Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Dövlət qulluğunda yeni əməkhaqqı sisteminə keçid
Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə aparılan islahatların əhatə dairəsi ardıcıl olaraq genişləndirlir. Qarşıya qoyulan hədəf isə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsini respublikamıza gətirməklə, meydana çıxan yeni çağırışları qarşılamaqla Azərbaycanın müasir simasını formalaşdırmaq və vətəndaş məmnunluğunu daha da yüksəltməkdir.
İslahatlar, həmçinin dövlət idarəçiliyi sistemini də əhatə edir. Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə hesablanıb. İlk baxışda elə görünə bilər ki, mövcud idarəetmə sistemi dəyişməz olaraq qalmalıdır. Ancaq bu qəbildən olan təsəvvürlər yanlışdır. Zaman dəyişir, yeni reallıqlar və çağırışlar meydana gəlir. Dövlət idarəçiliyinin struktur çərçivələri də davamlı olaraq yenilənməli və ölkənin yüksələn inkişaf səviyyəsinə adekvat olaraq dəyişməlidir.
Dövlət qulluğunda çalışanların əməkhaqqının vahid strukturunun müəyyən edilməsi
Dövlət idarəçiliyində islahatlar çərçivəsində həmçinin kadrlara verilən tələblərə və onların sosial müdafiəsi məsələlərinə yenidən baxılır. İndiki mərhələdə Azərbaycan dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə gedilir. Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır. Müvafiq qanunvericilik sənədlərində edilən dəyişikliklərə əsasən, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, vəzifə səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.
Lakin nəzərdə tutulan dəyişikliklər dövlət qulluqçularının sosial təminatlarının məhdudlaşdırlması anlamında qəbul edilməməlidir. Ləğv edilmiş əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilir. Başqa sözlə desək, əvvəllər həm kollektiv, həm də fərdi qaydada verilən mükafatlar və yaxud əlavələr ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.
Burada əsas məqsəd daha şəffaf, ədalətli və vahid struktura malik əməkhaqqı sistemi formalaşdırmaqdan ibarətdir. Bu islahat əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasına, nəticədə dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir. Əməkhaqqının vahid strukturu bir sıra hallarda özünü göstərən maaş disproporsiyalarının aradan qalxmasını, bərabər imkanların təmin edilməsini şərtləndirmiş olacaq. Digər tərəfdən, dövlət qulluqçularının əməkhaqqının daha stabil və proqnozlaşdırılan olması təmin ediləcək.
Rəqabət mühitinin, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
Peşəkar kadr potensialının və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi islahat çərçivəsində müəyyənləşdirilən digər bir məqsəddir. Yeni islahat tədbiri sabit və rəqabətqabiliyyətli əməkhaqqı sisteminə şərait yaratmaqla, dövlət qulluğunun da əmək bazarında rəqabət qabiliyyətini artırmağa imkan yaradır. Əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün gənc və yeni dövlət qulluğuna qəbul olunan əməkdaşların məvacibi nisbətən aşağı olurdu. Bu isə özəl sektorun əməkhaqqı və digər sosial təminat baxımından daha cəlbedici imkanlar təqdim etməsi nəzərə alınmaqla, müasir əmək bazarının şərtləri ilə tam uyğunlaşmırdı.
Əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45 faizini təşkil edir, qalan hissə isə staja görə əlavə, vəzifə səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər “misli ilə” ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45 faiz deyil, orta hesabla 95 faizdən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.
İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.
Beləliklə, aydın şəkildə görünür ki, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Mübariz FEYİZLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.