AZ

"Nə evliliyi, nə də boşanmanı fəlakət kimi qəbul etmək doğru deyil" - Psixoterapevt DANIŞDI

"Sosial mediada insanların gördüyü "yaxşı həyat" real həyatın özü deyil. Burada insanlar daha çox xoşbəxt və firavan həyat yaşadıqlarını nümayiş etdirirlər. Hər kəs özünü necə görmək istəyirsə və ya başqalarının onu necə görməsini arzulayırsa, sosial media kimliyini də o istiqamətdə formalaşdırır. Bu isə reallıqla təqdim olunan obraz arasında görünməyən, lakin dərin bir fərq yaradır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov səsləndirdi.

O, qeyd etdi ki, xoşbəxt ailə anlayışı sosial mediada çox vaxt maddi imkanların genişliyi ilə assosiasiya olunur:

"Bahalı evlər, səyahətlər və lüks həyat tərzi xoşbəxtliyin göstəricisi kimi təqdim edilir. Halbuki xoşbəxt ailə bahalı həyat deyil, bahalı ünsiyyətdir, bahalı dəyərdir. Birlikdə olmaq, bir-birini anlamaq və bir ömrü paylaşmaqdır. Həyatı yalnız rahat anlarda deyil, çətinliklərdə də birlikdə dadmaqdır. Cütlüklər sosial mediada gördükləri paylaşımlarla öz münasibətlərini müqayisə etməyə başlayırlar. Bu müqayisə isə çox zaman narazılıq və yetərsizlik hissi yaradır. Nə qadın, nə də kişi davamlı olaraq trend həyat yaşaya bilməz. Həyatın həm kədəri, həm də sevinci var. Onu olduğu kimi qəbul etmək və yaşamaq psixoloji tarazlığın əsas şərtidir".

Psixoloq əlavə etdi ki, ailə qurmaq münasibətin məntiqi davamıdır, evlilik isə bu münasibətin hüquqi statusudur:

"Cütlüklər evlənərək münasibətlərinə dövlət qanunları çərçivəsində rəsmi forma verirlər. Lakin nə evliliyi, nə də boşanmanı fəlakət kimi qəbul etmək doğru deyil. Hər iki hal cütlüyün öz seçimidir və həyatın təbii proseslərinin bir hissəsidir. Boşanmanın əsas səbəbi çox vaxt psixoloji uyğunsuzluq olur, digər maddi və mənəvi faktorlar isə bu vəziyyəti sadəcə tətikləyir. İnsanları birlikdə yaşamağa məcbur etmək isə sağlam nəticə vermir. Sosial media artıq insan həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu proses real münasibətlərdə emosional zəifləməyə səbəb olur. Real həyat dialoq, ünsiyyət və canlı emosiyalar üzərində qurulur, sosial media isə bu təbii əlaqələri arxa plana keçirə bilir. İnsanlar getdikcə daha çox sosial təcrid yaşayır və real həyatda da öz rəqəmsal kimlikləri kimi davranmağa başlayırlar. Sanki hər kəs bir rol oynayır, lakin bu rolu tam dərk etmir. Görünənlə həqiqət arasında məsafə artır. İnsanın mahiyyəti dəyişmir. İnsan yenə də anlamağa, anlaşılmağa və səmimi münasibətlər qurmağa ehtiyac duyur".

Xədicə BAXIŞLI

Seçilən
36
1
redaktor.az

2Mənbələr