Azertag saytına istinadən ain.az xəbər verir.
Ankara, 19 mart, AZƏRTAC
İran ətrafındakı böhranın potensial mənfi nəticələri Ermənistan hakimiyyətini Türkiyə və Azərbaycanla daha da yaxınlaşmağa sövq edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş ifadə edib.
O bildirib ki, Ermənistan Yaxın Şərqdəki geosiyasi proseslərin, o cümlədən TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin ölkəyə mənfi təsir göstərməyəcəyini iddia etsə də, eskalasiya spiralının nəticələri bütün iştirakçılar üçün labüddür. “Mövcud münaqişə və qeyri-sabitlik ölkənin geosiyasi mövqeyinə görə Ermənistana bilavasitə və ya dolayı yolla təsir göstərir. Məhz buna görə də İrəvan Türkiyə və Azərbaycanla münasibətlərdəki irəliləyişdən məmnundur”, -deyə ekspert qeyd edib.
Professor martın 11-də Türk Hava Yollarının (THY) İstanbul-İrəvan-İstanbul birbaşa uçuşlarının başlamasını xatırladaraq bildirib ki, “hava diplomatiyasının” intensivləşməsi fonunda Türkiyə ilə Ermənistan arasında münasibətlər yeni kritik mərhələyə qədəm qoyub. “İki ölkə arasında uçuşlar əvvəllər özəl şirkətlər tərəfindən həyata keçirilsə də, Türkiyənin milli aviadaşıyıcısının iştirakı prosesə xüsusi əhəmiyyət verib. Münasibətlərin normallaşdırılmasının bir hissəsi olaraq atılan bu addım, həmçinin regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir”, - deyə Bozkuş əlavə edib.
Ekspert, həmçinin Ermənistandan Türkiyə üzərindən ABŞ-yə uçuşların açılması planlarını da vurğulayıb ki, bu da dolayı yolla regionda münasibətlərin normallaşdırılması prosesinə erməni diasporunun cəlb olunmasına töhfə verir və Ermənistan cəmiyyətində, xüsusən də gənclər arasında Türkiyə haqqında yanlış stereotipləri aradan qaldırmağa imkan yaradır.
“Ankara və Bakı ilə dialoqda yeni addımlar Ermənistanın regional inteqrasiya proseslərində daha fəal iştirakına yol açır. Beynəlxalq layihələrdə, xüsusən də nəqliyyat, enerji və ticarət sahələrində iştirakın genişləndirilməsi İrəvanın əlaqələrini gücləndirəcək, onun iqtisadi əməkdaşlıq imkanlarını genişləndirəcək. Türkiyə ilə hava səyahətləri Ermənistanın beynəlxalq əlaqələrini daha yüksək səviyyəyə qaldırır. Lakin unutmaq olmaz ki, regiondakı dialoq erməni diasporunun müəyyən dairələrini və Ermənistanın özündəki radikal müxalifəti narahat edir”, - deyən türk ekspert müəyyən xarici aktorların vəziyyətə qərəzli reaksiya vermə ehtimalını da istisna etməyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.