AZ

Bu material qızıldan da dəyərli ola bilər: Alimlər yeni növ alüminium hazırlayıb

Platin qrupu metalları kimyəvi reaksiyalarda katalizator kimi mühüm rol oynayır, lakin onların hasilatı çətin və bahalıdır. İndi isə alimlər bu metalların alternativi ola biləcək yeni bir alüminium növü hazırlayıblar. 

HİT.az xəbər verir ki, bu barədə “Popular Mechanics” yazır.

“Nature Communications” jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, yeni alüminium növü ikiatomlu hidrogenin parçalanması və etilenin əmələ gəlməsi kimi reaksiyaları həyata keçirə bilir. Alimlərin sözlərinə görə, o, hətta reaktivlik baxımından bəzi keçid metallarını da üstələyə bilər.

Məlumat üçün qeyd edilir ki, XIX əsrin sonlarında alüminium nadir və çox baha metal hesab olunurdu. O dövrdə bir kiloqram alüminiumun qiyməti indiki dəyərlə on minlərlə dollara bərabər idi və gümüşlə eyni səviyyədə qiymətləndirilirdi. Lakin XX əsrin əvvəlində onun qiyməti kəskin şəkildə ucuzlaşıb.

Alimlərin hazırladığı yeni alüminium üç atomdan ibarət üçbucaq formalı strukturda yerləşən bir birləşmədir. Tədqiqatçılar bildirirlər ki, yüksək reaktivliyi və müxtəlif mühitlərdə sabit qalma qabiliyyəti sayəsində bu material katalizatorlar üçün daha ucuz və ekoloji alternativ ola bilər.

Qeyd olunur ki, keçid metalları kimyəvi sintez və kataliz proseslərinin əsasını təşkil edir. Lakin onların çoxu baha başa gəlir. Müqayisə üçün, alüminium platin və palladium kimi qiymətli metallardan təxminən 20 min dəfə ucuzdur.

Alimlərin sözlərinə görə, yeni alüminium bir sıra kimyəvi reaksiyalar üçün effektiv katalizatordur. Ən vacib reaksiyalardan biri isə hidrogenin parçalanmasıdır ki, bu da hidrogen enerjisinin istehsalında mühüm rol oynayır.

Bundan əlavə, yeni material enerji sənayesində və kimya istehsalında daha ucuz və əlçatan həllər təqdim edə bilər.

Samir
 

Seçilən
46
50
hit.az

10Mənbələr