AZ

Ürəklərin yenidən gülməyi öyrəndiyi evdən bayram reportajı

Bakı, 20 mart, AZƏRTAC

Yaz fəsli Bakıya çiçəklərin ətri, günəşin ilk şüalarının doğmalığı və uşaq gülüşlərinin səsi ilə gəlir. Uşaq sığınacağının divarlarında bu gülüşlər xüsusilə kövrək, ürəkürpədəndir. Burada gülməyi yenidən öyrənən uşaq ürəkləri hər yeni günlə sanki doğmalaşır. Bu gün sığınacağın akt zalı həmin uşaqların hazırladığı əl işləri ilə rənglənmişdi. Onların əl işlərindəki hər sap, hər ilmə sanki uşaqların daxili dünyasının həyəcan, ümid və eşidilməyinin vacibliyindən xəbər verir, onu dilə gətirirdi. Həmin gün AZƏRTAC əməkdaşları olaraq uşaqların Novruzu qarşılamalarına və insanlara yenidən inanmağı necə öyrəndiklərinə şahid olmaq üçün onların görüşünə getdik.

Dirçəldən zərif sənət

Rəsmlərlə dolu olan otaqda masa arxasında 17 yaşlı İlahə Məmmədova səliqəli şəkildə əl işlərinə tamaşa edir. “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin” artterapiya otağında ip və saplar onun əllərində kiçik möcüzəyə çevrilir: “Mən nəsə hazırlayanda bütün gün içimdə qalan sevinc yaranır”- deyən İlahənin səsində özü ilə fəxr notları hiss olunur. Onun hər əl işi sadə rəsm deyil, daxili gözəlliyinə, hormoniyasına açılan dünyadır.

Bir az irəlidə öz işlərini qürurla təqdim edən Solmaz Hüseynova rənglərin seçimindən və formanı öz zövqünə uyğun yaratmasından danışır. “Arterapiya mənə yenidən yaratmağı və hər ana sevinməyi öyrətdi”, - deyə Solmaz təəssüratlarını bizimlə bölüşür. Onun əllərində kiçik saplar işləndikcə üzündə incə gülümsəmə yaranır. Bu uşaqlar üçün incəsənət-onların sevinclərini və bacarıqlarına inamlarını əks etdirən ifadə vasitəsidir.

İnam üzərindən böyüyən sevinc

Bir çox uşaq üçün Novruz bayramı gülüş, rəqs və maraqlı oyunlar deməkdir. Zalın mərkəzində 9 yaşlı Könül Talıbova səməniyə yaxınlaşaraq onu bəzəməyə çalışır. Kiçik əlləri bu işi o qədər dəqiqliklə edir ki, sanki ətrafa sükut çöküb. Elə bu anda onun yüngül gülüşü sükutu pozur: “Biz səməniləri bəzəyirik, papaq atırıq, yumurta qırırıq və gülürük. Mən bu bayramı çox sevirəm”, - deyə o qeyd edir.

Yanında dayanan Zəhra Şamilova fırlanaraq rəqs edir, gözləri sevincdən böyüyür, onun hər addımında sanki musiqitək bütün zalı canlandıran bayramın enerjisi hiss olunur: “Biz Novruzu bütün qrupla qeyd edirik. Gülürük, rəqs edirik”, - deyə sevinclə danışan Zəhra musiqinin sədaları altında rəqsini ona uyğun etməyə çalışır.

Balaca Mələk Ramazanova uzun hörükləri ilə musiqinin ritmini tutmağa çalışır və şən-şaqraq əl çalır. Onun gülüşü bütün zalı bürüyür, istər-istəməz ona qoşulmaq istəyirsən.

“Novruz mənim sevdiyim bayramdır. Mən dostlarımla əylənməyi sevirəm”- deyən Mələyin gözündəki sevinci sözlərlə ifadə etmək çətindir.

Dünyanı dəyişən qayğı

Sığınacağı bizimlə eyni gündə ziyarət edən polis əməkdaşları uşaqların yanına əliboş gəlməmişdilər. Onlar uşaqlara hədiyyə verir, məşğuliyyətləri ilə maraqlanırlar. Uşaqlardan biri onlara əl işlərini fəxrlə nümayiş etdirir, digəri rəqsdə və oxumaqda bacarığından ürəkdolusu danışır. Hər söz, hər hədiyyə uşaqlara olan diqqət və qayğının rəmzinə çevrilir. Uşaqların qonaqlarla maraqlı ünsiyyətinin, gülüşünün, idealarını bölüşməyinin şahidi oluruq. Bu məqamlar böyüklərin qayğı, diqqət və iştirakçılığının hər bayramı xüsusilə gözəlləşdirdiyini göstərir.

Parıldayan arzular

Zalın küncündə öz arzularını danışan uşaqları görürük. Kimi rəssam, kimi musiqiçi, kimi informasiya texnologiyaları mütəxəssisi olmaq istəyindən danışır. “Mən gözəl əl işləri yaratmağa və insanları sevindirməyə davam etmək istəyirəm”,- deyə İlahə dilə gəlir. Solmaz isə davam edir: “Mən bacarıqlarımı inkişaf etdirib insanlara kömək etmək istəyirəm”.

Hər hekayə, hər arzu uşaqlar üçün öz gələcəyinə inanmağın necə vacib olduğunu vurğulayır. Bütün zalı bürüyən arzular, hətta sadə sevinc, gülüş və incəsənət anları kiçik qələbələrə çevrilir.

Kiçik sevinclər, böyük ümidlərə doğru

Uşaq sığınacağının hər günü məşğələ, oyun və incəsənətlə doludur. Xüsusilə bayramlarda, Novruzda bu ev xoşbəxtliyin adasına çevrilir. Gülüş, sevinc və böyüklərin diqqəti uşaqlara cəmiyyətə inamlı və güclü qoşulmağa yardım edir.

Valideyn himayəsindən məhrum qalan bu uşaqlar üçün Novruz bu uşaqlar üçün təkcə yazın gəlişinin müjdəçisi deyil, həm də ümid bayramıdır. Bu bayram günləri sevinclə dolu, doğmalıq və etibarın hökm sürdüyü gələcəyə inamı əks etdirir. Onların gülüşü böyüklərə uşaq sevincinin hətta ən dərin qaranlıqları belə, işıqlandırmağa qadir olduğunu yenidən xatırladır.

 

Müxbir - Nailə Həsənova

Fotoqraf - Nicat Həşimov

Video - Mirrəsul Cıəfərov

Seçilən
44
1
azertag.az

2Mənbələr