AZ

Rusiyada yeni qərar:

Rusiyada yeni qərara görə, miqrant ailələrinin uşaqları 18 yaşına çatdıqdan sonra ölkəni tərk etməyə məcbur olacaq. Bu qərar ölkədə yaşayan xarici vətəndaşların, o cümlədən, azərbaycanlı miqrant ailələrin aqibətini necə dəyişəcək? “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, vaxtaşırı Rusiyada yeni qanun layihələri müzakirəyə çıxarılır və bu layihələr birmənalı şəkildə miqrantların maraqlarına cavab vermir: "Hökumət çalışır ki, bu qanunlar vasitəsilə miqrant axınları üzərində elə bir nəzarət mexanizmi qursun ki, ölkə ərazisində olan hər bir miqrant iqtisadiyyata fayda versin. Yəni fayda verməyən miqrantın ölkədə saxlanılması məqsədəuyğun hesab edilmir. Bu səbəbdən də Rusiya hökuməti həm miqrant ailələri, həm də miqrantların özləri ilə bağlı mütəmadi olaraq yeni qanun layihələrinin hazırlanmasında, onların müzakirəyə çıxarılmasında və sonradan Dövlət Dumasında qəbul olunmasında maraqlıdır. Ayrı-ayrı siyasi mərkəzlər də bu siyasətin həyata keçirilməsində xüsusilə maraqlıdırlar. Eyni zamanda, fürsətdən istifadə edən bəzi miqrant əleyhinə siyasi qüvvələr var ki, onlar hər dəfə yeni qaydaların tətbiqi ilə bağlı təşəbbüslər irəli sürərkən əsas məqsəd kimi miqrantların sayının azaldılmasını hədəfləyirlər".A.Allahverənovun sözlərinə görə, yeni qanun layihəsi mexanizm baxımından qeyri-müəyyən qalır:"Məsələn, miqrant ailələrinin uşaqları valideynləri əməkçi miqrant kimi ölkədə müvəqqəti yaşama icazəsi aldıqları üçün onların himayəsində ölkədə qalmaq hüququ qazanırlar. Nəzəri olaraq, həmin uşağın 17-18 yaşına çatdığını, məktəbi bitirdiyini və daha sonra Rusiyanın ali təhsil müəssisəsinə qəbul olunduğunu fərz edək. Bu halda o, ölkəni tərk etməli olmur, tələbə statusu ilə Rusiyada qalmaq imkanı əldə edir. Daha sonra isə bu şəxs təhsilini davam etdirə-etdirə növbəti mərhələdə əməkçi miqrant kimi fəaliyyət göstərmək üçün müvafiq icazələr ala bilər. Göründüyü kimi, Rusiya hökuməti çalışır ki, 18 yaşına çatmış şəxs artıq ölkə iqtisadiyyatına töhfə verən subyektə çevrilsin. Bu, istər tələbə kimi (təhsil haqqı ödəməklə), istərsə də əməkçi miqrant kimi (əmək patenti alaraq fəaliyyət göstərməklə) mümkün olur. Yəni istənilən halda həmin şəxs fayda verə biləcək miqrant kimi ölkədə qalmalıdır".Millət vəkili qeyd edib ki, yeni qanuna görə, şəxs yalnız valideynlərinin müvəqqəti yaşama icazəsi əsasında ölkədə qalırdısa, artıq 18 yaşdan sonra bu əsas kifayət etmir:
"Bu zaman o, müstəqil şəkildə hüquqi əsaslar əldə etməyə məcbur olur. Bu əsaslar isə əsasən təhsil, əmək fəaliyyəti və ya qanunvericiliyin nəzərdə tutduğu digər imkanlar ola bilər. Beləliklə, şəxs yenidən “faydalı miqrant” statusu qazanmış olur və bu da Rusiya iqtisadiyyatı üçün əlavə maliyyə axınları deməkdir. Burada söhbət konkret olaraq azərbaycanlı miqrantlardan deyil, ümumilikdə əcnəbilərdən gedir. Lakin hazırda 18 yaş həddinə çatmaq üzrə olan əcnəbilərin sayı və bu qanunun tətbiqindən sonra Rusiyanın əldə edəcəyi iqtisadi faydanın həcmi dəqiq məlum deyil. Bununla belə, belə bir qanunun qəbul edilməsinin əsas məqsədi və səbəbi kifayət qədər aydın görünür".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
54
metbuat.az

1Mənbələr