshan” qaz emalı zavodundakı əməliyyatlar dayandırılıb”. Hücum nəticəsində xəsarət alan olmayıb.

Səudiyyə Ərəbistanında yerləşən “Samref” neft emalı zavoduna da havadan zərbələr endirilib. “Reuters” agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, hücumun nəticələri minimaldır. “Samref” zavodu “Saudi Aramco” və “Exxon Mobil” şirkətlərinin birgə müəssisəsidir. Müəssisə Qırmızı dəniz sahilindəki Yanbu liman şəhərində yerləşir. Qeyd olunur ki, hazırda bu liman Səudiyyə Ərəbistanının neft ixracı üçün yeganə çıxış məntəqəsidir.

Hörmüzdə yeni rejim

Müharibənin bitməsinin ardından isə Hörmüz  boğazında yeni hüquqi rejim yarana bilər. İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə açıqlama verərək deyib ki, müharibə başa çatdıqdan sonra İran Omanla birlikdə boğazdan keçid şərtlərini müəyyən edəcək. Cəlalzadə bildirib ki, yeni hüquqi rejimin yaradılması artıq qərarlaşdırılıb və bu proses ölkənin silahlı qüvvələrinin dəstəyi ilə həyata keçiriləcək.

Senat bu dəfə də icazə vermədi

ABŞ Senatı prosedur səsverməsi zamanı qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiqinə imkan yaradılmasını özündə əks etdirən qətnaməni yenidən rədd edib. Nyu-Cersi ştatından olan Kori Bukerin təklif etdiyi tədbirin lehinə 47 senator, əleyhinə isə 53 senator səs verib. Tədbirin respublikaçıların nəzarətində olan yuxarı palatada qəbul edilməsi üçün prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməsi tələb olunurdu. 4 martda Bukerin həmkarı Tim Keynin (Virciniya ştatından olan deputat) təklif etdiyi oxşar qanun layihəsi də yuxarı palatada prosedur səsverməsində uğursuzluqla qarşılaşmışdı.

“The Washington Post” (WP) mənbələrə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı əməliyyatı davam etdirmək üçün 200 milyard dollardan çox vəsait tələb edir.

Neft emalı zavodunda yanğın...

Pilotsuz təyyarə hücumundan sonra Küveyt paytaxtının 45 kilometr cənubunda yerləşən Port Abdullahdakı neft emalı zavodunun istehsalat bölmələrindən birində yanğın baş verib. Bu barədə Küveyt Neft Korporasiyası məlumat verib. KUNA xəbər agentliyinin istinad etdiyi açıqlamaya görə, işçilərin və obyektin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Korporasiya daha sonra yanğının söndürüldüyünü bildirib. “Əl-Əhmədi və Abdullahdakı neft emalı zavodlarının istehsalat bölmələrinə pilotsuz təyyarələrin hücumları nəticəsində baş verən iki yanğın söndürülüb”, - deyə şirkətin açıqlamasında bildirib.

Aİ narahatdır

Aİ Yaxın Şərqdəki eskalasiyadan narahatlığını növbəti dəfə ifadə edib. Qurumun ali nümayəndəsi Kaya Kallas bildirib ki, Qətərdəki LNG zavoduna hücum xaosa səbəb olub. O qeyd edib ki, münaqişənin təcili olaraq həll yolu tapılmalıdır. “İranın Qətərdəki LNG zavoduna hücumu xaosa səbəb olub. Təcili olaraq çıxış yolu strategiyasına ehtiyacımız var. Biz bu müharibədən çıxış yolunu görmək istəyirik. Biz Yaxın Şərqdə xaosu və bunun da bütün dünya üçün nəticələrini görürük”.

İki PUA məhv edildi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri 19 mart gecəsi iki İsrail PUA-sını məhv edib və kruiz raketini ələ keçirib. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, İsrail təyyarəsi İranın qərbindəki Sənəndəc hava limanında İslam İnqilabı Keşikçiləri Korpusunun Mi-17 helikopterinə hücum edib.

İran BƏƏ-dən təzminat istəyir

İran ABŞ-ın Əmirlik ərazisindən edilən zərbələri nəticəsində dəyən ziyana görə BƏƏ-dən təzminat tələb edir. Bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.

İran Məclisinin sədri Məhəmməd Bağer Qalibaf isə bildirib ki, Hörmüz boğazı məqsədli şəkildə deyil, özünümüdafiə səbəbilə bağlanıb.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
yeniazerbaycan.com

2Mənbələr