AZ

Polkovnik Ramiz Məlikovu xatırlarkən...

Yəqin razılaşarsınız ki, sovet dövründə Azərbaycan televiziyasının verilişləri sırasında yeniyetmə və gənclərin maraqla baxdığı “Hünər” proqramı da vardı. Bunun bir səbəbi indiki telekanal bolluğundan fərqli, həmin vaxt ölkədə yalnız bir televiziya kanalının, Az TV-nin fəaliyyət göstərməsi idisə, digəri “Hünər”in gülərüzlü apacısının aydın, canlı dili, seçdiyi mövzuya maraq oyatmağı bacarmasıydı. Polkovnik Ramiz Məlikov babaların döyüş yolundan, Azərbaycanın tarixi keçmişindən, əsasən də 630 mindən çox həmvətənimizin iştirak etdiyi İkinci Dünya müharibəsindən danışır, əsgəri borcunu şərəflə yerinə yetirmiş insanları xalqa, xüsusən gənclərə sevdirməyə çalışırdı.

Ekrandan və şeirlərindən tanıdığım Ramiz Duyğunu ilk Müdafiə Nazirliyinin orqanı, müstəqil Azərbaycanın ilk ordu qəzeti olan “Xalq Ordusu”nun çapa başladığı 1992-ci ilin fevral ayında gördüm. Bu qəzetin redaksiyasında yenicə işə başlamışdım. Ramiz müəllim isə 1991-ci ilin sentyabrında yaradılmış Müdafiə Nazirliyinin Mətbuat və informasiya şöbəsinin rəisi idi.

Milli ordu təzə formalaşırdı. Sovet dövründə Azərbaycanda yerləşdirilən ordu birləşmələri mərkəzə, Moskvaya tabe olduğundan, əksər müttəfiq respublikalar kimi, Azərbaycan da istənilən təcavüz qarşısında müdafiəsiz qoyulmuşdu. 1989-1990-cı illərdən etibarən sərhəd ərazilərimizdə və Qarabağda açıq müharibə mərhələsinə keçən erməni təcavüzləri bunu aydın göstərdi. 1991-ci ilin əvvəlindən döyüş əməliyyatlarını daha da genişləndirən Ermənistan qısa müddətdə Qarabağda və ətraf rayonlarda ilk işğalları gerçəkləşdirdi. Azərbaycanın ordunu təcili formalaşdırmaqdan başqa seçimi qalmamışdı. Mövcud imkanlarla yerlərdə pərakəndə şəkildə fəaliyyət göstərən özünümüdafiə qüvvələrinin bazasında nizami hərbi hissələr, ərazi müdafiə taborlarının yaradılmasına başlanıldı. 1991-ci ilin payızında Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər və digər ərazilərdə yerləşən həmin hərbi hissələrin qismən də olsa komplektləşdirilməsi, hərbi texnika, silah-sursatla təminatı həyata keçirildi. Bununla paralel Müdafiə Nazirliyinin struktur bölmələri təşkil olunur, mümkün qədər öz sahəsinin peşəkarları işə cəlb edilirdilər. Ramiz müəllimin çoxillik televeriliş aparıcılığı təcrübəsi nəzərə alınaraq, ona nazirliyin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr işi həvalə olunmuşdu.

Mətbuat xidməti adlandırdığımız bu şöbə və qəzet redaksiyası eyni idarənin tabeliyində olduğuna və eyni mərtəbədə yerləşdiyinə görə xidmət əməkdaşları ilə tez-tez qarşılaşır, ayaqüstü hal-əhval tuturduq. Belə dəqiqələrdə Ramiz müəllim adəti üzrə biz qəzetçilərdən də “igid, necəsən, işlər necə gedir”, deyə soruşur, bəyəndiyi yazını ürəkdən tərifləyir, gərək bilirdisə tövsiyəsini də əsirgəmirdi. Tələbə dostum, hərbi jurnalistikamızın cığırdaşlarından olan mərhum Ədalət Teymurov da onun rəhbərlik etdiyi şöbədə işləyirdi və Ramiz müəllimin şəxsimə daha isti münasibətində, sözsüz ki, onun da rolu vardı.

Ədalət Teymurov və burada tanış olduğum video operatorlar, mərhum Seyidağa Mövsümlü, Nizami Abbas, hərbi jurnalist Vaqif Dərgahlı və başqaları Birinci Qarabağ müharibəsinin bu gün Müdafiə Nazirliyinin arxivində saxlanan canlı xronikasını yaratdılar. “Xalq Ordusu”ndakı həmkarlarım Bədirxan Başkeçidlinin, Rəşid Faxralının, Mehman Süleymanovun, mərhum Söhbət Səfərlinin, fotomüxbir Əli Qafarovun və başqalarının səy ilə cəbhə bölgələrindən, səngərlərdən hazırlanan materallar hərbi jurnalistika tariximizin qürur doğuran səhifələri, əbədiyaşar salnaməsidir. Ramiz müəlimin öz kadrları saydığı bu vətənpərvər insanlarla sonralar münasibətlərimiz daha da sıxlaşdı.

Təəssüf ki, mehriban və faydalı qonşuluğumuz cəmi 6 ay çəkdi. “Xalq Ordusu”na yanılmıramsa, ölkədə hərbi jurnalist ixtisaslı yeganə mütəxəssis olan Üzeyir Cəfərovun yerinə təsadüfi şəxsin baş redaktor təyinatına ciddi etiraza görə bir neçə nəfər əməkdaş işdən qanunsuz çıxarıldıq. Ancaq Səbail Rayon Məhkəməsinin qərarı ilə vəzifəmizə bərpa olunsaq da, buna yol verməmək üçün qəzetin nəşri dayandırıldı. Beləcə, Ramiz müəllimlə də ünsiyyətimizdə müvəqqəti fasilə yarandı. Ona görə müvəqqəti deyirəm ki, cəmi bir ay sonra Dövlət Sərhədini Mühafizə Komitəsinin “Sərhəd” qəzeti nəşr olunmağa başladı və artıq Müdafiə Nazirliyindəki işindən ayrılmış Ramiz müəllim bir neçə tanıdığı jurnalistlə bərabər məni də orada işləməyə dəvət etdi. Polkovnik Ramiz Məlikov bu qəzetin baş redaktoru, eyni zamanda, Komitənin Mətbuat və informasiya şöbəsinin rəisi idi. O, 1993-cü ilin martına qədər bu vəzifədə işlədi.

“Sərhəd” qəzeti və adını çəkdiyim şöbə ilə bağlı detallara varmadan, “Xalq Ordusu”nda tanış olduğum bir nəfər dəyərli insanı da xatırlamağı lazım bilirəm. Çünki Ramiz müəllimi həm də onun söhbətlərindən tanımışam. Özü də şair olan bu şəxs Azərbaycanın 250-dən çox klassik və çağdaş şairinin və aşığının əsərlərini rus dilinə məharətlə tərcümə etməklə Azərbaycan ədəbiyyatına layiqli xidmət göstərmişdir. Söhbət indi haqq dünyasında olan Vladimir Qafarovdan gedir. Həmişə minnətdarlıqla xatırlanan bu xeyirxah insanın xidmətləri arasında bayatılarımızın orijinal strukturunun saxlanılması ilə ilk dəfə rus dilinə tərcüməsi də var.

Vladimir Qafarov qəzetdə tərcüməçi işləyirdi. Onun tərcümələri yüksək səviyyəsi, orjinala yaxınlığı, dil, üslub xüsusiyyətlərinin qorunub saxlanması ilə seçilirdi. Siqaretin birini söndürməmiş digərini alışdıran, duzlu-məzəli söhbətləri ilə adamı valeh edən bu sadə insanın nurlu sifəti indicə görürmüş kimi gözümün önündədir. O, gənclik dostları, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsindən tanış olduğu böyük şairimiz Xəlil Rza Ulutürk və Ramiz Duyğun haqqında nə o vaxt, nə də sonralar eşitmədiyim (bəlkə mənə məlum olmayan hansısa mənbədə var – L.Ş.) hekayətlər danışırdı. O hekayətlərdən bir yarpaq. Deyirdi, “gənclik vaxtımızda həftədə, uzağı 10 gündən bir bizim evdə yığışırdıq. O vaxtlar Xəlilin və Ramizin mənzil şəraiti belə görüş üçün o qədər münasib deyildi. Anam deyirdi, onları tez-tez gətir ev yeməkləri yesinlər, nə gəldi atışdırıb mədə-bağırsaqlarını xarab etməsinlər. Mən də onları çağırırdım, ancaq əvvəlcədən Xəlillə şərt kəsirdik ki, yeyib-içəndən sonra qızışıb rusları söyməsin. Ramiz deyirdi ki, “axı, yazıq arvadın nə günahı var ki, rus doğulub, bir az insafın olsun, qəlbinə toxunma”. O da hər dəfə söz verirdi ki, “narahat olma, anan bizə qulluq edir, qarşımıza yemək qoyur, ona sağ ol, demək əvəzinə niyə yamanlayım”. Ancaq nə faydası. Eyni şeylər hər dəfə təkrarlanırdı. Ramiz yenə dilə tuturdu ki, “Xəlil qoca arvaddır, ruslara nə sözün var, Volodiyaya de. Heç olmasa bir yol özünü ələ al, daha mən o evin qapınsını açmağa xəcalət çəkirəm”. Xəlil də yenə gələn dəfə söz verir, bizi əmin edirdi. Ancaq yeyib-içəndən sonra, xüsusən də millət, vətən, tarixlə bağlı söhbətlər elə qızışırdı ki, bütün vədlər yaddan çıxırdı. “Mənfur rus”ların qarasınca ucadan və elə ürəkdən söyür, elə yamanlayırdı, yazıq anam mətbəxdən başını çıxarıb, çay istəyib-istəmədiyimizi soruşmağa da qorxurdu. Birtəhər sakitləşdirdikdən sonra belə bizə çay gətirən anam gözləri od saçan, hər dəqiqə kükryib-coşan bu adamdan çəkinirdi. Könlünü almaq üçün boynunu qucaqlaması belə həyacanını azaltmırdı. Ancaq nə anam, nə də mən ondan heç vaxt incimirdik. Olduqca saf, hamı üçün ürəyi nanə tək əsən bu “qorxulu” adam sakit vaxtlarında elə kövrək olurdu ki. Lap uşaq kimi. Bu xasiyyətinə yaxşı bələd olduğu üçün hər dəfə Ramiz eşitdiyi haqsız sözlərə görə anamdan üzr istəyir, “fikir vermə, Xəlildi də hislərini boğa bilmir, ancaq bilirsən ki, səni çox istəyir”, deyirdi.

Ramiz müəllimin bir xüsusiyyəti də xüsusi qeyd edilməlidir. O, nədən yazdığımıza deyil, necə yazdığımıza diqqət yetirir, qəzetdə hər müllifin öz üslubu, fərdiliyi ilə tanınmasına çalışırdı. Özü də yaradıcı insan, təcrübəli qələm sahibi olduğu üçün yaxşı yazını dəyərləndirməyi bacarır, az qala çapa gedən səhifəni belə dəyişməkdən çəkinmirdi. Belə vaxtlarda maketi təzədən tərtib etməli olan məsul katibin qəzetin çapının gecikəcəyi barədə etirazı da səmərə vermirdi.

Ramiz müəllim xidməti işə çox məsuliyyətlə yanaşır, dönə-dönə vurğulayırdı ki, müstəqil dövlətin sərhədlərini qoruyanlar da, onların fəaliyyətindən yazanlar da vicdanla xidmət etməli, sərhədçi adını uca tutmalı, hamının qarşısında alnıaçıq, üzüağ olmalıdırlar.

“Sərhədlərimiz bir daha qaçaqmalçılar, təxribatçılar üçün meydan olmamalıdır, nəyə qadir olduğumuzu öz işimizlə göstərməliyik, deyirdi”. Qəzetin və şöbənin əməkdaşları sonra şöbə rəisinin müavini olan Elşad Qoca, məsul katib Mahir Cavadlı, hərbi müxbirlər Qardaşxan Əzizxanlı, İlqar Quliyev, Rəbiyyə Şıxəliyeva, video operatorlar Azər İbadov, Füzulu Zəkizadə, fotomüxbir Elxan Bağırov  və başqaları belə də işlədilər. Azərbaycan tarix qarşısında ikinci dəfə sübut etdi ki, sərhədlərini öz milli qüvvələri ilə etibarlı surətdə qorumağa qadirdir. Ramiz müəllim demiş, bunu şüar kimi “iri başlıqlarla yazıb vətənin giriş qapısından” asmağa ehtiyac yoxdur. Hər şey ortadadır. Azərbaycanın dövlət sərhədləri dünən də, bu gün də əmin əllərdədir.

“Sərhəd” əməkdaşlarının sərhəd rayonlarına, həmçinin döyüş bölgələrinə müntəzəm ezamiyyələrə göndərilməsi qəzetin operativliyini artırır, onu daha maraqlı, oxunaqlı edirdi. Ramiz müəllimin xeyir-duası ilə biz Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Lənkəran, Cəlilabad, Astara, Yardımlı, Naxçıvan və digər yerlərdə xidməti ezamiyyələrdə olub, həm sərhəddən, həm də cəbhə xəttindən məqalələr yazır, reportajlar hazırlayırdıq. Bu gün arxivdə saxlanan həmin qəzetlər Birinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin şərəfli döyüş yolunun bələdçisi kimi, yaxın tariximizin obyektiv araşdırılmasında danılmaz əhəmiyyəti ola bilər. Həmin səfərlər zamanı etdiyimiz qeydlər hətta bu gün də çoxumuza qələmə əl atmağa stimul verir.

Həmkarımızın sərhəd dəstələrinin, hərbi texnika və silah-sursatın rus hərbçilərindən təhvil-təslim prosesindən hazırladıqları materiallar isə müstəqil dövlətin öz sərhədlərini hansı şəraitdə qorumağa başladığının, heç də az olmayan təxribat cəhdlərinin qarşısının alınmasının sübutu baxımından tarixi dəyər daşıyır. Bu mühüm vəzifələrin insidentsiz və operativ surətdə yerinə yetirilməsi üçün göstərilən səylər Azərbaycan sərhədçilərinin iradəsindən, vətənə sədaqətindən xəbər verir. Belə məqamlarda polkovnik Ramiz Məlikovun necə təmkinlə və dəqiq tapşırıqlar verməsi, məsələnin həllində nümayiş etdirdiyi səriştə də təqdirəlayiq idi. Nitqində şairliyindən gələn pafos duyulan bu səmimi insanın qəbul etdiyi qərarlar əksər hallarda qaynar təbiəti ilə ziddiyyət təşkil edirdi. Bəzən çoxları vəziyyəti çıxılmaz sayanda Ramiz müəllim durumu kardinal şəklidə dəyişən gözlənilməz variant təklif edirdi. Düşünürəm, həmkarlarımızın ona “ustad” deyə müraciət etməsi həm də də bununla bağlı idi.

O, ixtisasca həkim idi və bir müddət hərbi həkim kimi də fəaliyyət göstərmiş, hətta ATİ-nin hərbi kafedrasında şöbə müdiri işləmişdi. Ancaq haqlı olaraq bütün bunları özünün əsas missiyası saymırdı. Çünki tale ona başqa qismət yazmışdı. Onun missiyası mətbuat, informasiya sahəsində və şair kimi xalqına, vətəninə, dövlətinə xidmət etmək idi və layiqincə xidmət etdi də. İki mühüm dövlət qurumunda mətbuat və informasiya işini üstlənərək əsl peşəkar olduğunu göstərdi. Sıfırdan başladığı bu işləri təqribən 20 il ərzində uğurla davam etdirməklə, həmin sahədə neçə peşəkarın yetişməsinə də əmək sərf etdi, bilik və səriştəsini əsirgəmədi.

Ramiz Duyğunun bədii yaradıcılığı, xüsusi ilə şeirləri barədə ədəbiyyatşünas alimlərimizin fikir bildirməsi daha məqbuldur. Ancaq onun müharibə mövzusunda, səngər, intiqam ruhlu, faciələrimiz, dərdlərimiz barədə şeirlərindən qısa da olsa bəhs etməmək mümkün deyil. Dostu Xəlil Rza Ulutürk kimi tribun şair olan Ramiz Duyğunun, zənnimcə, ən təsirli şeirlərindən biri “Metroda Xocalıdan bir gəlin dilənirdi” idi.

İstəyirəm yarımın qanını qanla yuyam.

Elə hey yalvarıram, Allaha çatmır duam…

Bu dünyanın çayları hüsnündə tellənirdi,

MetrodaXocalıdan bir gəlin dilənirdi.

Onun əksər müharibə, səngər şeirləri çağırış ruhundadır və birbaşa Azərbaycan əsgərinə, vətənin xilaskarına ünvanlanıb.

Kişi öz torpağında yağıya baş əyərmi?

Görmürsənmi, korsanmı? Daşın, qayan da mərmi?

Hayqır, Azərbaycanım! Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?

Şuşa məni çağırır, Şuşa səni çağırır.

Sanki bu çağırışa hay verən qəhrəman Azərbaycan əsgəri düşmənə qan udduraraq Şuşanı, bütün Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. 2020-ci ilin payızında torpaqlarımızın işğaldan qurtuluşunu o da həyatının ikinci baharı sanırdı. Ömrün zirvəsində dayanan Ramiz müəllimin də həyatının ən ağır, ən məşəqqətli illəri geridə qalmışdı. Çox sevdiyi Qarabağ, Vətənin dilbər guşəsi azad idi, düşmən tapdağından qurtarılmış ərazilərimizdə bayraqlarımız dalğalanırdı. Ramiz Duyğun böyük sevincini, qəlbinə sığmayan duyğuları qələbə nəğmələrinə, Zəfər çələnginə çevirirdi. Qəhrəman Azərbaycan əsgərinin 44 gündə düşməni diz çökdürməsi onun da şeirlərinin əsas qayəsi, nidası olmuşdu.  İndi vətən göylərində olan ruhu bu amalla pərvazlanırdı. Ruhun şad olsun, Ramiz müəllim!

Lətif Şüküroğlu,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ehtiyatda olan polkovnik

2
Seçilən
88
1
redaktor.az

2Mənbələr