AZ

Xalqın yaddaşını simlərdə yaşadanlar: Qazaxdan ucalan saz sədası

Qazax, 19 mart, AZƏRTAC

Qazax rayonu təkcə aşıqları ilə deyil, həm də mahir sazbəndləri ilə tanınır. Bu bölgədə saz sadəcə musiqi aləti deyil, həm də xalqın yaddaşı, ruhu və tarixin canlı daşıyıcısıdır. Əsrlər boyu bu torpaqda formalaşan ustad-şagird ənənəsi sayəsində sazın hazırlanma sirləri nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatıb. Qazax sazbəndlərinin əllərində canlanan hər bir alət həm də bu qədim yurdun sənət eşqini və milli kimliyimizi dünyaya bəyan edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazaxda fəaliyyət göstərən ustalar bu irsi qoruyaraq onu gələcək nəsillərə çatdırırlar. Bu ənənəni yaşadan sənətkarlardan biri də Elvin Adıgözəlovdur.

Saz Azərbaycan xalqının ən qədim musiqi alətlərindən biri olmaqla yanaşı, aşıq sənətinin əsas çalğı alətidir. Azərbaycan aşıq sənətinin UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sənətin bəşəri dəyərini bir daha sübut edir. Əsrlər boyu sazın sədaları toy məclislərində, el şənliklərində və dastan ifalarında səslənərək, xalq məişətinin ayrılmaz hissəsinə çevrilib.

Qazax şəhərində yaşayan sazbənd Elvin Adıgözəlov artıq 26 ildir bu işlə məşğuldur. Bildirir ki, son illər saza maraq xüsusilə artıb. "Sazın hazırlanmasında əsasən iki növ ağacdan istifadə edirik: tut və qoz. Çanaq hissəsi tut ağacından, qol hissəsi isə qoz ağacından hazırlanır. Biz əsasən kəndlərdən gətirilən yaşlı, vaxtını keçmiş ağaclara üstünlük veririk. Bu iş göründüyü qədər asan deyil," – deyə usta qeyd edir.

Sazbəndin sözlərinə görə, materialın hazır vəziyyətə gəlməsi böyük səbr tələb edir. Xammalın tam quruması üçün bəzən illər lazım olur. Lakin material hazır olduqdan sonra sazı bir həftədən bir aya qədər müddətə ərsəyə gətirmək mümkündür. Ağacın təbii şəkildə quruması alətin həm ömrünü uzadır, həm də gələcəkdə səsinin daha dolğun və təmiz çıxmasını təmin edir. Ustanın hər bir yonma hərəkəti, çanağın dəqiqliklə ölçülməsi və pərdələrin düzülüşü saza sadəcə forma vermir, həm də ona özünəməxsus bir ruh bəxş edir. Bu səbəbdən də hazır olan hər bir saz sənətkarın aylarla, bəzən isə illərlə çəkdiyi zəhmətin ən dəyərli bəhrəsidir.

Hazırda Elvin ustanın hazırladığı sazlara ölkənin hər yerindən — Bakıdan, Gəncədən və digər bölgələrdən sifarişlər gəlir. Sazların qiyməti keyfiyyətindən və ölçüsündən asılı olaraq 100 manatdan 500 manatadək dəyişir. Usta xüsusilə gənclərin və yeniyetmələrin bu sənətə meyl etməsindən məmnundur.

Rayon sakini Vidadi Məhərrəmov da nəvəsi üçün məhz Elvin ustanın yanına gəldiyini bildirir: "Müəllimi tövsiyə etdi ki, sazı buradan götürək. Qazaxda saza sevgi sonsuzdur. İstəyirik ki, balalarımız bu qədim sənətin davamçıları olsunlar”. Onun sözlərinə görə, ailələrdə uşaqlara kiçik yaşlarından saz sevgisinin aşılanması həm də milli mənəvi dəyərlərin qorunması deməkdir.

Sazbəndlik təkcə ağacı yonmaq deyil, həm də səs harmoniyasını və materialın ruhunu anlamaq sənətidir. Ustanın hər toxunuşu cansız ağac parçasını elin dərdini-sərini, sevincini dilə gətirən bir həmsöhbətə çevirir. Bu sənətin yaşadılması həm də Qazaxın aşıq mühitinin nəfəs alması, ulu babalarımızdan miras qalan ozan-aşıq mədəniyyətinin qorunmasıdır. Bu gün Qazax sazbəndləri ustad-şagird ənənəsini yaşadaraq, Azərbaycanın milli kimliyinin bir parçası olan sazın səsini gələcəyə daşıyırlar. Sazbəndlik emalatxanası sadəcə iş yeri deyil, gənc nəslin həm sənət öyrəndiyi, həm də öz köklərinə bağlandığı bir məktəb missiyasını yerinə yetirir.

 
Müxbir – Ruslan Novruzoğlu
Seçilən
19
1
azertag.az

2Mənbələr