Bakı, 19 mart, AZƏRTAC
Təkcə Cənubi Qafqazda deyil, həm də bütün regionda daşları yerindən oynadan 44 günlük müharibənin ilk həftələrində siyasi leksikona atılan “Zəngəzur dəhlizi” ifadəsi artıq reallaşmağa çox yaxındır. Bu, uzun müddət dondurulmuş münaqişənin ardından Şərq-Qərb dəhlizində yeni nəqliyyat-logistika və turizm marşrutlarının yaradılması, Avropa-Çin arasında Şimal və Cənub dəhlizlərinin təhlükəli hala gəlməsi ilə daha da real olub və qlobal aktorların da maraqlarına tam cavab verir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov deyib.
O bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası deyildir.
“Belə ki, hazırda 5-ci ilinə girmiş Rusiya-Ukrayna müharibəsi və davam edəcəyi indidən proqnoz edilən İran-ABŞ qarşıdurması fonunda qlobal təhlükəsizlik arxitekturasının pozulması ilə regional, qlobal ticarət və enerji bazarında da böhran yaşanmaqdadır. Bu isə öz növbəsində iqtisadi və siyasi əməkdaşlıqda sınaqdan çıxmış Azərbaycana olan etibarı daha da artırır, dövlət başçımızın siyasətini dəstəkləyən dostlarımızın da çoxalmasına səbəb olur. Artıq Ermənistana Azərbaycan neft məhsullarının göndərilməsi və tranzit olaraq bu ölkəyə göndərilən digər yüklərin də Azərbaycandan keçməsi bölgənin uzunmüddətli sülh yolundakı mühüm addımlardır. Gələcəkdə bu əlaqələrin Mərkəzi Asiya-Bakı-Naxçıvan-İstanbul üzərindən də yaradılması isə Zəngəzur dəhlizinin regional güc balansında ən çox faydalı, eyni zamanda, ən az riskli bir nəqliyyat-kommunikasiya layihəsi olacağını deməyə əsas verir”, - deyə Əli Cabbarov vurğulayıb.