AZ

Masallıda İcra Hakimiyyətinin başçısı Çaxırlı ərazisində səyyar qəbul keçirdi » AzadMedia.az


Masallı rayonunun Çaxırlı ərazi dairəsində səyyar görüş-qəbul keçirildi

19 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı rayonunun Çaxırlı inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbul keçirmişdir.

Görüşü giriş sözü ilə açan rayon rəhbəri iştirakçıları salamlamış, qarşıdan gələn Novruz bayramı və Ramazan bayramı münasibətilə hər kəsi təbrik etmişdir.

Daha sonra rayon rəhbəri Çaxırlı kəndinin tarixi və adının yaranması ilə bağlı fikirlərini bölüşmüş, kəndin əsasən kənd təsərrüfatı istiqamətində inkişaf etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, kənddə xüsusilə çəltikçilik geniş yayılmış sahələrdən biridir. Rayon rəhbəri həmçinin Çaxırlı ərazi dairəsində məktəbin 1930-cu ildən fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Çıxış zamanı kəndin tanınmış ziyalıları, rayon və respublika səviyyəsində tanınan şəxsləri və din xadimləri barədə də məlumat verilmişdir.

Daha sonra söz rayon İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir. Şöbə müdiri çıxışında ərazidə görülən işlər barədə məlumat verərək bildirmişdir ki, şəhid ailələrinə, aztəminatlı ailələrə və kimsəsiz ailələrə işıq, qaz, su və digər sosial yardımlar göstərilmişdir.

Qeyd olunmuşdur ki, ərazidə şəhidlərin adını daşıyan küçələrə və Kəlbəhüseynli kəndində 1400 metr uzunluğunda yola asfalt örtüyü döşənmişdir. Kənd daxili ara küçələrə şebel daşları tökülmüşdür. Bundan əlavə ərazidə üç mərasim evi tikilmiş, 1800 metr uzunluğunda qaz borusu yenisi ilə əvəzlənmişdir.

Eyni zamanda kənd məscidində qaz sayğacı quraşdırılmış, ərazi içməli su ilə təmin edilmiş, həmçinin yeddi bulağa içməli su xətti çəkilmişdir.
Əlavə olaraq 3200 metr uzunluğunda suaxıcı kanal lildən təmizlənmiş, 67 ədəd elektrik dirəyi yenisi ilə əvəz edilmişdir.

Bundan başqa, ərazidə "Konstitusiya və Suverenlik" ili çərçivəsində 250 ağac əkilmiş, ərazi üzrə şəhid lövhələri yenisi ilə əvəz olunmuşdur.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşların müraciətlərini dinləmişdir.

İlk olaraq çıxış edən kənd sakini ərazidə görülən işlərə görə rayon rəhbərinə öz adından və həmkənd sakinləri adından təşəkkürünü bildirmişdir.

Növbəti müraciət edən sakin isə yaşadığı küçəyə çınqıl daşının tökülməsi ilə bağlı müraciətini rayon rəhbərinin diqqətinə çatdırmışdır.

Digər vətəndaşların müraciətləri də rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlər isə araşdırılması və həlli istiqamətində müvafiq qurumlara yönləndirilmişdir.
Seçilən
37
1
azadmedia.az

2Mənbələr