AZ

Sumqayıtın Novruz növrağı

Sumqayıt bulvarında böyük canlanma vardı. Səhər saatlarından insanlar bulvarda yerləşən Bayraq muzeyi və Muğam Mərkəzinin qarşısına yığışırdı. Hamının üzündə yaz təbəssümü dolanırdı. Ortada odunlar yığılmış, ətrafında Novruz atributları düzülmüşdü. Milli geyimli məktəblilər əllərində səməni başlayacaq tədbirin məşqini edirdilər.

İnsanlar görüşür və bir-birinin bayramını təbrik edirdi. Taleh Ələkbərov nəvələri ilə birlikdə bayram sevincini bizimlə bölüşdü: "Mən hər il Novruz bayramında Sumqayıtda keçirilən tədbirlərə qoşuluram. Özüm kimya sahəsində çalışmışam, hazırda təqaüddəyəm. Nəvələrimi buraya gətirib bizim milli bayramımızı onlara əyani göstərirəm. Çünki göz yaddaşı uzun müddət unudulmur". Şəhid anası Maisə Səbuhi də söhbətə qoşuldu: "Sumqayıtda bütün bayramlar yüksək səviyyədə keçirilir. Novruz isə onların içində xüsusilə seçilir. Çox sevinirəm ki, artıq neçə ildir biz bayramlarımızı suveren ölkənin vətəndaşları kimi qeyd edirik. Bunu bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik".

Bir qədər sonra bayrama start verildi. Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, qonaqlar bayram tonqalının ətrafına yığışdılar. ŞİH-in başçısı Z.Fərəcov bayram tonqalını alovlandırdı. Kosa və Keçəl əllərində xurcun şənliyə bir qədər də şənlik qatdılar. Meydana daxil olan Dədə Qorqud odun tarixindən, Bahar bayramının köklərindən söz açdı. Alp ərənlər qılınc çəkib, qurşaq tutub güləşdilər. Saz ustaları ölkəmizin şəninə bayatılar deyib, mahnılar ifa etdilər. Bahar qızın gəlişi alqışlarla qarşılandı və onun əlindəki səməni tonqalın kənarında ayrılmış xüsusi yerə qoyuldu. Milli geyimli qız və oğlanlar rəqs etdilər. Şəkərbura, paxlava, qoğal dolu xonçalarla rəqs edən qızlar sovqatları iştirakçılarla bölüşdülər.

Sonra şənliyə dəvət olunmuş sumqayıtlı incəsənət xadimlərinin ifasında şən mahnılar səsləndirildi. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini yaşadan müxtəlif oyunlar, zarafatlar, şən-şux mahnılar hamıda xoş ovqat oyatdı. Bayram şənliyi Sumqayıt bulvarı boyu gəzinti ilə davam etdi.

Akif ƏLİYEV,

"Azərbaycan" 

Seçilən
101
azerbaijan-news.az

1Mənbələr