AZ

Anti-Rusiya təşkilatından Bakıya GÖZLƏNİLMƏZ səfər

Ermənistanda olan Skandinaviya-Baltik Səkkizliyi (NB8) ölkələrinin xarici işlər nazirliklərinin nümayəndələri Azərbaycana gəliblər. Bundan əvvəl Skandinaviya və Baltik ölkələrinin nümayəndələri Ermənistanda dövlət qurumları, parlament, vətəndaş cəmiyyəti, beyin mərkəzləri və jurnalistlərlə bir sıra görüşlər keçiriblər. Musavat.com bildirir ki, müzakirələr seçkilər, regional təhlükəsizlik və bir sıra ortaq mövzular və dəyərləri əhatə edib. Nümayəndə heyəti həmçinin Ermənistan-Türkiyə sərhədini də ziyarət edib.
Skandinaviya-Baltik “səkkizliyinə” (NB8) Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Finlandiya, İsveç və Estoniyadan ibarət regional əməkdaşlıq formatıdır. Bu əməkdaşlıq Skandinaviya və Baltik ölkələrinin baş nazirlərinin, xarici işlər nazirlərinin və parlament spikerlərinin müntəzəm görüşlərini əhatə edir.
Estoniya

Bundan başqa, Baltik Assambleyası da var ki, 1991-ci ildə təsis edilmiş Estoniya, Latviya və Litva parlamentləri arasında əməkdaşlıq üzrə məsləhətçi orqandır. Baltik Assambleyası hər ölkədən 20 parlament üzvündən ibarətdir. Assambleya fəaliyyəti əlaqələndirir, üç ölkənin parlamentlərinə məsləhətlər verir və razılaşdırılmış mövqeləri qətnamə, qərar və tövsiyələr şəklində bəyan edir. O, üç fraksiyadan ibarətdir: Mühafizəkarlar, Sosial Demokratlar və Liberallar. Hər il Baltikyanı ölkələrdən biri Baltik Assambleyasının sədrliyini öz üzərinə götürür.
Azərbaycan üçün NB8 ilə münasibətlər ilk növbədə Avropa ilə siyasi dialoqun genişlənməsi baxımından əhəmiyyətlidir. Bu ölkələr demokratik idarəetmə, şəffaflıq və institusional inkişaf sahəsində qabaqcıl təcrübəyə malikdir və Bakı üçün bu təcrübədən faydalanmaq imkanları mövcuddur. Eyni zamanda, NB8 ölkələrinin böyük əksəriyyəti NATO və Avropa İttifaqı ilə sıx inteqrasiya olunub ki, bu da onları Qərb təhlükəsizlik arxitekturasının mühüm hissəsinə çevirir.
Digər tərəfdən, bu ölkələrin Rusiya ilə münasibətlərinin gərgin olması Azərbaycan üçün müəyyən həssas balans yaradır. Bakı ənənəvi olaraq çoxşaxəli xarici siyasət yürüdərək həm Rusiya, həm də Qərb ilə münasibətləri paralel şəkildə inkişaf etdirməyə çalışır. NB8 ilə əməkdaşlıq bu balans siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər.
Enerji sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. NB8 ölkələri enerji təhlükəsizliyinə və alternativ mənbələrin inkişafına xüsusi önəm verir. Bu kontekstdə Azərbaycan Avropa üçün mühüm enerji tərəfdaşı kimi çıxış edir və xüsusilə qaz ixracı ilə yanaşı, “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq potensialı diqqət çəkir.
Ümumilikdə, NB8 ilə münasibətlər Azərbaycanın xarici siyasətində yeni istiqamətlərdən biri kimi formalaşır. Bu əməkdaşlıq Bakı üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əlavə imkanlar yaradır. Lakin bu proses eyni zamanda incə geosiyasi balansın qorunmasını tələb edir.

Çingiz

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin Musavat.com-a bildirdiyinə görə, "Baltik səkkizliyi" ötən il də Azərbaycanda olub. O zaman onların prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşdüklərini xatırladan komitə sədri qeyd edib ki, əlaqələr inkişaf etməkdədir: "Azərbaycan xarici siyasətini çoxvektorlu qurub və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Əgər qarşı tərəf bu prinsiplərə zidd mövqedən çıxış edirsə, hər hansı tələblər irəli sürürsə, təbii ki, Azərbaycan da diplomatik şəkildə cavab verir. Sözügedən ölkələrlə əlaqələrin inkişafına ehtiyac var. Yəni demokratiya və insan haqları sahəsində proqramlar, layihələrin icrası da mümkündür. NB8 dövlətləri NATO üzvüdür, yəni anti-Rusiya cəbhəsidir. Onlar Kiyevə siyasi-hərbi və iqtisadi dəstək verirlər. Ancaq bu, bizi narahat etməməlidir. Çünki Azərbaycan əməkdaşlıq etdiyi ölkələr və təşkilatlarla işini Rusiya əleyhinə qurmayıb".
Ç.Qənizadə qeyd edib ki, NB8 ölkələrin XİN nümayəndələri həm Azərbaycanda, həm Ermənistanda olmaqla Cənubi Qafqaz ölkələrinin Avroatlantik məkana inteqrasiyası istiqamətində marağı nümayiş etdiriblər: "Gürcüstanda mövcud hakimiyyətin Rusiyaya münasibəti onu kənarda qoymaqdadır. Qərb Tiflisi sanki cəzalandırır. Halbuki regionda əvvəllər səfərin ilk ünvanı Gürcüstan olardı. İndi isə Bakı və İrəvana daha çox diqqət göstərildiyini müşahidə etmək olar. Təkcə Baltik səkkizliyi deyil, Avropa İttifaqının da Azərbaycana və Ermənistana diqqəti artıb. Burada həm siyasi, həm iqtisadi maraqlar var. Qərb Cənubi Qafqazda Rusiyanın təsirlərinin zəifləməsində maraqlıdır. Nəzərə alaq ki, Ukrayna müharibəsinin gedişində Baltik gölü "NATO gölü"nə çevrildi və bu, Rusiya üçün ciddi strateji geriləmədir. İsveç və Finlandiyanın alyansa üzvlüyü məhz müdafiə blokunu Rusiya sərhədlərinə daha da yaxınlaşdırdı. Ona görə də Qərbin bütövlükdə hədəfi postsovet məkanında rolunu artırmaqdır. Bu kimi səfərlər də əməkdaşlıq formatında reallaşır. Azərbaycan bütün tərəflərlə əməkdaşlığa açıqdır".

Emil Salamoğlu
Musavat.com

Seçilən
23
50
musavat.com

10Mənbələr