AZ

Probasiya nəzarətində olan şəxslərin məşğulluğu təhlükəsizlik və sabitlik məsələsidir – Ə.Nuriyev

Probasiya nəzarətində olan şəxslərin məşğulluq imkanlarının təmin edilməsi onların cəmiyyətdə faydalı fəaliyyət göstərməsinə şərait yaradır, sosial təcriddən çıxmasına kömək edir və eyni zamanda təkrar cinayət hallarının qarşısını alır.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri və Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev QHT.az- olan açıqlamasında probasiya nəzarətində olan şəxslərin məşğulluğunun təmin edilməsinin həm sosial, həm də təhlükəsizlik baxımından əhəmiyyətini vurğulayıb.

Ə.Nuriyevin sözlərinə görə, “Probasiya nəzarətində olan şəxslər işləyirlərsə, cinayətə meyl etmə riski azalır, başları müəyyən fəaliyyətlə məşğul olur, vərdiş və davranış modelləri dəyişir".

Əliməmməd Nuriyev bildirib ki, işsizlik və sosial təcrid edilmiş şəxslərin yenidən cinayətə meyl etməsi daha yüksək olur. Onun sözlərinə görə, sabit işi, gəliri və gündəlik məşğuliyyəti olan insan artıq həyatını riskə atmaq istəmir.

Müsahibimiz vurğulayıb ki, probasiya nəzarətində olan şəxslərin peşə hazırlığına cəlb olunması və işlə təmin olunması təkrar cinayətkarlığın qarşısını almaqda real və təsirli vasitədir. Ə.Nuriyev qeyd edib ki, “Azərbaycan dövlətində bu proses gedir. Azadlığa çıxmasına üç ay qalmış hər şəxsin fərdi işi açılır, ehtiyacları və maraqları öyrənilir, cəzaçəkmə müəssisələrində müxtəlif peşələr öyrədilir".

O əlavə edib ki, belə təşəbbüslər həm də cəmiyyətin həmin şəxsə münasibətini dəyişir. Ə.Nuriyev bildirib ki, “İnsan cəzasını çəkdikdən sonra ona şans verilmirsə, bu artıq sosial ədalət məsələsinə çevrilir. İş imkanı verildikdə isə həmin şəxs həm özünü təsdiq edir, həm də cəmiyyətdə faydalı olmağa çalışır".

Ə.Nuriyevin sözlərinə görə, AzerAluminium kimi iri müəssisələrin bu prosesə qoşulması həm sosial məsuliyyət nümunəsidir, həm də biznes sektorunun dövlətlə birgə hərəkət etdiyini göstərir. O əlavə edib ki, digər iri şirkətlərin də bu təşəbbüslərə qoşulması vacibdir və peşə hazırlığı əmək bazarının tələblərinə uyğun olmalıdır.

Müsahibimiz eyni zamanda işəgötürənlər üçün stimulların, dövlət dəstəyi mexanizmlərinin və ictimai stereotiplərin aradan qaldırılmasının vacibliyini qeyd edib. Ə.Nuriyev bildirib ki, yalnız bu halda probasiya nəzarətində olan şəxslərin məşğulluğu həm fərdlər, həm də cəmiyyət üçün təhlükəsizlik və sabitlik təmin edə bilər.

Fatimə Nəbiyeva

Seçilən
50
qht.az

1Mənbələr