Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məsafədən bank hesabının açılması “Sima İmza” ilə mümkün olacaq
Ölkəmizdə rəqəmsal bankçılıq xidmətlərinin inkişafı və bu istiqamətdə təkmil hüquqi çərçivənin formalaşdırılması Mərkəzi Bank (MB) tərəfindən daim diqqət mərkəzində saxlanılır. Elektron bankçılıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi, habelə innovativ həllərin tətbiqinin dəstəklənməsi məqsədilə məsafədən bank açmaq xidməti daha da təkmilləşdirilməkdədir. MB-nın “Məsafədən hesabların açılması Qaydası”na etdiyi dəyişikliyə əsasən, martın 17-dən etibarən məsafədən bank hesablarının açılması yalnız gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Bu yenilik maliyyə institutlarından müştərilərin məsafədən identifikasiyası və autentifikasiyası prosesində yeni yanaşmaların tələbi nəzərə alınmaqla həyata keçiriləcək.
SİMA Rəqəmsal Həllər Platforması banklar da daxil olmaqla, bütün maliyyə qurumları üçün optimal və effektiv həll kimi çıxış etdiyindən məsafədən hesab açmaq alətinin də daha optimal və güclü platformaya inteqrasiyası nəzərə alınıb.
Belə ki, yeni qaydaların tətbiqi ilə maliyyə institutları müştərilərin məsafədən eyniləşdirilməsini müxtəlif üsullar vasitəsilə həyata keçirəcək ki, SİMA bu proseslərin hər biri üçün uyğun həlləri təmin edə biləcək. Qaydalara görə, hesab açılması zamanı istifadəçilərin foto çəkilişi vasitəsilə eyniləşdirilməsi “SİMA KYC” məhsulu vasitəsilə mümkün olacaq. Eləcə də videoqeydiyyat və ya videozəng əsasında eyniləşdirmə “SİMA KYC” platformasının eyniadlı həlləri ilə təmin ediləcək. Bu yanaşma maliyyə institutlarına müştərinin identifikasiyasını müxtəlif ssenarilər üzrə təhlükəsiz və çevik şəkildə təşkil etməyə imkan yaradır.
Ümumilikdə, məsafədən identifikasiya və autentifikasiya proseslərini ayrı-ayrı resurslar vasitəsilə həyata keçirmək əvəzinə, təkcə SİMA rəqəmsal imzanı tətbiq etməklə də həyata keçirmək mümkündür. Belə ki, “SİMA İmza” biometrik eyniləşdirmə və gücləndirilmiş elektron imza tələblərini vahid platformada birləşdirərək, yeni qaydanın bütün tələblərini təmin edir. Bu yanaşma bank əməliyyatlarının təhlükəsizliyini artırmaqla yanaşı, xidmətlərin daha sürətli və rahat şəkildə təqdim olunmasına şərait yaradacaq.
20 min manatadək hesab açdıqda “e-imza” tələb olunur
Qeyd edək ki, ölkəmizdə məsafədən bank hesabının açılması rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə tənzimləyici qurum blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihəni fəaliyyət planına uyğun olaraq həyata keçirməkdədir. 2022-ci ildən tətbiq olunan Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən, məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının birgə fiziki iştirakı olmadan elektron vasitələrlə nəzərdə tutulur. Müvafiq meyarlara görə, fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malikdir. 500 manatadək açılacaq hesab üçün elektron imza (“e-imza”) tələb olunmur. Bunun üçün sadəcə istifadəçi adı və parolu gərəkdir, hesab 10 dəqiqə ərzində aktiv olacaq. 6 min manatadək hesabın açılmasına da “e-imza”ya ehtiyac duyulmur. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazımdır. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə əlaqə saxlanılacaq və bütün danışıqlar (video görüntülü zəng) qeydə alınır və hesab açılır. Üçüncü meyara uğun olaraq sifarişçi 20 min manatadək hesab açdıqda isə “e-imza” tələb olunur. Fiziki şəxslərdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limit qoyulmayıb, ancaq onlardan istənilən halda hesab açmaq tələb edilir. Eləcə də, rezident fiziki şəxslər gücləndirilmiş müştəri autentifikasiyası və videozəng ilə məsafədən hesab açmaq imkanına malikdir.
Qərara əsasən, məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı “Fərdi məlumatlar haqqında” Qanun və digər hüquqi aktlar ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Bundan başqa, fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilməyəcək.
Videozənglə təkrar kimliyi təsdiq etməyə də ehtiyac qalmayacaq
Son illərdə ölkədə rəqəmsal arxitekturanın möhkəmləndirilməsi məsafədən hesab açılması xidmətini ön plana çıxardığından MB bu sahədə xidməti təkmilləşdirmək və daha güclü identifikasiya sistemini tətbiq etmək qərarına gəlib. Nəticədə, SİMA - bulud əsaslı yeni nəsil rəqəmsal imza bank sektorunda əsas alət kimi nəzərdə tutulacaq. Yeni nəsil imzanın üstünlüyü həm də ondan ibarətdir ki, vətəndaşlar və fərdi sahibkarların müvafiq əməliyyatın həyata keçirilməsi üçün artıq müştərinin banka getməsinə və ya əvvəlki kimi videozənglə təkrar kimliyini təsdiqləməsinə ehtiyac yoxdur. SİMA rəqəmsal imzaya sahib olan şəxslər bank hesabının açılması üçün müştərisi olduğu banka onlayn qaydada müraciət edərək sonda təsdiq üçün sənədləri məhz elə SİMA gücləndirilmiş elektron imza ilə anında imzalaya bilərlər.
Beləliklə, məsafədən bank hesabı açmaq üçün elektron imza sistemi daha innovativ rəqəmsal platforma üzərindən - gücləndirilmiş “Sima İmza” ilə aparılacaq. Qaydaların təkmilləşdirilməsi ilk növbədə məsafədən bank xidmətlərinin əldə olunması imkanlarını genişləndirməklə, bank hesabının açılması prosesini rəqəmsal müstəvidə icrasını təmin edəcək. Bu isə bank və maliyyə sektorunda vətəndaşların hesablarındakı vəsaitlərin daha etibarlı qorunması və təhlükəsizlik modelinin qurulmasına imkan verəcək.
E.CƏFƏRLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.