Dövlət qulluqçularının əməkhaqqı sistemində tətbiq edilən yeni islahatlar çərçivəsində əməkhaqqının tərkib elementlərinin aydın və sistemli şəkildə müəyyən edilməsi dövlət qulluğunda nəticəyönümlü yanaşmanı gücləndirir və ümumilikdə sistemin funksional effektivliyini artırır.
Publika.az xəbər verir ki, bunu "Report"a "Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi" İctimai Birliyinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvü Aslan Əzimzadə deyib.
O qeyd edib ki, eyni zamanda əvvəlki dövrlərdə müxtəlif əlavələr şəklində təqdim olunan ödənişlərin vəzifə maaşına inteqrasiyası əməkhaqqı sisteminin vahid struktur çərçivəsində formalaşmasına şərait yaratmaqdadır:
"Bu yanaşma sistemin daha sabit, aydın, balanslı xarakter alınmasını təmin edir. İslahatların mühüm nəticələrindən biri kimi bir sıra hallarda müşahidə olunan əməkhaqqı disproporsiyalarının aradan qaldırılması dövlət qulluğunda bərabər imkanların genişlənməsinə şərait yaradır".
Ekspert vurğulayıb ki, bununla yanaşı, əməkhaqqının daha stabil və proqnozlaşdırıla bilən xarakter alması dövlət qulluqçularının sosial və iqtisadi təminat səviyyəsinin möhkəmlənməsinə xidmət etməkdədir.