AZ

Laricaninin yerinə təyin olunan general kimdir - DOSYE

İran hakimiyyətində baş verən son dəyişikliklər fonunda Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi postuna təyin olunan general Hüseyn Dehqan Pudehinin dosyesi diqqət mərkəzinə çevrilib.

Musavat.com xəbər verir ki, bu təyinat yalnız kadr dəyişikliyi deyil, həm də İran daxilində formalaşan mürəkkəb siyasi və təhlükəsizlik boşluğunun göstəricisi kimi qiymətləndirilir.

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei tərəfindən imzalanan qərarla mərhum Əli Laricaninin yerinə Hüseyn Dehqan təyin edilib.

Hüseyn

1957-ci ildə İsfahan ostanında – Dehagan şəhristanının Pudeh kəndində anadan olan Dehqan Tehran Universitetində idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi alıb. Onun əsas fəaliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə bağlı olub.

Dehqan:
• İİKK-nin Tehran bölməsinin komandanı (1980–1982),
• İsfahan, Suriya və Livan bölmələrinin rəhbəri (1982–1983),
• İİKK-nin Kooperativlər Fondunun baş direktoru (1997) olub.

İran-İraq müharibəsi dövründə Möhsün Rezayi, Yəhya Rəhim Səfəvi və Əli Şəmxani kimi yüksək rütbəli komandirlərlə yanaşı fəaliyyət göstərib. O, həmçinin İİKK-nin hərbi hava qüvvələrində mühüm vəzifələr tutub, 1990-cı ildə bu qüvvələrin komandanı təyin edilib. Daha sonra briqada generalı rütbəsinə yüksəlib.

Yeni katib beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə ilk dəfə 2018-ci ildə, İsrailin İranın nüvə arxivini oğurlamaq üçün həyata keçirdiyi sensasion əməliyyatdan sonra düşüb. Belə ki, 2017-ci ildə (Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra) İranın ali rəhbəri Əli Xamenei 2015-ci il nüvə sazişindən sonra hərbi nüvə proqramı olan “Amad Layihəsi”nin arxivini MAQATE və Qərb kəşfiyyatından gizlətmək üçün daha dərində saxlanılması barədə göstəriş vermişdi.

O zaman müdafiə naziri postunu tutan Hüseyn Dehqan 2020-ci ildə sui-qəsd nəticəsində öldürülən tanınmış nüvə alimi Möhsün Fəxrizadə ilə birlikdə arxivin Tehrandakı Şorabad sənaye zonasında yerləşən tərk edilmiş anqara köçürülməsini təşkil edib. Sənədlər adi kağızlar kimi maskalanaraq mühafizə altına alınıb.

Lakin 2018-ci il yanvarın 31-nə keçən gecə təxminən 20 agentdən (o cümlədən iranlı müxaliflərdən) ibarət “Mossad” komandası anqara daxil olaraq seyfləri qaz kəsiciləri ilə açıb və yarım tonluq arxivi bir gecədə ölkədən çıxarıb. Həmin ilin aprelində İsrailin baş naziri Benyamin Netanyahu bu sənədləri rəsmən dünyaya nümayiş etdirdi. Bu hadisədən sonra Dehqan nazir postunu itirərək Xameneinin hərbi müşaviri təyin edildi. O, sonradan İsraili İranın təhlükəsizlik strukturlarına dərindən nüfuz etməkdə günahlandırıb və sistem daxilində xəyanətin olduğunu birbaşa bəyan edib.

“New York Times”ın anonim iranlı məmura istinadən yaydığı məlumata görə, “Mossad” həmin anbarı hələ 2016-cı ilin fevralında aşkar edib və o vaxtdan nəzarətdə saxlayıb.

Mossad

Hüseyn Dehqan 2019-cu ilin noyabrında ABŞ tərəfindən sanksiya siyahısına daxil edilib. Bu addım onun 1983-cü ildə Beyrutda ABŞ hərbi bazasına hücumla əlaqələndirilməsi ilə izah olunur. Həmin hadisədə 241 amerikalı hərbçinin öldüyü iddia edilir.

Əli Laricaninin öldürülməsi və paralel olaraq İranın digər yüksək səviyyəli fiqurlarının da hədəfə alınması ölkə rəhbərliyində ciddi boşluq yaradıb. Dünyanın tanınmış analitikləri hesab edir ki, bu boşluğun doldurulması asan olmayacaq.

Əli

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bu təyinatı verən ali rəhbər kimi təqdim olunan Müctəba Xamenei hələ də ictimai müstəvidə görünmür. Onun nə açıq çıxışları, nə də rəsmi görüntüləri yayılıb. Bu isə İran daxilində real qərarvermə mərkəzinin kim olduğu ilə bağlı sualları artırır və informasiya məkanında müəyyən etimadsızlıq yaradır.

Musavat.com-a görə, bir tərəfdən ard-arda həyata keçirilən suiqəsdlər və yüksək vəzifəli şəxslərin aradan götürülməsi, digər tərəfdən isə ali rəhbərlik səviyyəsində görünən boşluq İran dövlət aparatında koordinasiya problemlərini dərinləşdirir.

Dehqan kimi sərt xətt tərəfdarının bu vəzifəyə gətirilməsi isə təhlükəsizlik strukturlarının siyasi qərarvermədə rolunun daha da artdığını göstərir.

SEPAH:

Bütün bu proseslər ABŞ–İsrail ittifaqının artıq 20 gündür davam edən İran əleyhinə hərbi əməliyyatları fonunda baş verir. İran ərazisində hərbi obyektlərin, SEPAH və Bəsic strukturlarının ardıcıl şəkildə hədəfə alınması ölkə daxilində həm hərbi, həm də siyasi təzyiqi maksimum səviyyəyə çatdırıb.

Belə bir şəraitdə Hüseyn Dehqanın təyinatı yalnız bir kadr dəyişikliyi deyil, həm də İranın daha sərt və hərbiləşmiş idarəetmə modelinə keçidinin siqnalı kimi dəyərləndirilir.

Musavat.com

Seçilən
68
7
musavat.com

10Mənbələr