AZ

Yenilənmiş Əmircan

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmircanda həyata keçirilən mühüm layihələrdən biri Bülbülə gölü ətrafında aparılan abadlıq işləridir. Uzun illər ərzində çirkab sularının axıdıldığı gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə burada sutəmizləyici qurğu inşa edilir.

Hazırda Almaniya istehsalı olan qurğunun işə salınması ilə bağlı tikinti prosesi tamamlanma mərhələsindədir. Yenilənən su-kanalizasiya xətləri artıq kollektora yönəldilib. Avadanlıq istifadəyə verildikdən sonra gündəlik 2 kubmetr təmiz su gölə axıdılacaq. Bununla yanaşı, göl sahili tullantılardan və qamışlıqlardan təmizlənib, sahilboyu qaya daşları düzülüb, beləliklə, bir vaxtlar çirkab ərazi gəzinti yerinə çevrilib. 

Əmircanlılar builki Novruz bayramını daha abad və səliqəli qəsəbədə qarşılayırlar. Həyata keçirilən genişmiqyaslı abadlıq işləri nəticəsində qəsəbənin siması xeyli dəyişib. Evlərin fasadları təmir edilir, divarlar boyanır, köhnə qapılar yeniləri ilə əvəz olunur, dam örtükləri müasir və daha dayanıqlı materiallarla yenilənir. Bu işlər tikililərin həm estetik görünüşünü yaxşılaşdırır, həm də istismar müddətini uzadır.

Bakı Abadlıq Xidməti abadlaşdırdığı ərazilərdə memarlıq abidələrinə xüsusi önəm verir. Bu baxımdan qəsəbədə yerləşən Nizaməddin məscidinin, qədim türbənin və digər memarlıq abidələrinin bərpasında həssas yanaşma nümayiş etdirilib.

Layihə çərçivəsində qəsəbədaxili yollar əsaslı təmir olunub, küçələrə yeni daş örtüyü döşənib. Eyni zamanda, müasir işıqlandırma sistemləri qurulub, köhnəlmiş kommunikasiya xətləri yenilənərək daha təhlükəsiz və dayanıqlı infrastruktur yaradılıb. Əmircanlı rəssamlar tərəfindən küçə divarlarında rəsmlər çəkilib, ərazidə geniş yaşıllıqlar salınıb, parklar isə müxtəlif dekorativ bitki növləri ilə daha da zənginləşdirilib. Bu yeniliklər sakinlərin rahatlığını təmin etməklə yanaşı, qəsəbənin ümumi görünüşünü daha səliqəli və cəlbedici edir.

Görülən işlər nəticəsində sakinlər üçün bayram sevinci yalnız milli ənənələrlə deyil, həm də yaşadıqları məkanın yenilənməsi ilə əlamətdardır. Bakı Abadlıq Xidmətinin həyata keçirdiyi bu layihələr qəsəbənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

M.ƏMİRCANLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr