AZ

Pirallahıda Novruz bayramı təntənə ilə qeyd edildi - FOTOLAR

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti mart ayının ilk günlərindən başlayaraq Novruz bayramına hazırlıqlarla əlaqədar silsilə tədbirlər həyata keçirib.

"Unikal" xəbər verir ki, ay ərzində iməcliklər təşkil edilib, yaşıllaşdırma və ağacəkmə aksiyaları keçirilib, abadlıq və təmizlik işləri görülüb. Bununla yanaşı, məktəbəqədər və tam orta təhsil müəssisələrində, mədəniyyət ocaqlarında çərşənbələr qeyd olunub, Novruz bayramı münasibətilə müxtəlif tədbirlər təşkil edilib. Silsilə tədbirlər ənənəvi “Yurdumuza Bahar Gəlir” başlıqlı ümumrayon tədbiri ilə yekunlaşıb.

19 mart 2026-cı il tarixində Pirallahı qəsəbəsinin mərkəzində yerləşən “Gənclər Parkı”nda möhtəşəm atmosferdə təşkil olunan bayram şənliyinə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri qatılıb. RİH başçısı və qonaqlar idmançıların nümunəvi hərəkətlərinə və məktəbəqədər, məktəbdənkənar və ümumtəhsil müəssisələrinin kollektivləri tərəfindən hazırlanıb təqdim edilən sərgilərə baxış keçirib. Cari ildə ənənəvi Novruz eksponatları ilə yanaşı, ölkəmizin müxtəlif guşələrinə aid mətbəx nümunələri təqdim olunub.

Daha sonra tədbir bayram tonqalının alışdırılması ilə açıq elan olunub. RİH başçısı rayon sakinlərini milli bayram münasibətilə təbrik edib, regionda mürəkkəb proseslərin getdiyi bir dövrdə ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Novruz Azərbaycan xalqının zəngin dünyagörüşünü əks etdirir və milli-mənəvi sərvətlərimiz içərisində mühüm yer tutur. Həmçinin vurğulanıb ki, ənənələrin əsrlər boyu qorunub saxlanılıb yaşadılması xalqımızın köklərinə bağlılığını göstərir. Qeyd olunub ki, bayramın dövlət səviyyəsində geniş qeyd olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olub, onun rəhbərliyi dövründə milli-mənəvi irsin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan möhtəşəm Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gördüyü işlər Novruz ənənələrinin daha böyük ruh yüksəkliyi ilə yaşadılmasına mühüm töhfə verir. Bu siyasətin nəticəsi olaraq bu gün işğaldan azad olunmuş torpaqlarda da bayram tonqalları alovlanır, xalqımızın qürur və sevinc hissi daha da güclənir. 

Tədbirdə çıxış edən millət vəkili Günay Əfəndiyeva iştirakçıları təbrik edib və bildirib ki, Novruz yalnız təbiətin oyanışını deyil, cəmiyyətin yenilənməsini də ifadə etməkdədir. Vurğulanıb ki, müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirib və Novruz həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş qeyd olunur. Xüsusilə qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə Novruz tonqallarının yandırılması xalqımızın tarixi Zəfərinin nəticəsi kimi böyük mənəvi əhəmiyyət daşıyır. Deputat gənclərin milli dəyərlərə bağlı ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb, bu baxımdan Novruzun rolunu qeyd edib. Sonda tədbir iştirakçılarına cansağlığı və uğurlar arzulanıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev də bayram münasibətilə rayon sakinlərini təbrik edib. O, Novruzun xalqımızın milli-mənəvi dəyərlərini yaşadan əvəzsiz bayram olduğunu vurğulayıb, bu günün birlik, həmrəylik və ümid rəmzi olduğunu qeyd edib. Rauf Əliyev həmçinin işğaldan azad olunmuş torpaqlarda tonqalların alovlandırılmasının böyük mənəvi əhəmiyyət kəsb etdiyini bildirib və iştirakçıları Novruz bayramı münasibətilə bir daha təbrik edib.
Tədbir bədii hissə ilə davam edib. Novruzun əsas simvolları olan Keçəl və Kosa obrazları tədbirə xüsusi rəng qatıb. Tanınmış müğənnilər və incəsənət nümayəndələri öz ifaları ilə çıxış edib, iştirakçılara xoş anlar yaşadıb. Tədbir boyunca təqdim olunan rəqs və musiqi nömrələri bayram əhval-ruhiyyəsini yüksəldib.

Seçilən
46
14
unikal.az

10Mənbələr