AZ

Salyanda əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumat təqdim olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən (DƏMX) Salyan rayonunda maarifləndirmə tədbiri təşkil olunub.

DƏMX-dən AZƏRTAC-a bildirilib ki, tədbir “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.

Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatında keçirilən tədbirdə Xidmətin Şirvan-Salyan regional şöbəsinin əməkdaşları, dövlət və özəl sektoru təmsil edən 140-a yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində çıxış edənlər tərəfindən əməkhaqqının ödənilməsi qaydaları, əməkhaqqından tutulmaların əsasları, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər, eləcə də iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı ətraflı məlumat təqdim olunub.

Bundan əlavə, “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, aparılan islahatlar çərçivəsində bir sıra normativ-hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qəbul olunmuş dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, habelə əmək bazarında şəffaflığın artırılmasıdır.

Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktik icrası izah olunub, iştirakçıları maraqlandıran və ən çox sual doğuran məsələlər ətraflı şəkildə şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı izahatlar verilib.

Çıxışlar zamanı müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin əmək hüquqları, işəgötürənlərin bu sahədə öhdəlikləri barədə geniş məlumat təqdim olunub. Bununla yanaşı, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və bu sahədə qəbul edilmiş yeni standartlar müzakirə edilib.

Tədbirdə, həmçinin gender bərabərliyinin təşviqi, xüsusilə qadınların qeyri-formal məşğulluğa qarşı maarifləndirilməsi və onların əmək hüquqlarının qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azertag.az

1Mənbələr