AZ

Daha şəffaf və stimullaşdırıcı YANAŞMA – Dövlət qulluğunda yeni əməkhaqqı modelinin ÜSTÜNLÜKLƏRİ

Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb. Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir.
 

Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.


Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.

Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.

Müvafiq dəyişiklik dövlət qulluqçuları üçün daha hansı yenilikləri vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, "Dövlət qulluğu haqqında" Qanununa görə əvvəllər dövlət qulluqçularının maaşının tərkibi əməkhaqqından, əlavələrdən və mükafatlardan ibarət idi:

“Əlavələr də əsasən staja və səlahiyyətlərə görə idi ki, o da bütün dövlət qulluqçularına deyil, yalnız dövlət səlahiyyətlilərinə aid edilirdi. Qanunvericiliyə edilən yeni dəyişikliyə görə bəzi boşluqlar aradan qaldırılır, əməkhaqları daha da optimallaşdırılır, sabit əməkhaqqı sisteminə keçilir.
 

Düzəlişə əsasən dövlət qulluqçularına mükafatlar və əlavələr əvəzinə əməkhaqqına artımlar əlavə olunur. Bundan sonra bütün dövlət qulluqçuları sabit əməkhaqqı alacaq. Maaşların optimallaşdırılmasında əsas məqsəd odur ki, gələcəkdə baş verəcək maaş artımı bütün dövlət qulluqçularına şamil edilsin. Bu da ədalətli yanaşmadır. Çünki yeni işə qəbul olunanlarda staj az olurdu.


Artıq bundan sonra bu ziddiyyət aradan qalxacaq. Bu da gənc nəslin dövlət qulluğuna həvəsini stimullaşdıracaq. Çünki elə sahələr var ki, orada əməkhaqqı azdır. Məsələn, məhkəmə katiblərinin, hakim köməkçiləri digər dövlət qulluqçularından daha az əmək haqqı alırdı. Artıq bu fərq aradan qalxacaq”.

Sui-istifadə halları aradan qalxacaq.

Müsahibimiz xüsusilə qeyd edib ki, artıq hər bir dövlət qulluqçusu fiksə olunmuş əməkhaqqı alacaq:

“Nəticədə sui-istifadə halları aradan qalxacaq. Ən əsası dövlət bürcəsində əməkhaqlarını qabaqcadan proqnozlaşdırmaq mümkün olacaq. Maliyyə Nazirliyi artıq əvvəlcədən biləcək ki, dövlət qulluqçularına illik nə qədər əməkhaqqı fondu ayırmaq lazımdır.
 

Bu da dünyada yayılmış bir təcrübədir. Məsələn, Qərb ölkələrində işçinin illik əməkhaqqı əvvəlcədən hesablanır. Bizdə də təxminən həmin modelə keçilir. Artıq əvvəlcədən bilinəcək ki, bir dövlət qulluqçusunun illik və yaxud aylıq əməkhaqqı nə qədər olacaq.


Bəzi dövlət qulluqçularında belə bir narahatlıq var ki, dəyişiklikdən sonra onların mükafatları və əlavələri kəsiləcək. Lakin belə olmayacaq. Yeni qanunda bütün nüanslar və məqamlar nəzərə alınacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
23
1
bizim.media

10Mənbələr