ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 mart, AZƏRTAC
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının 3-cü dövrünə start verilib və proqrama yeni 50 tələbə qız qoşulub.
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib. Bildirilib ki, bu münasibətlə keçirilən görüşdə Təhsilin İnkişafı Fondunun, “NEQSOL Holding”in və qrup şirkətlərinin nümayəndələri, mentorlar və proqram iştirakçıları bir araya gəliblər.
“NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə bildirib ki, “Parla” proqramı gənc xanımların bacarıqlarının inkişafı, peşəkar şəbəkələrinin genişləndirilməsi və özünəinamının artırılması üçün dəstəkləyici mühit formalaşdırır. Proqram iştirakçılara təlimlər, mentorluq, təcrübə və digər praktiki imkanlar vasitəsilə təhsildən əmək bazarına uğurlu keçid üçün zəruri dəstək göstərir.
Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov proqramın gənc xanımların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların potensialının reallaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, proqram yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, eyni zamanda, iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş geniş imkanlar yaradır, onların yeni bilik və bacarıqlar əldə etməsinə, peşəkar şəbəkələrə inteqrasiyasına şərait yaradır.
Rəsmi çıxışlardan sonra proqramı başa vuraraq əmək fəaliyyətinə başlayan məzunlar öz təcrübələrini və uğur hekayələrini iştirakçılarla bölüşüblər.
Xatırladaq ki, “Parla” təqaüd və inkişaf proqramı 3 ildir uğurla icra olunur. Proqram çərçivəsində iştirakçılar aylıq təqaüdlə təmin olunur, eyni zamanda, hərtərəfli inkişaf imkanları əldə edirlər. Buraya ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq dəstəyi, “NEQSOL Holding”in şirkətlərində təcrübə imkanları, həmçinin “NEQSOL Academy” vasitəsilə rəqəmsal təhsil resurslarına çıxış daxildir.
İndiyədək proqram çərçivəsində 150 tələbə qız təqaüdlə təmin edilib. Onlardan 41-i proqramı uğurla tamamlayaraq əmək fəaliyyətinə başlayıb və təhsilini ölkə daxilində, ya da xaricdə davam etdirir. Hazırda yeni qoşulan iştirakçılar da daxil olmaqla, 109 nəfər proqramda iştirak edir.
2023-cü ildə təsis edilmiş “Parla” təqaüd və inkişaf proqramı qısa müddətdə qızların təhsilinə dəstək üçün güclü platformaya çevrilib. 2025-ci ildə bu təşəbbüs təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə “Böyük işəgötürənlər üçün Stevie®” mükafatlarının qızıl və gümüş kateqoriyalarına layiq görülərək beynəlxalq səviyyədə tanınıb.











Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.