AZ

Gələcəyin süni intellekt mühəndisləri “AI Academy”də

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

“Uniq” Uşaq İnkişaf Mərkəzinin üzvləri Azərbaycanın Milli Süni İntellekt Mərkəzi - “AI Academy”də olublar.

AZƏRTAC xəbər verir ki, tədbirdə 153 nömrəli orta məktəbin nəzdində fəaliyyət göstərən “Uniq” Uşaq İnkişaf Mərkəzinin üzvləri, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Proqramlaşdırma” dərnəyinin şagirdləri və onların valideynləri iştirak ediblər.

Tədbirin açılışında mərkəzin təsisçisi Zaur Əliyev bildirib ki, “Uniq” Uşaq İnkişaf Mərkəzinin üzvləri uzun müddətdir süni intellekt ilə tanış olur və öyrənirlər.

Mərkəzin yetirmələri artıq öz süni intellekt yaradıcılığı ilə məşğul olurlar. Onlar süni intellektdən yalnız tədris üçün deyil, həmçinin yaradıcılıq üçün geniş istifadə edirlər.

Milli Süni İntellekt Mərkəzinin nümayəndəsi Xanım Hacıyeva, süni intellekt üzrə mütəxəssislər Fidan Kərimli, Azərin Salahova və Əkbər Bünyadzadə tədbir iştirakçılarına akademiyanın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və inkişaf planları barədə məlumat veriblər.

Bildirilib ki, “AI Academy” “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na uyğun olaraq ölkədə yüksəkixtisaslı mütəxəssis hazırlığının sistemli şəkildə təşkili, dövlət və özəl sektor üçün tətbiqyönümlü bacarıqların inkişaf etdirilməsi və innovasiya mühitinin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir.

Uşaqlara akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlimlər barədə məlumat təqdim olunub, tədris prosesinin real layihələrə əsaslanan model üzrə qurulduğu diqqətə çatdırılıb.

Bu yanaşmanın süni intellekt texnologiyalarının yalnız nəzəri bilik səviyyəsində deyil, konkret iqtisadi və institusional tətbiqlər vasitəsilə dəyər yaratmasına xidmət etdiyi bildirilib.

Şagirdlərin süni intellekt vasitəsilə yaradılmış qısa çarxları nümayiş olunub.

Sonra uşaqlar fərdi süni intellekt modelləri üzrə praktiki biliklər əldə ediblər.

AZƏRTAC-a açıqlamasında Səba Rəsulova bildirib ki, “Uniq” Uşaq İnkişaf Mərkəzi uşaqların intellektual və şəxsi inkişafında mühüm rol oynayır. “Artıq ikinci ildir nəvəm bu mərkəzdə təhsil alır və əldə olunan nəticələrdən çox razıyıq. Burada uşaqların dünyagörüşü genişlənir, onların fərdi bacarıqları müəyyən edilərək uyğun istiqamətə yönləndirilir.

Mərkəzdə müxtəlif yarışlar və tədbirlər təşkil olunur. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilmiş şahmat yarışında nəvəm birinci yerə layiq görülüb. Bu il isə tennis yarışı planlaşdırılır.

Eyni zamanda, uşaqların maraq dairəsinə uyğun olaraq müxtəlif sahələrə yönləndirilməsi diqqətəlayiqdir. Onlar kosmos, proqramlaşdırma, süni intellekt, incəsənət və digər istiqamətlər üzrə maarifləndirici fəaliyyətlərə cəlb olunurlar. Bu da onların inkişafına müsbət təsir göstərir”, – deyə Səba Rəsulova bildirib.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - İlqar Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
2
azertag.az

3Mənbələr