Bakı, 19 mart, AZƏRTAC
Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyanı dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, deputat bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinə bildirib.
Onun dediyinə görə, kampaniya həm ərzaq, həm də qida təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Doğulandan altı ay ötməmiş quzuların kəsilməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər həmin məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdırlar.
“Quzuların erkən yaşda kəsilməsi fermerlərə qısa müddətdə müəyyən gəlir gətirsə də, uzunmüddətli perspektivdə onların fəaliyyət imkanlarını məhdudlaşdırır. Xüsusilə dişi quzuların kəsilməsi təbii artımın qarşısını alır və heyvandarlığın inkişafına mənfi təsir göstərir”, – deyə deputat vurğulayıb.
Qeyd edək ki, layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq.
Deputat Aydın Hüseynovun fikirləri ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.